Hörmüz boğazında vəziyyət daha da gərginləşir.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, İranın kamikadze pilotsuz uçuş aparatının tankeri vurması nəticəsində gəmidə güclü yanğın baş verib.
Hadisənin görüntüləri ərazidə olan şəxslər tərəfindən lentə alınıb. Videodan görünür ki, dronun zərbəsindən dərhal sonra tanker alova bürünür və qısa müddətdə güclü yanğın başlayır. Zərbə gəminin üst hissəsində ciddi dağıntılara səbəb olub.
Son günlər Hörmüz boğazında baş verən hərbi insidentlər dünya enerji bazarına birbaşa təsir göstərməyə başlayıb. Analitiklərin sözlərinə görə, qlobal neft ticarətinin mühüm hissəsinin keçdiyi bu strateji marşrutda təhlükəsizlik risklərinin artması bazarlarda ciddi narahatlıq yaradıb.
Mütəxəssislər bildirirlər ki, bölgədə gərginliyin artması fonunda neft qiymətlərində də yüksəliş müşahidə olunur. Çünki dünya üzrə ixrac olunan neftin əhəmiyyətli hissəsi məhz Hörmüz boğazından daşınır və burada baş verən hər bir insident qlobal enerji təchizatına təsir edə bilər.
Eyni zamanda bölgədə davam edən hərbi qarşıdurma riskinin genişlənməsi ehtimalı da diqqət mərkəzindədir. ABŞ, İsrail və İran arasında artan gərginlik fonunda Fars körfəzi və Hörmüz boğazı son günlər ard-arda baş verən insidentlərlə gündəmdə qalmaqdadır.