Rusiya xarici işlər naziri Sergey Lavrov Kremldə Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev arasında keçirilən danışıqlarda iştirak etməyib.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, onun yerini nazirin müavini Mixail Qaluzin tutub.
Prezident Vladimir Putinin xarici işlər naziri ilə qızğın müzakirə apardığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə XİN rəhbəri Sergey Lavrov arasında problem olduğunu (Putinlə Lavrov arasında gərginlik – Kremlin koridorlarında XİN rəhbərinin yola salınacağı iddiaları) yazmışdıq. Qeyd etmişdik ki, Lavrov daimi üzv kimi noyabrın 5-də baş tutmuş Təhlükəsizlik Şurasının iclasında iştirak etməmişdi. Kreml bunu “razılaşdırılmış” kimi qələmə vermişdi.
Bundan başqa, Lavrovun 22–23 noyabrda Cənubi Afrikada keçiriləcək “G20” sammitində iştirak etməyəcəyi, əvəzində daha aşağı səviyyəli bir rəsminin göndəriləcəyi məlumatları da təsdiqləndi. Putinin yeni əmri ilə Maksim Oreşkin (prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini) və Aleksey Overçuk (baş nazirin müavini) hazırda Rusiyanın G20 və ASEAN sammitlərindəki nümayəndə heyətlərinə rəhbərlik edir. Daha əvvələr isə bu missiyalara Lavrov özü rəhbərlik edib.
Mənbələr bu dəyişikliyi Putin və Donald Tramp arasında Budapeştdə keçirilən görüşün pozulması ilə əlaqələndirirlər. Qərb mediasının məlumatına görə, bu görüş Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə uğursuz söhbətindən sonra baş tutmayıb.
Kremlə yaxın “Telegram” kanallarının məlumatına görə, Rusiya XİN rəhbərinə qarşı xidməti yoxlamalar başlayıb.
Cavid, BakuPost