ABŞ ilə İran arasında yaranmış növbəti nisbi sakitlik heç bir ay çəkmədi.
ABŞ İranın Larak adasına zərbə endirib. Vaşinqton hücumu İran tərəfinin ərazidə dəniz minaları yerləşdirmək cəhdinin qarşısını almaqla əsaslandırıb.
Buna cavab olaraq İran İnqilab Keşikçiləri ABŞ-nin İordaniyadakı hərbi obyektlərinə ballistik raketlər atıb.
Siyasi şərhçi
Rəşad Bayramov “Bakupost”a bildirib ki, ABŞ və İran arasında təxminən bir aylıq nisbi sakitlikdən sonra hərbi qarşıdurmanın yenidən alovlanmasının əsas səbəbi əvvəlki mərhələdə həll olunmamış Hörmüz boğazı məsələsidir:
“Dünən ABŞ qüvvələri boğazdakı Larak adasında İranın iki raket buraxılış qurğusunu vurub və Vaşinqton bunu SEPAH-ın həmin qurğulardan dəniz minaları yerləşdirmək üçün istifadə etməyə hazırlaşması ilə izah edib. ABŞ-yə görə, bu, beynəlxalq gəmiçilik üçün təhlükədir və ona görə də qarşısı alınmalıdır”.
Ekspertin sözlərinə görə, İran üçün Larak adasına hücum ABŞ-nin onun strateji imkanlarını birbaşa məhdudlaşdırması deməkdir:
“Buna görə İran İnqilab Keşikçiləri ABŞ-nin İordaniyadakı hərbi obyektlərinə ballistik raketlərlə cavab verib. Beləliklə, tərəflər arasında zərbə-cavab mexanizmi yenidən işə düşüb”.
R.Bayramov qeyd edib ki, bir aylıq fasilə müharibənin siyasi səbəblərini aradan qaldırmayıb:
“Əksinə, Vaşinqton hərbi əməliyyatların intensivliyini azaltmaqla yanaşı, İrana qarşı iqtisadi və maliyyə təzyiqini gücləndirirdi. Tehran isə Hörmüz boğazına nəzarət imkanını ABŞ-yə qarşı əsas strateji rıçaqlarından biri kimi saxlamağa çalışırdı. Bu səbəbdən hər iki tərəfin məqsədləri bir-birinə zidd olaraq qalırdı. Hazırkı hadisə də həmin ziddiyyətin yenidən hərbi müstəviyə keçdiyini göstərir”.
Siyasi şərhçi hesab edir ki, qarşıdakı günlərdə məhdud sayda cavab zərbələri davam edə, bundan sonra isə tərəflər yenidən eskalasiyanı azaltmağa çalışa bilərlər:
“Çünki Vaşinqton üçün uzunmüddətli müharibənin iqtisadi və siyasi qiyməti yüksəkdir. Tehran da ABŞ ilə açıq və genişmiqyaslı müharibənin öz hərbi və iqtisadi imkanlarını daha da zəiflədəcəyini kifayət qədər yaxşı anlayır”.
Həmsöhbətimiz vəziyyətin nəzarətdən çıxması ehtimalını da istisna etməyib:
“Hörmüzdə kommersiya gəmilərinə yeni hücumlar, ABŞ hərbçiləri arasında ciddi itkilər və ya İranın Körfəz ölkələrindəki enerji obyektlərinə daha geniş hücumları qarşıdurmanın yeni mərhələyə keçməsini sürətləndirə bilər. Bu zərbələrdən sonra neftin qiymətinin 90 dollardan yuxarı qalxması və boğazdan keçən gəmilərin sayının kəskin azalması prosesin qlobal nəticələrinin nə qədər sürətlə yarana bildiyini göstərir.
Ona görə düşünürəm ki, dünənki qarşılıqlı zərbələr müharibənin bitmədiyini göstərdiyi kimi, avtomatik olaraq uzunmüddətli və tammiqyaslı müharibənin başlanması demək də deyil. Tərəflər hazırda bir-birinə təzyiq göstərmək və öz strateji mövqelərini qorumaq üçün hərbi gücdən istifadə edirlər”.
R.Bayramovun fikrincə, qarşılıqlı zərbələr konkret hədəflərlə məhdudlaşarsa, gərginliyin yenidən səngiməsi ehtimalı yüksəkdir:
“Lakin Hörmüz boğazı ətrafında yeni mina yerləşdirmə cəhdi və ya ağır insan itkiləri baş verərsə, bu dəfə əvvəlki fasilənin təkrarlanması xeyli çətinləşə bilər”.
Rüfət Sultan
BakuPost