Ru
21:02 / 26 Oktyabr 2026

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Eye

Bakıda, kafedə kriminal qruplaşmanın qanlı münaqişəsi olub və iştirakçılardan “Ceyhun Sabunçu” adlanan şəxsin qətli və “Yeraz Əhməd”in isə deputat oğlu və hakim qardaşı olması bu məsələni xeyli ictimailəşməsinə və rezonans doğurmasına səbəb olub.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu sözləri kriminalist İlqar Altay qeyd edib.

“1. İlk sual budur, bu işin istintaqı çətindirmi?

İstintaqda ən mühüm işin üstünün açılması olur, bu iş isə çətin deyil. Çünki vuran və vurulan, şahidlər və maddi sübutlar məlum, istintaqdan yayınan yox, dərhal həbslər var.

Elə sadə görünən qətl olur ki, nə öləni, nə öldürəni tapıb müəyyən etmək olur, aylar, hətta illərlə axtarış gedir, iş açılmamış qalır.

Bu işin isə açılması çətin olmasa da, ağır işdir: iştirakçıların sayı və tutulanlar çoxdur. Və işin, kriminal qruplaşma və kütləvi dava, qanunsuz kölgə gəlirləri əldə etmə, “sxodka”, “razborka” tərəfləri var. Adi küçə, tayfa davası deyil.

2. İkinci sual odur ki, niyə işə DTX müdaxilə etdi, axı sırf kriminal hadisədir.

Bəli, belə hadisə Daxili İşlər Nazirliyi (DİN) və prokurorluq orqanlarının birbaşa aidiyyəti üzrə fəaliyyət sahəsidir. Lakin bu hadisədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) indiki əməliyyata qoşulması, mənim fikrimcə, iki əsas səbəblə olub:

a) Qətlə yetirilən şəxsin qanunsuz statusu;

“Ceyhun Sabunçu” (Ceyhun Mirağayev) kimi tanınan şəxsin Azərbaycanda və ya başqa bir ölkədə rəsmi pasport qeydiyyatı olmayıb. O, əvvəllər Rusiyanın vətəndaşı olub, ordan qeydiyyatdan çıxanda görünür ki, Azərbaycana qanunsuz yollarla (sərhədi qanunsuz keçməklə) daxil olub. Dövlət sərhədini qanunsuz keçmə, ölkə daxilində şəxsiyyəti naməlum, kriminal əlaqələri şübhə doğuran şəxslərin gizli fəaliyyəti birbaşa DTX-nin səlahiyyətinə və dövlət təhlükəsizliyinə daxildir.

b) Cinayətkarların gizlənmə miqyasına görə öz operativ imkanları ilə istintaqa köməklik;

Hadisəni törətmiş əsas şəxslər (Sabunçu Emin və MMA döyüşçüsü Elmar Cəfərov) qətldən dərhal sonra qaçmaqla, xüsusi üsullarla gizlənə bilərdilər. Bu cür kriminalların ölkədən qanunsuz yollarla qaçmaq ehtimalı (sərhəd nəzarəti baxımından) və ya daxili regional gizli şəbəkələrdən istifadə etməsi, sübutları ləğv etməsi riskinə qarşı DTX-nin texniki-operativ izləmə imkanları işə salınır.

Yəqin buna görə də DİN hadisə yerində ilkin müdaxiləni edib cinayətin digər 9 iştirakçısını saxlasa da, gizlənən əsas 2 qatilin tapılması, zərərsizləşdirilməsi əməliyyatını DTX aparıb.

3. Əhməd Əlizadə (“Yeraz Əhməd”, deputat oğlu) ictimai maraqdadır, niyə həbs olunub?

Hadisə baş verən andan faktla bağlı ilkin olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Əhməd Əlizadənin konkret hüquqi statusu ilə bağlı isə, fikrimcə, o bunlara görə həbs edilib:

- Obyektiv yanaşmada, Ceyhun Sabunçunu birbaşa vuran şəxs Əhməd Əlizadə deyil. Hüquqi tərəfdən, əgər kütləvi dava zamanı bir nəfər qəfildən digər iştirakçıların planında, həm iradəsində olmayan şəkildə qətl törədirsə (həddi aşırsa), qətl maddəsi birbaşa onun üzərinə qoyulur.

Lakin Əhməd Əlizadə bu görüşün (“sxodka”nın) təşkilatçısı sayılır: onun cinayət yerində fəal iştirakı və kütləvi davanın gedişatına iştirakı ilə təsir etməsi, köməkçilik, xuliqanlıq və s.

4. Hadisənin əsas köklü səbəbi nədir?

Müşahidə, analiz göstərir ki, tərəflərin qarşı-qarşıya gəlməsinə səbəb aralarındakı “haqq-hesab”, pul və kölgəli biznes ortaqlığı olub.

Davada olan, saxlanılan şəxslərdən ikisinin (Kamran və Həsən) Sabunçunun Bakıxanov qəsəbəsində özəl reabilitasiya mərkəzi olub. Qətlə yetirilən Ceyhun Sabunçu və Yeraz Əhməd (Əhməd Əlizadə) ilə bu şəxslərin arasında həmin mərkəzin və ya ətrafındakı digər qanunsuz gəlir sahələrinin maliyyəcə bölüşdürülməsi üstə ciddi narazılıq yaranıb.

Digər bir versiyaya görə qətlə yetirilən Ceyhun Mirağayev öz övladının məsələsi ilə bağlı qarşı tərəfdən kiməsə şillə vurur, münasibət kəskinləşir... Bu “namus/şərəf” probleminin və pul davasının həlli üçün restoranda böyük bir “kriminal toplantı” təyin olunub və kütləvi dava ilə bitib. Kriminalın sonu budur. Övladlarımızı kriminal mühitdən çəkindirək”, - kriminalist əlavə edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar