Ru
10:30 / 13 May 2026

İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda -  Geri qayıda bilər?
Eye

Təcrübədə işəgötürənin təşəbbüsü ilə işçinin əmək münasibətlərinə son qoyulması halları geniş yayılıb. Bu zaman hətta işçinin öz ərizəsi əsasında da onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi təcrübələri az olmur. Lakin məsələ işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə gəldikdə, vəziyyət bir qədər fərqli ola bilir.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bir çox hallarda işəgötürənlər işçidən işdən çıxacağı halda, bu barədə xeyli müddət əvvəl məlumat verməsini tələb edir.

Hətta digər yerdə işləmək üçün razılığa gələn işçi ilə onun əvəzinə işçi tapdıqdan sonra əmək müqaviləsinə xitam verən işəgötürənlər də az olmur. Bəzən isə işçi öz ərazəsi ilə işdən çıxıb digər yerdə işə düzəlmək istəsə də, alınmır. Nəticədə həm bu, həm də əvvəlki işindən olur.

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi necə həyata keçirilməlidir?

Əmək Məcəlləsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Ərizə verildiyi gündən bir ay keçdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Lakin bu, heç də bütün hallara şamil olunmur.

Belə ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.
Bundan başqa, işçinin digər işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı razılıq olduqda da ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.

Eyni zamanda, işdən çıxmaqla bağlı ərizə vermiş şəxs ərazəsini geri götürə bilər. Belə ki, əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində xitam verilmə gününü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.

Burada onu vurğulamaq lazımdır ki, əmək müqaviləsinə bu qaydada xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Öz növbəsində işçi ərizəsində müqaviləni dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.

Qanunvericiliyə görə, işçi ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət də edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

Qanunvericiliyə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçini əmək müqaviləsinə xitam verməyə məcbur etmək qadağandır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar