Ru
10:39 / 03 Mart 2026

İranda baş tutacaq 3 ssenari: Vətəndaş müharibəsi başlayır?

İranda baş tutacaq 3 ssenari: Vətəndaş müharibəsi başlayır?
Eye

“Prezident Tramp bəyan etdi ki, əsas strateji məqsəd İranın nüvə proqramından imtina etməsi, raket proqramının məhdudlaşdırılması, İranda rəsmi Vaşinqtonla əməkdaşlıq edəcək hökumətin qurulmasıdır. Yəni hücum edən tərəfin məqsədləri bəllidir. Qısa ifadə etsək, ABŞ İranın siyasi idarəetmə formasının dəyişməsini, mövcud dini ideologiyanın dövlət ideologiyasından çıxmasını tələb edir”.

Bu sözləri Bakupost.az-a politoloq Zaur İbrahimli ABŞ-İsrail-İran münaqişəsini şərh edərkən bildirib.

O deyib ki, ABŞ-nin bu məqsədlərə tam nail ola biləcəyini, yoxsa qismən uğur qazanacağını demək tezdir. Lakin qeyd olunan hədəflər maksimum səviyyədə məqsədlərdir:


“Tramp bu məqsədlərə tam nail olmasa da, bu məqsədlərdən irəli gələn hədəflər var. Bu hədəflərdən biri də İranın İsrailə və regiondakı ABŞ müttəfiqlərinə, həm də ABŞ maraqlarına təhdid törədən ölkə statusunu əlindən almaqdır. Yəni İranın hərbi-iqtisadi potensialına elə zərbələr vurmaq istəyir ki, hakimiyyət dəyişməsə də, İran regiondakı ABŞ maraqlarına təhdid törədəcək qüvvəyə və potensiala malik olmasın.

Bu hədəfə çatmaq üçün ABŞ-nin kifayət qədər böyük imkanları var. İrana hərbi zərbələr onu da göstərir ki, davamlı olarsa, nə qədər cavab zərbələri endirilsə də, İran ABŞ və İsrailin bu gücü qarşısında faktiki olaraq müdafiəsiz vəziyyətdədir. ABŞ və İsrailin indiki hərbi imkanları yetərlidir ki, İranın hərbi və nüvə potensialını sıradan çıxarsınlar”.

Z. İbrahimli vurğulayıb ki, ABŞ və İsrail təzyiqləri mərhələli şəkildə davam etdirəcək:

“Prezident Tramp İrana təzyiq məsələsində ardıcıl xətt tutub. 2019-cu ildə ABŞ-ni İranla nüvə sazişindən çıxardı, sanksiyaları bərpa etdi. Aİ ölkələrini məcbur etdi ki, bu sanksiyalara qoşulsunlar. Nəticədə İranda sosial-iqtisadi vəziyyət fəalkətli həddə çatdı. Hazırda ABŞ və İsrailin İrana təzyiq amilləri çoxdur. Bu təzyiq davamlı xarakter alacaqsa, İranın indiki formatda müqaviməti davam etdirmək imkanı olmayacaq. Çox böyük ehtimalla İran indiki siyasi hakimiyyəti belə effektiv nəzarəti uzun müddət saxlaya bilməyəcək, ölkədə sosial-iqtisadi vəziyyət durmadan pisləşməyə doğru davam edəcək.
O cümlədən ölkə daxilində vəziyyətin sabit saxlanacağına ümidlər azdır. Çünki son etirazlar zamanı minlərlə insan qətlə yetirildi, yüzlərlə insan barəsində edam hökmü çıxarılıb. Həmçinin son 7 ildə davam edən sosial etiraz aksiyaları göstərir ki, mərkəzi hakimiyyətin legitimliyi itib, sadəcə güc strukturları və dövlət resurslarından qidalanan müxtəlif yarım rəsmi qurumlar şəbəkəsi hesabına mövcudluğunu davam etdirir”.

Z.İbrahimlinin sözlərinə görə, bu zaman 3 əsas baza ssenari nəzərdən keçirilir:

“Bu ssenarilərdən biri siyasi etirazlarla mərkəzi hakimiyyətin mərhələ-mərhələ dəyişdirilməsidir. İndiki idarəetmə strukturu qalmaqla, mötədim şəxslər qərarvermə səviyyəsinə gəlib çıxır, onların da qərb ölkələri ilə anlaşaraq mərhələ-mərhələ dəyişikliklər aparırlar.

Digər baza ssenari isə xalq kütlələrinin iğtişaşları nəticəsində mərkəzi hakimiyyətin birdən-birə ölkəyə nəzarəti itirməsi, faktiki olaraq inqilabın baş verməsidir. Bu zaman dəyişiklik daha tez baş verəcək və çox böyük ehtimalla, zamanında İraqda və ya Suriyadakı proseslərdəki olduğu kimi, müvəqqəti idarəetmə strukturları yaradılacaq və həmin strukturlar müəyyən proqramla ölkədəki dəyişiklikləri idarə etməyə çalışacaqlar.

Üçüncü və ən arzuolunmaz ssenari isə ölkədə vətəndaş müharibəsinin başlamasıdır. Bir müddət əvvəl bunun ilkin əlamətləri görüldü. Xüsusilə etnik zəmində vətəndaş müharibəsinin başlaması realdır. Hətta bir çox analitiklər bunu əsas baza ssenari kimi görürlər. Bu ssenari baş tutsa, faktiki olaraq İranın parçalanması və ölkədə Liviya və Suriya ssenarilərinin başlanması, müxtəlif qrupların nəzarət etdiyi ərazilərin yaranması ilə nəticələnə bilər”.

Politoloq bildirib ki, ABŞ-nin hazırda istədiyi Venesuela nümunəsində olduğu kimi qərarvermə mərkəzlərinə daha mötədim şəxslərin gəlməsi, onların danışıq yolu ilə kapitulasiya ssenarisini həyata keçirməsi və ABŞ-nin irəli sürdüyü proqram çərçivəsində addımlar atmasıdır.

Onun fikrincə, hələlik bu ssenarilər ehtimallar səviyyəsində qalır və görünən budur ki, ABŞ Ali dini lider öldükdən sonra qərarvermə səlahiyyətinə malik şəxslərlə və qruplarla danışıqlar aparır. Növbəti addımlar isə məhz bu danışıqların nəticəsindən asılı olacaq.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar