“Universitetlərin yenidən açılmasını xalqın hayqırtısına çevirdiniz və universitetlə xalq arasındakı möhkəm bağlılığı nümayiş etdirdiniz. Siz göstərdiniz ki, İran yaşayır və xalqın iradəsi sönməzdir”.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi hakimiyyət əleyhinə etiraz aksiyaları keçirən tələbələrə müraciətində deyib.
“Atam təxminən əlli il əvvəl gələcək nəsillərin onun və xidmətlərinin necə qiymətləndirəcəyini proqnozlaşdırmışdı. Bu gün siz tarixə cavab verdiniz. Onun ruhu şaddır, çünki görür ki, İranın övladları ayıqdır, cəsarətlə və şüurla İranı geri almaq üçün müqavimət göstərirlər”, - o bildirib.
Rza Pəhləvi etirazların davam etməsinin vacibliyini vurğulayıb:
“Birləşin. Möhkəm dayanın. Yaralı vətənimizin normal olduğu təsəvvürünün yaranmasına imkan verməyin. Xalqımız öldüyü, qardaş-bacılarımız edam edildiyi, ata-analarımız, həyat yoldaşlarımız və uşaqlarımız kədərləndiyi müddətcə, bu qaranlıq gecə sona çatana və İran bu işğalçı rejimin əlindən azad olunana qədər heç nə normal deyil və mübarizəmiz davam edəcək.
Gələcək sizindir, çünki susmadınız, ayağa qalxdınız və möhkəm dayandınız. Biz birlikdə İranı geri alacaq və onu yenidən quracağıq”.