Ötən gün paytaxtın Mir Cəlal küçəsində baş verən dəhşətli hadisə cəmiyyətdə bir daha ailədaxili münasibətlər, boşanmadan sonra davam edən təqib və qadınlara qarşı zorakılıq məsələsini gündəmə gətirib. Belə ki, kişi ayrıldığı həyat yoldaşını tüfənglə güllələyərək öldürüb, daha sonra isə həmin silahla özünə atəş açıb.
Maraqlıdır, niyə bəzi insanlar ayrılığı qəbul edə bilmir və münasibət bitdikdən sonra belə qarşı tərəf üzərində nəzarəti saxlamağa çalışır? Bir kişi ayrıldığı qadından niyə əl çəkmir və hətta onu öldürmək qərarına gəlir?
Mövzu ilə bağlı psixoloq-sosioloq Naib Niftəliyev “Bakupost”a bildirib ki, bu xarakterik xüsusiyyət müəyyən mənada həm kişilərdə, həm də qadınlarda var: “Demək olmaz ki, yalnız kişilər qadınları təqib edir. Qadınların da əhəmiyyətli bir qismi kişiləri boşandıqdan sonra təqib edir. Ümumiyyətlə, boşanma faktlarının asanlaşması, tərəflərin bəzən səbəbsiz olaraq belə qərar verməsi, bəzi hallarda qısqanclıq və əhəmiyyətli dərəcədə birgəlik hissinin xəyali olaraq qorunub saxlanılması insanları qeyri-adekvat davranışlara vadar edir”.
Onun sözlərinə görə, bu istiqamətdə ən böyük təsirlər ünsiyyət mədəniyyəti ilə bağlı davranış formalarının düzgün formalaşdırılmasıdır:
“Cəmiyyət öncə boşanmadan çəkinməli və belə bir hal baş verdikdə qarşılıqlı hörməti qoruyub saxlamağı bacarmalıdır. Əgər rəsmi olaraq boşanma baş veribsə və tərəflərdən biri digərini artıq qəbul etmirsə, fiziki zorakılıq, qəsd və yaxud cinayət törətmək insanların təbii mövqeyi ilə hesablaşmamaqdır”.
N.Niftəliyev vurğulayıb ki, belə hallar çoxaldıqca kimlərsə bunu davranış forması kimi qəbul edir və hansısa anlaşılmazlıq şəraitində eyni hərəkəti təkrarlamağa meyillənir:
“Bir insanı qətlə yetirən şəxs əslində bəşəriyyətə qarşı cinayət etmiş sayılır. Bu mənada ailə münasibətlərində cütlüklər çalışmalıdırlar ki, münasibətlər düzgün tənzimlənsin. Bu, hər iki tərəfin məsuliyyətidir və hər iki tərəf bunu eyni səviyyədə anlamalıdır. Kim nə deyirsə desin, reallıq bundan ibarətdir ki, normal vəziyyətdə, bütün çətinliklərə baxmayaraq ailə quran şəxslər bir-birlərini anlamağı və ailəni qoruyub saxlamağı bacarmalıdırlar. Ailənin müqəddəsliyi anlayışı önə çəkilməlidir. Müasirlik ailəni dağıtmaq və boşanmanı tərəflərin qarşılıqlı iddia və mübarizəsinə çevirmək demək deyil. Səbəblər və motivlər fərqli ola bilər, amma istənilən halda qətl törətmək yolverilməzdir, heç bir səbəb buna haqq qazandıra bilməz. İnsan hər hansı addım atarkən ciddi düşünməli və davranışının nəticələrini nəzərə almalıdır”.
Sosioloq bildirir ki, ailə dəyərlərində zorakılığın qarşısının alınması və boşanma mexanizmlərinin müəyyən qədər təkmilləşdirilməsi məsələləri gündəmə gəlməlidir:
“Ola bilər ki, insanlar hansısa problemi həll edə bilmirlər və buna görə boşanmaq istəyirlər. Amma müəyyən müddət ayrı yaşamaq, münasibətləri aydınlaşdırmaq, sosial nəzarət və ictimai qınaq mexanizmlərinin işləməsi, tərəflərin kompromisə və güzəştə getməsi daha önəmlidir. Təbii ki, nə iqtisadi, nə də sosial səbəblər ailəni dağıdan əsas amillərə çevrilməməlidir. Hər bir çətinliyə görə ailə dağıdılacaqsa, insanlar müəyyən mənada ailə anlayışının mahiyyətini dərk etməmiş olurlar. Tərəflər çox vaxt qırmızı xətləri düzgün müəyyən edə bilmədikdə və ya ünsiyyət münasibətlərini düzgün qura bilmədikdə qarşı tərəfin aqressiyasını müəyyən mənada artırırlar. Bu baxımdan boşanma halları ilə yanaşı, insanların öz həyatlarını düzgün qurması istiqamətində sosial-profilaktik təsir modelləri hazırlanmalıdır. Çünki tərəflərdən birinin istəyi ilə boşanma baş verirsə, digər tərəf bunu qəbul etmirsə, burada çox mürəkkəb vəziyyət yaranır.Xüsusilə övladlar, aliment və digər məsələlərlə bağlı yaranan problemlər dağılmış ailə mühitini daha da mürəkkəbləşdirə bilər. Bəzən kişilərin bir qismi özünü təsdiq etmək naminə, kənar təsirlərin altında və ya affektiv vəziyyətdə zorakı addımlara əl ata bilirlər. Qadınlar da bəzi hallarda bilərəkdən və ya bilməyərəkdən bu prosesdə təhrikçi rol oynaya bilərlər. Təbii ki, bu, hamıya aid deyil, müəyyən bir qismə aiddir”.
N.Niftəliyev əlavə edib ki, əvvəlcə ailə modelinə münasibət dəyişməli, boşanmanın arzuolunan bir çıxış yolu olmadığı fikri cəmiyyətə aşılanmalıdır:
“Eyni zamanda boşanma baş verdikdə belə zorakılığın heç bir halda qəbul edilə bilməyəcəyi gələcək ailə başçılarının tərbiyəsində önəmli yer tutmalıdır. Problemi tamamilə aradan qaldırmaq mümkün deyil. Zamanla problemlər və səbəblər dəyişir. Burada məqsədli şəkildə yalnız kişilərin belə addım atdığını demək düzgün deyil. Azərbaycanda qadınların da həyat yoldaşlarını qətlə yetirdiyi və ya cinayətlərdə iştirak etdiyi hallar mövcuddur. Hər bir xanım bir ailənin övladıdır, hər bir kişi də eyni şəkildə. Hər kəs başa düşməlidir ki, nə kişi qadına, nə də qadın kişiyə qarşı zorakılıq tətbiq etməməlidir. Bu məsələ çox incə, həssas və ciddi sosial-psixoloji yanaşma tələb edən problemdir. İnsanların düşüncə səviyyəsi, iradi keyfiyyətləri möhkəmləndikcə və sağlam düşüncə üstün gəldikcə bu problemlərin həlli istiqamətində nəticə əldə etmək mümkündür”.
Lalə,
BakuPost