Ru
16:32 / 06 Mart 2026

İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır

İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır
Eye

İranın ABŞ və İsraillə müharibədə istifadə edə biləcəyi raket və pilotsuz uçuş aparatlarının nə qədər müddətə yetəcəyi sualı beynəlxalq hərbi ekspertlər arasında geniş müzakirə olunur. Tehran əsasən öz istehsalı olan silahlara güvəndiyi üçün müharibəni uzun müddət davam etdirə biləcəyini iddia edir.

Bakupost.az “The New York Times”a istinadən xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani müharibənin üçüncü günündə bildirib ki, İran ABŞ-dən fərqli olaraq uzunmüddətli qarşıdurmaya hazırlaşıb. Onun sözlərinə görə, fevralın 28-dən başlayan müharibədən sonra İran rəhbərliyi eyni mesajı verir: “Nəyin bahasına olursa-olsun, biz özümüzü müdafiə edəcəyik”.

Hazırda ABŞ və İsrail İran ərazisində koordinasiyalı hərbi əməliyyatlar aparır. Hücumlar əsasən yüksək vəzifəli şəxsləri və hərbi infrastrukturu hədəfə alır. Tehran isə cavab olaraq İsrailə və Fars körfəzi regionunda yerləşən Amerika hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.

“United States Central Command” rəhbəri Brad Kuper bildirib ki, İran martın 4-dək həyata keçirdiyi hücumlarda 500-dən çox ballistik raket və 2000-dən artıq pilotsuz uçuş aparatı istifadə edib. ABŞ hərbçiləri iddia edir ki, bu hücumların bir qismi mülki hədəfləri də əhatə edib.

Bununla belə, ekspertlər İranın real silah ehtiyatlarının dəqiq bilinmədiyini deyirlər. Anonimliyi saxlanma şərti ilə KİV-ə silah mütəxəssisinin sözlərinə görə, İranın nə qədər ballistik raket və pilotsuz uçuş aparatına (PUA) malik olduğunu yalnız təxmin etmək mümkündür. Onun fikrincə, İranın uzunmənzilli raket proqramının zəif tərəfləri daha əvvəl də üzə çıxmışdı. Xüsusilə 2024-cü ilin oktyabrında “HƏMAS” lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə raket atılması nəticəsində bu proqramın dəqiqliyi ilə bağlı problemləri məlum olmuşdu.

Mütəxəssis qeyd edir ki, İranın uzunmənzilli raketləri hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətində deyil. Bu isə proqramın yalnız çəkindirici funksiyasını zəiflədir və eyni zamanda real müharibə şəraitində psixoloji baryerin aşılmasına gətirib çıxarır.

Müharibə başlayanda İsrail ordusu İranın təxminən 2500 ballistik raketə sahib olduğunu hesablayırdı. Lakin bu ehtiyatların bir hissəsi artıq istifadə edilib, bir hissəsi isə ABŞ və İsrailin hücumları nəticəsində məhv edilib. Həmçinin bəzi raketlərin bombardman edilən anbarların dağıntıları altında qaldığı ehtimal olunur.

İnternetdə yayılan peyk görüntüləri İranın Kirmanşah, Kərəc, Xürrəmabad və Təbriz şəhərlərində yerləşən raket bazalarına endirilən zərbələri göstərir. Görüntülərdə yeraltı anbarların girişlərinin dağıldığı və tunellərin çökdüyü iddia olunur.

Ekspertlərin sözlərinə görə, mobil raket buraxılış sistemləri də intensiv şəkildə izlənilir. Bir neçə il əvvəl bunu etmək çətin olsa da, müasir texnologiyalar sayəsində belə sistemləri müəyyən etmək daha asanlaşıb. Bununla belə, nə qədər raketin və buraxılış qurğusunun məhv edildiyi hələ dəqiq məlum deyil.

Eyni zamanda İran PUA istehsalında daha çevik imkanlara malikdir. Bu aparatların istehsalı üçün böyük zavodlara ehtiyac olmur və onlar kiçik obyektlərdə də hazırlanır. Daha əvvəl sızdırılan rus sənədlərinə görə, İran ayda təxminən 5000 pilotsuz aparat istehsal edə bilir.

Məsələn, “Shahed 136” tipli kamikadze PUA-sının istehsalı İrana cəmi bir neçə min dollara başa gəlir. Halbuki onları zərərsizləşdirmək üçün istifadə olunan ABŞ istehsalı “Patriot” zenit raketinin bir ədədinin qiyməti təxminən üç milyon dollar təşkil edir.

“The New York Times” peyk görüntülərinə və təsdiqlənmiş videolara əsaslanan məlumatlara istinadla yazır ki, müharibənin ilk üç günündə İran Yaxın Şərqdə yerləşən ən azı yeddi ABŞ hərbi bazasına və ya onların yaxınlığındakı kommunikasiya və radar sistemlərinə zərər vurub.

Ekspertlərin fikrincə, Tehran bu cür hücumlarla ABŞ ordusunun regiondakı əlaqə və koordinasiya imkanlarını zəiflətməyə çalışır. Lakin Amerika hərbi kommunikasiya infrastrukturu yüksək məxfilik altında saxlandığı üçün hansı sistemlərin həqiqətən zərər gördüyü məlum deyil.

“London School of Economics” universitetinin beynəlxalq münasibətlər üzrə professoru Favaz Gergez hesab edir ki, İran müharibəni uzatmağa çalışaraq vaxt qazanmaq strategiyası seçib. Onun sözlərinə görə, Tehran rəhbərliyi hadisələrin bir neçə mərhələsini qabaqcadan planlaşdırıb və uzunmüddətli qarşıdurmaya hazırlaşır.

Ekspert bildirir ki, İran üçün əsas məqsəd davamlılıq, ilk şok mərhələlərindən sonra müqaviməti qoruyub saxlamaqdır.

Müharibənin əsas yükünü isə mülki əhali daşıyır. ABŞ və İsrail öz əməliyyatlarını hədəfli zərbələr kimi təqdim etsə də, sıx məskunlaşmış şəhərlərdə mülki itkilərin qarşısını tam almaq mümkün olmur.

İranın rəsmi məlumatına görə, müharibənin ilk günündə ölkənin cənubundakı Minab şəhərində ibtidai məktəbin vurulması nəticəsində 168 uşaq və müəllim həyatını itirib. İran dövlət televiziyası onların kollektiv dəfn mərasimini canlı yayımlayıb.

BMT bu hadisəni “tamamilə sarsıdıcı” adlandıraraq beynəlxalq araşdırma aparılmasına çağırıb. İsrail isə Minabdakı məktəbə hücum etdiyi barədə iddiaları rədd edib. ABŞ tərəfi də hadisənin araşdırılacağını açıqlayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar