İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Hörmüz boğazının idarəetməsi heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.
O qeyd edib ki, beynəlxalq qaydalara əməl olunacaq, amma İran Hörmüz boğazına nəzarət edəcək.
Beynəlxalq dəniz hüququna və BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, Hörmüz boğazı beynəlxalq əhəmiyyətli tranzit keçid yolu sayılır və beynəlxalq sular statusuna malikdir. Bütün dövlətlərin gəmiləri burada maneəsiz və təhlükəsiz tranzit keçid hüququna malikdirlər.
Tehran isə hələ də boğaza nəzarətdən danışır.
“Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri, siyasi şərhçi Arif Əliyev
Bakupost.az-a bildirib ki, Hörmüz boğazı ilə bağlı əvvəlki vəziyyətə tam olaraq qayıdılmayacaq:
“İstər beynəlxalq qaydalardan, istərsə də ətraf ölkələrin hüquqlarından irəli gələn məqamlarda müəyyən boşluqlar var. Bu əsasda məsələyə indiki halda birmənalı cavab vermək çətindir. Amma ehtimal ki, Hörmüz boğazı ilə bağlı tam olaraq əvvəlki vəziyyət bərpa olunmayacaq. Ona görə ki, əvvəlki vəziyyət ciddi böhrana gətirib çıxartdı”.
Ekspert bütövlükdə sözügedən yolun hər hansı bir dövlətin tam nəzarətinə keçəcəyini də düşünmür:
“Bu səbəbdən boğazın gələcək yeri ilə bağlı həm variantlar genişləndirilməli, həm də idarəçilik mexanizmi hansısa daha dəqiq formaya salınmalıdır. Amma son nəticədə məsələnin hansı şəkil alacağını hələlik söyləmək çətindir. Çünki ABŞ ilə İranın bəyanatları bəzi nöqtələrdə bir-birinə tam ziddir. O dərəcədə ziddir ki, bir sıra hallarda hər iki tərəf ayrılıqda boğazın məhz öz nəzarətlərində olacağını bəyan edirlər. Eyni zamanda, digər körfəz ölkələri tərəfindən də müəyyən təkliflər var”.
Amma bununla yanaşı, həmsöhbətimizin sözlərinə görə, İranın boğazla bağlı müəyyən istəkləri nəzərə alınacaq:
“ABŞ də gördü ki, İranın mövqeyini tam kənara qoymaqla məsələni həll edə bilmir. Ona görə də bu və ya digər formada Tehranın istəkləri də nəzərə alınmalıdır. Lakin sonda son variant nə İran, nə də ABŞ-nin maksimal istəklərinə uyğun olmayacaq”.
Rüfət Sultan, BakuPost