Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi dərəcəsinin qiymətləndirilməsində tamamilə yeni və ədalətli mexanizm tətbiq olunacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirlər Kabinetinin 21 may 2026-cı il tarixli qərarı ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərərçəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası" təsdiqlənib. Beynəlxalq təcrübəyə və innovativ rəqəmsal həllərə əsaslanan bu sənəd vətəndaşyönümlü və şəffaf qiymətləndirmə sisteminin qurulmasına imkan verir.
İndiyədək bu sahədə qanunvericiliklə dəqiq meyarlar mövcud deyildi və proses "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın müvafiq bəndinə əsasən kağız daşıyıcılarda icra olunurdu. Yeni Qayda isə prosedurların vahid normativ sənədlə tənzimlənməsini və elektron sistemlər üzərindən daha çevik idarə edilməsini təmin edir.
Yeni sistemin ən mühüm özəlliyi daha ədalətli yanaşmanın tətbiqidir. Belə ki, bundan sonra eyni xəstəlik və ya xəsarətə görə müxtəlif peşə sahiblərinə və fərqli yaş qruplarına fərqli peşə əmək qabiliyyətinin itirilməsi faizi təyin ediləcək.
Qiymətləndirmə zamanı aşağıdakı dörd əsas meyar nəzərə alınacaq:
1. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti;
2. Peşələrin (vəzifələrin) ağırlıq dərəcəsi;
3. Orqanizmin funksiyalarının pozulması faizinin konkret peşələr üzrə təzahür dərəcəsi;
4. Zərərçəkmiş sığortaolunanın yaşı.
Elektron müraciət və qiymətləndirmə prosesi necə aparılacaq?
- Müraciət forması: Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi üçün sığortalı (işəgötürən) və ya sığortaçı "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) vasitəsilə, zərərçəkən şəxs isə "e-sosial" internet portalındakı şəxsi kabinetindən müraciət edə biləcək. Qiymətləndirmə rəsmi göndəriş (Forma 88) və ya məhkəmə qərarı əsasında həyata keçiriləcək.
- Müddət və məlumatlandırma: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göndəriş sistemə daxil olduğu tarixdən etibarən 10 iş günü müddətində qiymətləndirmənin aparılacağı tarix və yer barədə e-sistem üzərindən tərəflərə məlumat göndərəcək.
- Komissiyanın işi: Qiymətləndirməni Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) aparacaq və bu zaman işəgötürənin və ya sığortaçının səlahiyyətli nümayəndəsinin iştirakı təmin ediləcək.
Əgər əmək qabiliyyətinin itirilməsi dərəcəsi müddətli təyin olunubsa, həmin müddət bitdikdən sonra xəstəlik və ya zədə davam edərsə, şəxs təkrar qiymətləndirilmədən keçəcək. Şəxsdə bu dərəcənin müəyyən edilməsinə əsas verən iki fərqli xəstəlik və ya zədə olduqda, yekun qiymətləndirmə daha yüksək faiz dərəcəsi ilə aparılacaq.
Bundan başqa, komissiya sığortaolunanın müalicə, əlavə qidalanma, dərman və reabilitasiya vasitələri kimi əlavə xərclərə ehtiyacının olub-olmadığını da müəyyənləşdirəcək.