İran Vaşinqtonu münaqişənin ABŞ ərazisinə daşına biləcəyi ilə hədələyib.
İran Silahlı Qüvvələri hazırda ənənəvi döyüş üsullarından istifadə edir və asimmetrik taktikalara keçməyə ehtiyac görmür. Lakin zərurət yaranacağı təqdirdə münaqişə birbaşa ABŞ ərazisinə daşına bilər.
“Bakupost” xəbər verir ki, belə bir bəyanatla İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəğdi çıxış edib.
“Biz hazırda asimmetrik deyil, ənənəvi müharibə aparırıq”, – deyə Nəğdi bildirib.
O qeyd edib ki, asimmetrik müharibəyə keçid ABŞ ərazisində, o cümlədən Wall Street və Manhettendə hədəflərin vurulmasını nəzərdə tuta bilər.
Bəs İran münaqişəni birbaşa ABŞ ərazisinə daşıya bilərmi? Tehranın buna gücü çatarmı?
Siyasi şərhçi
Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, İranı belə bir yanaşmaya Ukraynanın Rusiya ilə müharibədə tətbiq etdiyi taktika sövq edib:
“Hazırda İran olduqca çətin vəziyyətdədir. Bu vəziyyətdən çıxmaq üçün müxtəlif savaş metodlarını sınaqdan keçirməyə çalışır. Onlardan biri də Ukrayna örnəyinin təkrarlanmasıdır. Ukrayna Rusiya ilə savaşda müharibəni onun öz ərazisinə keçirməyə nail olub. Bununla da Rusiya üçün çətin vəziyyət yaranıb. Böyük ehtimalla, rəsmi Tehran da bu metodun effektiv olduğunu qəbul etməyə başlayıb. Ona görə də Vaşinqtonu müharibəni ABŞ ərazisinə keçirməklə təhdid edir”.
Amma ekspertin sözlərinə görə, Ukrayna ilə İranın bu istiqamətdə imkanları tamamilə fərqlidir:
“Ukrayna ilə Rusiya qonşu ölkələrdir. Digər tərəfdən, kollektiv Qərb Kiyevə hərbi-texniki dəstək göstərir. Nəticədə Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirmək imkanı əldə edir. İranın isə ABŞ ərazisinə zərbə endirmək imkanları xeyli məhduddur. İranın uzaqmənzilli raketləri var. Ancaq bu raketlərin ABŞ ərazisinə nə dərəcədə effektiv zərbə endirə biləcəyi kifayət qədər şübhəlidir”.
Müsahibimiz qeyd edib ki, tərəflər arasındakı böyük coğrafi məsafə İranın imkanlarını daha da məhdudlaşdırır:
“Belə bir məsafədən İranın ABŞ ərazisinə effektiv zərbə endirməsi olduqca çətindir. ABŞ-nin hava hücumundan müdafiə sistemləri də İran raketlərinin ölkə ərazisinə çatmasını ciddi şəkildə çətinləşdirir. Bir sözlə, İranın müharibəni Amerika ərazisinə keçirmək imkanları məhduddur və bunun real nəticə verəcəyi də inandırıcı görünmür”.
Rüfət Sultan
BakuPost