Ru
22:09 / 26 Oktyabr 2026

“Ankara Bakı qarşısında məğlub oldu” deyənlərin - Yaddaşına...

Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 34 ədəd (36 deyilirdi, Oqtay Saral özü 34 demişdi) başdanışmanı - yəni baş müşaviri var. Bu başdanışmanlardan biri olan Oqtay Saral vəzifəsindən istefa verdi və bunu ondan Prezident Ərdoğanın tələb etdiyini açıqladı. Etiraf etdi ki, bu “qəzavü-qədər” Azərbaycandakı orta məktəblərdə hicab qadağasına qarşı tutduğu mövqeyə görədir.

Hələ “Azərbaycan Oqtay Saralın istefaya göndərilməsini tələb edir” iddiası yayılandan sonra Türkiyə sosial şəbəkələrində bəzi media mənsubları, xüsusilə Azərbaycana giriş qadağası qoyulanlar (31 nəfər) və barələrində cinayət işi qaldırılanlar (7 nəfər) növbəti təbliğata başlamış, bunu “Balaca İsrail ABŞ-ı necə idarə edirsə, Azərbaycan da Türkiyəni elə idarə edir” sözləri ilə “bəzəyir”, Saralın istefaya gedəcəyi halda bunun Türkiyə üçün az qala “qlobal məğlubiyyət” olacağını iddia edir, dolayısı ilə sanki başdirijorları olan Oqtay Saralın vəzifədə qalması naminə öz hakimiyyətlərinə təsirə cəhd edirdilər.

Bu gün sosial şəbəkələrin Türkiyə seqmentini izləmək fürsətim olmayıb, yəqin ki, Oqtay Saralın istefasından sonra növbəti dalğa başlayıb. Zatən dünənə qədər Oqtay Saralın istefa vermək ehtimalına qarşı sinə döyürdülərsə, çox güman, indi dizdöyməyə oturublar.

Ancaq kimsə yada salmır ki, Rəcəb Tayyib Ərdoğanın bir sözü ilə Azərbaycan Prezident Administrasiyasının az qala yarısını çölə atmışdı, başda Elnur Aslanov olmaqla. O Elnur Aslanov ki, gənc, perspektivli, beynəlxalq dəstəkli kadr kimi PA rəhbəri postuna ən iddialı şəxs sayılırdı.

Strateji Araşdırmalar Mərkəzi - nəinki rəhbəri vəzifədən alındı, qurum özü 2-3 dəfə ləğv-bərpa prosesinə məruz qaldı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də rəhbər də daxil olmaqla, təmizlənmə aparıldı.
Sonra MM-ə keçildi, adı bu və ya digər formada Türkiyənin qara siyahısında olan deputatlar namizəd ola bilmədilər. Bu sıraya Elnur Aslanovun anası Rəbiyyət Aslanova da daxildir, halbuki onun bu proseslərdə adı belə keçmirdi.

Türk lisey-okullarına əl qoyuldu; FETÖ-ya yaxın olduğu ehtimal edilən biznes şəbəkələri üzə çıxarıldı...

Nələr olmadı, nələr!!!

“Gülən” adı ilə keçmiş MTN-in keçmiş rəhbəri Eldar Mahmudov bir gülməli əməliyyat da keçirmişdi: 150-dən çox nurçunu kitab-dəftərqarışıq içəri basmışdı. Türkiyə mediasının yazdığına görə, Ərdoğan şəxsən buna görə zəng etmiş, nurçularla gülənçilərin ayrı-ayrı “camaat” olduğunu demiş və nurçuların azad edilməsini xahiş etmişdi.

Azərbaycanın ilk müstəqil yayım şirkəti olan, ölkədə ən baxımlı ictimai-siyasi kanal sayılan ANS də bir istəyin güdazına getdi. Fetöbaşı Fətullah Gülən mətbuat konfransı keçirir, türk mediası zalı tərk edir, ANS-çi isə nəinki zaldan çıxır, hətta Fetöbaşı ilə müsahibə edir və ANS bu müsahibəni yayacağı anonsunu tirajlayır.

Vəssalam - Azərbaycanın bir nömrəli kanalı bu yaymadığı, yalnız anons etdiyi müsahibəyə görə bağlandı!

Azərbaycan mediasına dərin zərbə idi, buna baxmayaraq, neçə illərdir ANS-in bərpasına yaşıl işıq yandırılmır!

Azərbaycana qarşı çıxış edənlərin önünə çıxmaq əvəzinə (Bu tarixi missiyanı yenə Dövlət Baxçalı öz üzərinə götürdü), iki ölkə arasında ixtilafı körükləyən “34 danışmandan biri” istefaya göndərilibsə, bu, Türkiyənin “tarixi məğlubiyyəti” deyil, təbii müttəfiqi və qan qardaşının səmimiliyinə qarşılıq vermək istəyidir.

Məsələ bu qədər bəsit!

Asena,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar