Son illər Azərbaycanda fəaliyyət göstərən fastfud restoranlarla bağlı cəmiyyətdə vaxtaşırı müxtəlif fikirlər səsləndirilir. Sosial şəbəkələrdə və gündəlik söhbətlərdə tez-tez səslənən iddialara görə, bu restoranlarda qidaların hazırlanması zamanı insanların həmin məhsullara davamlı meyl göstərməsi üçün xüsusi maddələrdən istifadə olunur.
“Bakupost” xəbər verir ki, sürətli həyat tərzi və rahatlıq amili də insanların seçimlərinə ciddi təsir göstərir. Xüsusilə gənclər daha əlçatan və tez təqdim olunan qidalar üçün ölkədə fəaliyyət göstərən “KFC”, “McDonald’s”, “Popeyes” kimi beynəlxalq şəbəkələrə üstünlük verir. Bu restoranların geniş yayılması onların populyarlığını daha da artırır.
Maraqlıdır, səsləndirilən iddialar nə dərəcədə əsaslıdır? İnsanların fastfuda meyli həqiqətən də hansısa “xüsusi maddələr”lə bağlıdır, yoxsa bu, daha çox qida vərdişləri və marketinq təsiri ilə izah olunur?
Mövzu ilə bağlı
“Bakupost”a qida eksperti Fərid Səfərov bildirdi ki, belə iddialar daha çox fərziyyələrə əsaslanır. Onun sözlərinə görə, insanların bu qidalara üstünlük verməsinin əsas səbəbi onların tərkibindəki yağ, duz və şəkərin xüsusi nisbətdə birləşdirilməsidir:
“Bu kombinasiya beyində həzz hissi ilə əlaqəli mexanizmləri aktivləşdirir və həmin qidaların yenidən istehlak olunmasına meyli artıra bilir. Bundan əlavə, cəlbedici qoxu, xırtıldayan tekstura, sürətli xidmət, əlçatanlıq və güclü marketinq də bu seçimə təsir göstərən amillərdəndir.
Lakin bu vəziyyəti narkotik və ya kimyəvi maddələrdən yaranan asılılıqla eyniləşdirmək düzgün deyil. Burada daha çox dad üstünlüyü və davranış vərdişi formalaşır”.
Ekspert xüsusilə vurğuladı ki, fastfud məhsullarının tez-tez və həddindən artıq istehlakı artıq çəki, piylənmə, ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabet kimi sağlamlıq problemlərinin riskini artıra bilər:
“Tövsiyə olunur ki, bu cür qidalar yalnız ara-sıra və ölçülü şəkildə istehlak edilsin. Gündəlik rasionda isə tərəvəz, meyvə, tam taxıl məhsulları, keyfiyyətli zülal mənbələri və kifayət qədər suya üstünlük verilməsi sağlam qidalanma baxımından daha doğru seçimdir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, ən doğru “ekspertiza” ictimai rəydir:
“İctimai rəydə nə varsa, o, doğru hesab olunmalıdır. Amma mənim əlimdə hansısa maddənin qarışdırılması və ya mövcudluğu barədə rəsmi məlumat yoxdur. Lakin bu şəbəkələrin bütün dünyanı əhatə etməsi, sürətlə inkişaf etməsi, xüsusən gənclərin və uşaqların bura meyilliyi, oradakı servis xidmətinin cəlbediciliyi bəzi nəticələr çıxarmağa və bu düşüncələrə gəlməyə imkan verir.
Mən onların mətbəxində olmuşam. Orada taxta kimi bərk ət bir aparatın altına qoyulur və bir anın içində çevrilərək kotlet formasına düşür. Həmin aparatlar da xüsusi hazırlanmış qurğulardır və orada elə bir alqoritm işləyir ki, insan ona baxanda məəttəl qalır. Çox sürətli, mexanikləşdirilmiş prosesdir”.
E.Hüseynov deyir ki, istehlakçı hüquqlarını qoruyan bütün dünya təşkilatları fastfood şəbəkələrini insanlar üçün arzuolunmaz hesab edir:
“KFC-nin dünyada ən böyük filialı Azərbaycandadır. Bu şəbəkələr fəaliyyət göstərdikləri ölkələrdə ən böyük vergi ödəyicilərindən birinə çevrilir. Bəzi ölkələrdə istehlakçı təşkilatlarının fastfud şəbəkələrinə qarşı apardığı antireklam tədbirlərindən sonra onlar milli ad altında öz brendlərini yaratmağa çalışırlar. Məsələn, mən bunu Filippində gördüm. Ayrı ad altında həmin alqoritm işləyir. Yəni bu şəbəkələr daim özləri üçün yeni yollar axtarırlar. Azad İstehlakçılar Birliyi vətəndaşları bu şəbəkələrdən uzaq durmağa çağırır”.
Sədr vurğulayır ki, belə şəbəkələrdə istifadə olunan xammalın mənbəyi və digər məsələlər adi istehlakçılar üçün demək olar ki, qaranlıq qalır:
“Hətta KFC özünün halal brendini yaradıb. Guya halal məhsul təqdim edir. Düşünürəm ki, onlar halal sertifikatını haradansa alıblar. Lakin bir daha qeyd edim ki, ictimai rəydə nə varsa, ən böyük həqiqət elə odur”.
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) də sorğu ünvanladıq. Agentlikdən “Bakupost”a bildirildi ki, bu iddiaları təsdiqləyən elmi sübutlar mövcud deyil:
“İctimai müzakirələrdə tez-tez adı çəkilən mononatrium qlütamat (E621) qida sənayesində dad artırıcı kimi geniş istifadə olunan qida əlavəsidir. Bu maddə pomidor, pendir və göbələk kimi bəzi qida məhsullarında təbii şəkildə mövcuddur, eyni zamanda sənaye üsulu ilə də istehsal edilir. Mononatrium qlütamat əsasən hazır şorbalar və bulyonlar, emal olunmuş ət məhsulları, qəlyanaltılar və bəzi fastfud məhsullarında istifadə olunur.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının 5 mart 2024-cü il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qida əlavələrinə dair sanitariya norma və qaydaları"na əsasən, mononatrium qlütamat istifadəsinə icazə verilən qida əlavələri siyahısına daxildir və onun tətbiqi müəyyən edilmiş maksimum istifadə miqdarları ilə tənzimlənir.
Respublika ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, o cümlədən fastfud restoranlarında istifadə olunan qida məhsulları və qida əlavələri qüvvədə olan normativ-hüquqi tələblərə uyğun olmalıdır. Yalnız istifadəsinə icazə verilən qida əlavələrinin müəyyən edilmiş şərtlər və miqdarlar daxilində tətbiqinə yol verilir. İcazə verilməyən maddələrin istifadəsi yolverilməzdir.
AQTA tərəfindən riskəsaslı dövlət nəzarəti çərçivəsində ictimai iaşə obyektlərində planlı və plandankənar yoxlamalar aparılır, şübhəli qida məhsullarından nümunələr götürülərək laborator müayinələr həyata keçirilir. Yoxlamalar zamanı istifadə olunan xammalın təhlükəsizliyi, qida əlavələrinin normativ tələblərə uyğunluğu və digər qida təhlükəsizliyi tələblərinə əməl olunması nəzarətdə saxlanılır. Uyğunsuzluqlar aşkar edildiyi hallarda qanunvericiliyə uyğun tədbirlər görülür.
Fastfud məhsullarının tez-tez istehlak edilməsinə meyl əsasən sürətli hazırlanıb təqdim olunması, marketinq amilləri və formalaşmış qidalanma vərdişləri ilə əlaqədardır”.
Lalə Novruz,
BakuPost