“BMW” Almaniyada minlərlə əməkdaşına könüllü işdən ayrılma paketi təklif etməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, şirkətin dünya üzrə planlaşdırdığı təxminən 8 min nəfərlik ixtisarın böyük hissəsinin Almaniyadakı əməkdaşları əhatə edəcəyi bildirilir.
Məlumata görə, proqram əsasən tədqiqat və inkişaf, planlaşdırma və digər korporativ bölmələrdə çalışan işçilərə şamil olunacaq. İstehsalat müəssisələrində çalışan əməkdaşlar isə bu proqramdan yararlana bilməyəcək.
Bildirilir ki, “BMW” yaxın aylarda rəhbər heyətdə də ixtisarlar aparmağı planlaşdırır. Könüllü işdən ayrılma proqramının oktyabr ayında başlayaraq 2027-ci ilə qədər davam edəcəyi gözlənilir.
Şirkət sözçüsü Almaniyadakı yenidənqurma proqramı ilə bağlı işçi şurası ilə razılıq əldə olunduğunu təsdiqləsə də, əlavə açıqlama verməyib.
Qeyd olunur ki, “BMW” bu addımı Çində tələbatın azalması, Yaxın Şərqdəki münaqişənin yaratdığı təsirlər və ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları fonunda rəqabət qabiliyyətini artırmaq məqsədilə atır.
Vüsalə Hüseynova,
BakuPost