Ru
15:55 / 29 İyul 2026

İşdən çıxarılan yüzlərlə kitabxanaçı NƏ ETSİN? - Hüquqi yollar açıqlandı

İşdən çıxarılan yüzlərlə kitabxanaçı  NƏ ETSİN? - Hüquqi yollar açıqlandı
Eye

Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün keçirdiyi attestasiyada yüzlərlə əməkdaşın ixtisar olunduğu bildirilir.

“Bakupost”un sosial media hesabında mövzu ilə bağlı paylaşımın şərh bölməsində onlarla şəxs işdən çıxarıldığını, attestasiyanın həddindən artıq çətin olduğunu və hazırda çıxılmaz vəziyyətdə qaldıqlarını yazıb.

Uzun illər bu sahədə çalışan əməkdaşlar bir çox kitabxanalarda internet, kompüter və digər texniki imkanların olmadığını qeyd edirlər. Onların sözlərinə görə, belə şəraitdə multimedia və texnologiya üzrə biliklərin tələb olunması ədalətli deyil. Şikayətçilər arasında 20 ildən artıq stajı olanlar da var.

24 ildir kitabxanada işlədiyini deyən Nigar Hüseynova yazıb ki, illərlə şəraitsiz mühitdə çalışıb: “Nə su, nə də ayaqyolu var idi. Bu illər ərzində oranın suyunu mən evimdən təmin etmişəm. Hər zəhmətinə qatlaş, səs çıxarma, az maaşa qane ol, sonunda da bu qədər əziyyətin, biliyin 20 dəqiqəyə sıxışdırılıb işdən bayıra atılsın. Fonddakı kitabları əzbər bilirəm, kompüterdə lazım olan qədər işləyirəm. İnterneti olmayan kitabxanada multimedia mütəxəssisindən nə gözləyirlər, bilmirəm. Çörəyimizlə oynayırlar. Niyə insanları dövlətin əleyhinə qaldırırsan, Adil Kərimli?”.

22 ilini kitabxana işinə həsr etdiyini deyən Yeganə Quliyeva isə belə yazıb: “Kirayədə qalan, tək ümid yeri maaş olan biri kimi deyirəm, mənim və mənim kimi insanların haqqını yeyənlər bu dünyada xoş günə möhtac qalsınlar! Allah onları ruzi üzünə həsrət qoysun! Göz yaşlarımızı Allah yerdə qoymasın!”.

26 ildir bu sahədə çalışdığını bildirən Aslan qeyd edib ki, ona heç bir təlim verilmədən imtahana cəlb olunub: “3-cü qrup əlil və onkoloji xəstəyəm. Müraciət edib dedim ki, xəstəliyimlə əlaqədar möhlət verin, hazırlaşım, sonra gedərəm. Dedilər olmaz. Bu imtahan deyil, bu ixtisardır!”.

Səhər Qarayev yazır: “Ömrünü-gününü kitabxanaya həsr edənləri attestasiya adı ilə imtahan edib mədəni surətdə işdən çıxardılar. Bundan əvvəl attestasiya vardımı, bilmirəm. Ay mədəniyyət naziri, bu oyunu qurmazdan əvvəl heç olmasa kurs keçirərdiniz. Niyə bu qədər millətin çörəyinə bais oldunuz? Ya gec, ya tez haqq-ədalət öz yerini tutacaq”.

17 ildir çalışdığını bildirən Fidan yazır: “Məni də kəsdilər. Gözümü dikmişdim 438 manat maaşa. Kirayədə yaşayıram. Nəsimi MKS-də çalışırdım. İndi mən necə edim? Niyə bunu etdilər?”

Nemət isə bildirib ki, imtahanda ingilis dilində sualların verilməsi qərəzli addım hesab edilə bilər:

“Bu imtahan deyildi, sadəcə qəsdən kəsmək idi. 45-50 yaşlı bir qadın artıq kompüteri rus dilində bilir və ya türkcə istifadə edir. Sırf ona ingilis dilində suallar verilməsi qərəzli olan bir şeydir”.

Banu Murad yazır ki, bir əməkdaşı pensiyasına 1 il qalmış işdən azad ediblər: "İşlədiyi kitabxanada nə istilik, nə sərinlik, nə su, nə telefon, nə internet, nə də kompüter var. Kitabxananın varlığından heç kimin xəbəri olmadığı halda 64 yaşlı əməkdaşı işindən kənarlaşdırdılar. Bu haqsızlıqdır”.

Səidə Hüseynova bildirib ki, kompüter üzrə verilən sualların bir çoxu proqram çərçivəsindən kənar və həddindən artıq çətin olub:

“Halbuki bir çox kitabxanalarda kompüterdən istifadə üçün şərait belə yoxdur. Attestasiya kitabxanaçıların peşə biliklərini qiymətləndirməli, proqramdan kənar suallarla onların hüquqları pozulmamalıdır. Xahiş edirik, bu məsələyə yenidən baxılsın”.

"L.F.zadə" yazır: “Bəli, illərin işçiləri tozlu kitablarla işləyiblər. Hazırda kompüter dövrü ola bilər, amma bu şəxslər ancaq bir proqramda işləyiblər, başqa da heç nə. O da şəraitsiz halda. Ümumi kitabxanada 1 kompüter işləyir, ya yox, onu da illər sonra təmin ediblər. İlk öncə İKT sahəsində rayon və kənd yerlərində olan işçilər üçün təlimlər keçirərdilər, sonra isə attestasiya olardı. 20 ildən artıq işləyən işçiyə çox qəliz İKT sualları verib, daha sonra “yetərsiz” demək ədalətsizlikdir! Görün, iş şəraiti iş üçün yetərlidirmi? Hansı şəraiti yaratmısınız ki, yetərli işçi axtarırsınız?!”.

8 ildir bu sahədə çalışdığını deyən Xanım Məlikzadə yazır: “Köhnə binada olsa da, xalqa xidmət edirdim. Özləri nə kompüter, nə internet, nə telefon verirdilər. Nə sanitar qovşağı, nə su var idi, evlərdən gətirirdik. Elektriki özümüz düzəldirdik. Heç nə vermirdilər, hər şey ciblərinə gedirdi. Sadə insanları sayan yoxdur. Təqaüdümə az qalıb, indi mən nə ilə dolanım?”.

Musayeva yazır: “Mənə işdən çıxarıldığım xəbəri çox ağır təsir etdi. Mən təkcə özüm üçün deyil, ailəm üçün də mübarizə aparıram. 5 yaşlı oğlum var. Ürək xəstəsidir, ayağında mil var. Onun müalicəsi və gündəlik qayğısı böyük məsuliyyət və maddi imkan tələb edir. Mən bu işə həmişə vicdanla yanaşmışam və əlimdən gələni etmişəm”.

Məsələ ilə bağlı “Bakupost”a Əmək və məşğulluq məsələləri üzrə mütəxəssis Vüqar Şahinoğlu bildirib ki, sosial şəbəkələrdə səsləndirilən iddialar aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. O qeyd edib ki, attestasiyanın əsas məqsədi işçiləri işdən azad etmək deyil, onların peşə hazırlığını, bilik və bacarıqlarını, tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirməkdir:

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, attestasiya işçinin peşəkarlıq səviyyəsinin və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilir.

Əmək Məcəlləsinin 65.5-ci maddəsinə görə, attestasiya zamanı işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına, yerinə yetirdiyi işlərə və onların nəticələrinə, habelə əmək müqaviləsi ilə müəyyən edilmiş hüquq və vəzifələrinə aid suallar verilə bilər. Eyni zamanda, işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son beş il ərzində peşə hazırlığının artırılması, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üzrə əldə etdiyi nəticələr də nəzərə alınmalıdır.

Əmək Məcəlləsinin 65.6 və 65.7-ci maddələrinə əsasən isə attestasiya komissiyasının fəaliyyəti aşkarlıq, obyektivlik və qərəzsizlik prinsipləri əsasında həyata keçirilməli, komissiya işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul etməli, zərurət olduqda isə işçinin başqa vəzifədə istifadə olunmasının məqsədəuyğunluğu barədə işəgötürənə tövsiyə verə bilər".

Mütəxəssisin sözlərinə görə, Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı kateqoriyaya aid olan işçilər attestasiyadan keçirilməməlidir:

"Həmin maddəyə əsasən, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdikləri şücaətə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş işçilər, bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət başa çatdıqdan sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), yaşı 18-dən az olan işçilər, eyni vəzifədə faktiki olaraq bir ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə azı üç dəfə attestasiyadan keçərək tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan digər işçilər, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, eləcə də qanunvericiliyə əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər attestasiyadan keçirilmir. Bu baxımdan, attestasiya zamanı həmin maddənin tələblərinə əməl olunması vacibdir.

Hesab edirəm ki, yaxın gələcəkdə Milli Məclis tərəfindən Əmək Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulan attestasiya olunmayan işçilər siyahısına əmək pensiyası hüququnun yaranmasına bir neçə il qalmış işçilərin də əlavə olunması məsələsinə baxılması məqsədəuyğun olardı. Bu, uzun illər əmək fəaliyyəti göstərmiş şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edə bilər.

Əgər attestasiya nəticəsində əmək müqaviləsinə xitam verilibsə, bu zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinin tələbləri də nəzərə alınmalıdır. Həmin bəndə əsasən, işçi peşəkarlıq səviyyəsinin tutduğu vəzifənin (peşənin) tələblərinə uyğun olmaması səbəbindən həmin işi davam etdirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Bunun tətbiqi qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilməlidir. Konkret hallarda bu əsasın düzgün tətbiq edilib-edilməməsinə hüquqi qiyməti isə yalnız məhkəmə verə bilər”.

V.Şahinoğlu hüquqlarının pozulduğunu hesab edən şəxsləri qanunvericiliyə uyğun olaraq mediasiyaya müraciət etməyə çağırıb:

“Mediasiya mərhələsində razılıq əldə olunmadığı halda isə məhkəməyə müraciət edərək məsələnin hüquqi qaydada araşdırılmasını tələb edə bilərlər. Bununla yanaşı, işsiz qalan şəxslərə tövsiyə edərdim ki, Azərbaycan Respublikasının "Məşğulluq haqqında" Qanununun 5-ci maddəsinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin regional xidmət şöbələrinə və ya DOST mərkəzlərinə müraciət edərək işsiz kimi qeydiyyata düşsünlər. Bu, onların dövlət tərəfindən təqdim olunan məşğulluq xidmətlərindən istifadə etməsinə, uyğun vakansiyalar barədə məlumat əldə etməsinə, peşə hazırlığı və yenidən ixtisaslaşdırma kurslarına cəlb olunmasına imkan yarada bilər”.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar