İran ABŞ-nin təqdim etdiyi son təkliflə bağlı əlavə məsələlərin qarşı tərəfə çatdırılacağını açıqlayıb.
“Bakupost” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin son təklifinin əvvəlki təkliflərlə demək olar ki, eyni olduğunu və nüvə məsələlərini əhatə etdiyini bildirib.
Onun sözlərinə görə, İranın əsas diqqəti Hörmüz boğazı məsələsinə yönəlib. Tehran boğazda təhlükəsizliyin təmin edilməsini, ABŞ-nin İranın dəniz daşımalarına müdaxiləsinin dayandırılmasını və sanksiyaların aradan qaldırılmasını tələb edir.
Bəqayi İranın diplomatiyaya heç vaxt arxa çevirmədiyini deyib. O, həmçinin Körfəz ölkələri ilə dialoqu davam etdirmək niyyətində olduqlarını bildirib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə ABŞ-yə təqdim etdikləri 7 şərt yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirib.
Qalibaf İranın Qətərin vasitəçiliyi ilə ABŞ-yə təklif göndərdiyini və birtərəfli tələblər dövrünün başa çatdığını deyib.
Onun sözlərinə görə, ABŞ İranın mövqeyini yaxşı bilir və iqtisadi təzyiqlərlə yanaşı, hərbi addımlar və təhdid ritorikasını da artırır. Qalibaf ABŞ rəsmilərinin ziddiyyətli açıqlamalarının İran ictimaiyyətində çaşqınlıq yaratmağa yönəldiyini bildirib.
Qeyd edək ki, İran daha əvvəl Hörmüz boğazının açılması ilə bağlı ABŞ-yə 7 şərt təqdim edib. ABŞ Prezidenti Donald Trump isə İranın şərtlərini qəbul etmədiklərini açıqlayıb.
Vüsalə Hüseynova,
BakuPost