Ru
21:24 / 26 Avqust 2026

Azərbaycanlılar niyə getdikcə daha çox borclanır? - XƏBƏRDARLIQ

Azərbaycanlılar niyə getdikcə daha çox borclanır? -  XƏBƏRDARLIQ
Eye

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin may ayının sonuna Azərbaycanda bankların kredit portfeli 30,89 milyard manat təşkil edib. Kredit portfelinin 16,40 milyard manatı biznes, 9,78 milyard manatı istehlak, 4,71 milyard manatı isə ipoteka kreditlərinin payına düşüb.


Maraqlıdır ki, 2024-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 8,45 milyard manatdan 9,78 milyard manata, biznes kreditləri isə 14,79 milyard manatdan 16,40 milyard manata yüksəlib.

Bəs Azərbaycanda kreditləşmədə hansı istiqamət üstünlük təşkil edir? Əhali daha çox biznes qurmaq üçün borclanır, yoxsa gündəlik və şəxsi ehtiyaclarını qarşılamaq üçün?

"Bakupost" xəbər verir ki, iqtisadçı Eyyub Kərimli “Yeni Sabah”a açıqlamasında mütləq həcm baxımından Azərbaycanda daha çox biznes məqsədilə borclanıldığını bildirib.

Onun sözlərinə görə, biznes kreditlərinin həcmi istehlak kreditlərindən təxminən 1,7 dəfə çoxdur. Bu isə iqtisadi baxımdan müsbət məqam hesab oluna bilər. Çünki biznes kreditləri yeni istehsalın, xidmətlərin, investisiyaların və dövriyyə kapitalının maliyyələşdirilməsinə yönəldilir və nəticədə iqtisadi aktivliyə, eləcə də məşğulluğa töhfə verir.

“Lakin kreditlərin artım tempinə baxdıqda fərqli mənzərə görürük. 2024-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 8,45 milyard manatdan 9,78 milyard manata, yəni təxminən 15,8 faiz artıb. Biznes kreditləri isə həmin dövrdə 14,79 milyard manatdan 16,40 milyard manata yüksələrək təxminən 10,9 faiz artıb. Başqa sözlə, istehlak kreditləri biznes kreditlərindən daha sürətlə böyüyür”, - deyə iqtisadçı vurğulayıb.

E.Kərimli qeyd edib ki, bu tendensiyanın səbəblərindən biri əhalinin avtomobil, məişət texnikası, təmir, təhsil və digər şəxsi ehtiyaclarını kredit hesabına maliyyələşdirməsinin genişlənməsidir.

“Eyni zamanda inflyasiya və yaşayış xərclərinin artması fonunda bəzi ailələrin cari istehlakını qorumaq üçün borclanmaya daha çox müraciət etməsi də istisna deyil”, - deyə o əlavə edib.

İqtisadçı hesab edir ki, mövcud tendensiya belə ümumiləşdirilə bilər: azərbaycanlılar kreditin ümumi həcminə görə daha çox biznes üçün borclanırlar, lakin gündəlik və istehlak ehtiyacları üçün borclanma daha sürətlə artır.

“Bu proses davam edərsə, əhalinin borc yükünün artması və gəlirlərin daha böyük hissəsinin kredit ödənişlərinə yönəlməsi baxımından müəyyən risklər yarana bilər”, - E.Kərimli bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar