Ru
17:58 / 25 Noyabr 2020

Laçın həsrəti ilə dünyadan köçən fenomenal insan

2307
Laçın həsrəti ilə dünyadan köçən Ağa Laçınlının xatirəsinə…

BDU – Böyük Dahilərin Ucalığı…

Bakı Dövlət Universitetində həmişə böyük şəxsiyyətlər, görkəmli alimlər, bacarıqlı pedaqoqlar, gözəl insanlar işləyib – bu, hamıya məlum olan və çox dəyərli bir həqiqətdir.

Bizim tələbə olduğumuz dövrdə – 1975-80-ci illərdə isə filologiya fakültəsində ən seçmə adamlar dərs deyirdi, artıq üçüncü nəsil yetişmişdi. Bəkir Çobanzadə, Nikolay Aşmarin, Aleksandr Baqri, Məmmədağa Şirəliyev, Hadi Mirzəzadə nəslindən sonra ikinci nəsil – Cəfər Xəndan Hacıyev, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə, Əli Sultanlı, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib kimi nəhəng şəxsiyyətlər formalaşmışdı və üçüncü nəsil – Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Əlövsət Abdullayev, Ağamusa Axundov, Səlim Cəfərov, Fərhad Zeynalov, Musa Adilov, Əkbər Ağayev, Xalid Əlimirzəyev, Təhsin Mütəllimov, Gülhüseyn Hüseynoğlu, Firudin Hüseynov, Şamil Qurbanov, Samət Əlizadə, Pənah Xəlilov, Şahməddin Xəlilov kimi əfsanəvi adamlar bizim müəllimlərimiz idi.

Onların və adını çəkmədiyim digər gözəl insanların hərəsi bir universitet idi, dərin bilikləri, pedaqoji məharətləri və şəxsi nümunələrində bizi formalaşdırırdılar. Biz tələbə olanda xoşbəxtlikdən Mir Cəlal, Əli Fəhmi, Muxtar Hüseynzadə, Əkrəm Cəfər kimi dühalar sağ idi və bizə dərs deməsələr də, uzaqdan gedib onlara tamaşa edərdik: necə danışırlar, necə yeriyirlər, necə baxırlar – hər şey çox maraqlı idi.

Kommunistdən İstiqlala…

O zamanlar filologiya fakültəsi Kommunist (indiki İstiqlaliyyət) küçəsində yerləşirdi, orada tarix və hüquq fakültələri ilə qonşu idik. Məsələ burasında idi ki, o dövrdə tələbələr arasında çox qaynar bir ab-hava var idi və elə bil 10-15 ildən sonra baş verəcək milli azadlıq hərəkatına hazırlıq başlanmışdı.

Hamı uzaq olmayan keçmişdə – 1969-cu ildə universitetin 50 illik yubileyi vaxtı respublikanın rəhbəri Heydər Əliyevin rusların qabağında Azərbaycan dilində məruzə etməsindən danışırdı, hamının gizli dəftərində Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının əlyazması gəzirdi, bir il əvvəl həbs olunmuş tarix fakültəsinin müəllimi Əbülfəz Əliyevin (sonralar müstəqil dövlətimizin ikinci prezidenti olmuş Əbülfəz Elçibəy) mühazirələri haqda əfsanələr dolaşırdı, ürəklərdə Asif Əfəndiyevin (Asif Ata) yaratdığı “Etik və estetik tərbiyə klubu”na üzv olmaq arzusu yaşayırdı, repressiya edilən və 8 il Sibirin ən soyuq həbsxanalarında yatan əyilməz Gülhüseyn Hüseynoğlunun mühazirələrini dinləmək, onun öz dilindən Azərbaycanın azadlığı uğrunda dostları ilə birgə yaratdığı “İldırım” təşkilatı haqda eşitmək istəyi qaynayırdı…

Fenomenlərdən biri…

Belə bir mühitdə bir parlaq şəxsiyyət də var idi. Özü demişkən, “bir kimsəsiz tənha cəfakeş”, “borclarını üzə bilmək” arzusu ilə yaşayan, ancaq çox ləyaqətli, təmiz, vicdanlı, həm də qayğıkeş, son tikəsini kasıb tələbəylə bölməyə hazır olan Ağa Laçınlı!

“Tələbələrin dostu”, söhbətlərindən nur tökülən böyük vətəndaş, qüdrətli şair, səmimi insan olan Ağa Laçınlı o dövrlərdə dekanlıqda sadəcə metodist işləyirdi.

Hamının dərin rəğbətini qazanan bu adamın içində özü boyda ürək var imiş – xeyli sonralar bildik. Bizim qəliz müəllimlərdən ala bilmədiyimiz zaçotun dərdini bizdən çox çəkən, tapa bilmədiyimiz kitabları evindən gətirib verən, şeir yazan uşaqların əlindən tutub redaksiyalara xahişə gedən bu “qəribə” müəllimin problemləri bizmkindən xeyli çox imiş, bunu da sonralar bildik. Demə, aldığı 150 manat əməkhaqqı ilə evində beş uşaq böyüdürmüş, onların yemək dərdi, paltar dərdi bizim zaçot dərdimizə qarışıbmış, bizim sevinə-sevinə qəbul etdiyimiz tapılmayan kitabları gedib tanınmış alimlərdən xahiş eləyib alırmış, özünün şeirlərini “Qlavlit” çapa buraxmadığı halda bizim yazılarımızın çıxmasını arzulayırmış. Bunları da sonralar bildik.

Bütün bu və digər problemlərini hiss etdirmədən müəllim qayğısı ilə bizi sevən, əzizləyən, hər dərdimizə şərik çıxan, daim nikbin olan və bizə də bunu təlqin edən Ağa müəllim fenomenal bir insan idi.

Orta məktəbdən təzə ayrılıb gələn uşaqlar üçün universitet müəlliminin simvolunu yaratmaq qüdrətində olan fenomenal insan. Bu adam həm də çox sadə, bir az utancaq, olduqca abırlı-həyalı bir insan idi. Tələbələrlə danışanda da qızarardı, sözlərini çox sakit tonda deyərdi, hər hadisəyə yavaşca, ehtiyatlı münasibət bildirərdi.

Ancaq söhbət milli məsələlərdən, vətən təəssübkeşliyindən, yurd sevgisindən düşəndə, bu adam 180 dərəcə dəyişərdi. Odlu-alovlu tribuna çevrilərdi, bir addım geri çəkilməzdi. Bu zaman onun böyük vətəndaş olduğunu görərdik, daxili aləminin necə zəngin olduğunu duyardıq, elə arqumentlər gətirərdi, o qədər dərin fikirlər söyləyərdi ki, məəttəl qalardıq.

Onun şeirlərindən də “od yağırdı”, o dövrün tələblərinə görə belə şeirləri çap etmək qəti qadağan idi:

Doğma xalqım, özün söylə keçmişini,
Söylə, kimlər ayaqlara sərdi səni.
Çox ağlatdı, çox göynətdi için-için
Bu torpağın, bu millətin dərdi səni.

Milli hiss və duyğuları oyaq, yaşa görə onsuz da çılğın olan biz gənclər üçün belə şeirlər çox yerinə düşürdü, ruhumuzu oynadırdı, ancaq bu şeirləri sakit təbiətli, mülayim, xeyirxah və çox humanist Ağa Laçınlının yazmağına inanmağımız gəlmirdi:

Barınmadın bol suyundan, çörəyindən,
Yarımadın köməyindən, dirəyindən.
“Arxaların” nişan aldı kürəyindən,
“Qahmarların” fürsət tapcaq vurdu səni.

İnsanlıq elmləri doktoru, akademik

Təbiəti belə təzadlarla dolu olduğuna görə zəngin daxili aləmli bu adam bizimçün professorlarla, akademiklərlə bir sırada dayanırdı. Yuxarıda adını çəkdiklərim hərəsi bir dünya idi, ancaq heç biri Ağa müəllim qədər bizə yaxın deyildi ki, içəridən onu tanıyaq və belə sevək. Ona görə məndən müəllimlərim haqda xatirə yazmaq barədə xahiş ediləndə Ağa Laçınlı gəlib durdu gözlərimin qarşısında.

Yəqin Bəxtiyar Vahabzadə, Əlövsət Abdullayev, Ağamusa Axundov, Təhsin Mütəllimov, Fərhad Zeynalov, Xalid Əlimirzəyev, Gülhüseyn Hüseynoğlu, Samət Əlizadə, Şahməddin Xəlilov kimi əvəzsiz müəllimlərimizin ruhu (Allah Təhsin müəllimi qorusun!) məndən inciməz ki, onlar dura-dura mən onlardan yaşca cavan olmuş Ağa Laçınlı haqqında yazıram.

Həm də universitetimizi yaxından tanımayanların da bu həqiqətə xoş bir təəccübünü istəyirəm ki, o zamanlar cavan oğlan olan, hələlik elmi dərəcəsi də olmayan sadə bir metodist Ağa Laçınlı bu qədər zəngin və nəcib bir insan idisə, gör akademiklər, professorlar hansı səviyyədə olub.

Fikrət Şiriyev,
BDU-nun dosenti
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər