Ru
14:25 / 19 Mart 2026

İrana qarşı yeni hərbi ittifaq yaranır? - Əl-Riyaddan gələn mesajın şifrələri

İrana qarşı yeni hərbi ittifaq yaranır? - Əl-Riyaddan gələn mesajın şifrələri
Eye

İran ətrafında davam edən müharibə fonunda ərəb və İslam ölkələri xarici işlər nazirlərinin Əl-Riyadda keçirilən görüşü regionda yeni siyasi xəttin formalaşmasına gətirib çıxara bilər. Görüşün sonunda tərəflərin qəbul etdiyi birgə bəyanat Tehran üzərində təzyiqin artdığının göstəricisi olmaqla yanaşı, ona qarşı daha geniş koalisiyanın yarana biləcəyinə də işarə sayıla bilər.

Mövzu ilə bağlı Bakupost.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, İran təxribatlardan əl çəkməsə ona qarşı yeni bir ittifaqın yaranması da mümkündür:

“Səudiyyə Ərəbistanında keçirilən toplantı təxribatları dayandırmasa, körfəz və qonşu ölkələrə raket, dron atmağa davam etsə, qarşısında ABŞ-İsrail ittifaqı ilə yanaşı, başqa bir ittifaq da görəcək. Yəni İranın təxribatlarına kollektiv şəkildə cavab vermək üçün belə bir ittifaqın formalaşması mümkündür. Bu isə İranın problemlərini daha da artıracaq”.

Politoloq bu xəbərdarlığa rəğmən, Tehranın təxribatlara son qoyacağını düşünmür:

“Çünki hazırda İranda hakimiyyət boşluğu var. Bundan istifadə edən SEPAH isə əslində hakimiyyəti ələ alıb və alovu ətraf bölgələrə də yaymağa çalışır”.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanın paytaxtı Əl-Riyadda Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə görüş baş tutub.
Görüş iştirakçıları İranı körfəz ölkələri və digər qonşularına hücumlara son qoymağa çağırıblar.

Tədbir iştirakçıları həmçinin Körfəz Ərəb dövlətlərinin "özünümüdafiə hüququna malik olduğunu" təsdiqləyərək, İran təcavüzünün qarşısını almaq üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər
.
Səudiyyə Krallığının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud eyni zamanda bildirib ki, İranın Körfəz ölkələrinə hücumları qarşısında Ər-Riyadın səbri "sonsuz deyil" və Səudiyyə Ərəbistanı iqtisadi və diplomatik tədbirlərdən istifadə etməyə hazırdır.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar