Ru
14:31 / 24 İyun 2026

Lerikdən Bakıya niyə gəldilər? – 4 gəncin faciəsinin arxasındakı reallıq

Lerikdən Bakıya niyə gəldilər? – 4 gəncin  faciəsinin arxasındakı reallıq
Eye

Azərbaycanda regionlarda məşğulluğun artırılması ilə bağlı müxtəlif proqramlar həyata keçirilsə də, real vəziyyət göstərir ki, iş imkanları hələ də əsasən Bakı və iri şəhərlərdə cəmləşir. Bu səbəbdən rayonlarda yaşayan insanların paytaxta axını davam edir və regionlarda işsizlik problemi aktuallığını qoruyur.

Son günlərin ən faciəvi hadisələrindən biri - Lerikdən gələn 4 gəncin Mərdəkan çimərliyində boğularaq ölməsi bu problemin acı nəticələrindən biri kimi diqqət çəkir.

Hadisə ilə bağlı açıqlanan faktlar arasında ən diqqətçəkən məqamlardan biri onların məhz mövsümi iş üçün Bakıya gəlmələri olub. Belə ki, gənclər Xəzər rayonu ərazisində tikinti sahəsində usta və fəhlə kimi çalışıblar. İşlərini yekunlaşdırdıqdan sonra istirahət üçün dəniz sahilinə yollanıblar və bu zaman faciə baş verib.

Statistik məlumatlara görə, hər il ölkənin əmək bazarına təxminən 100 min nəfər əmək qabiliyyətli insan daxil olur və onların əhəmiyyətli hissəsi regionların payına düşür. Bu isə bölgələrdə məşğulluq yükünün daha da artmasına səbəb olur.

Maraqlıdır, işsizlik problemini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Regionların sosial-iqtisadi inkişafına mane olan əsas amillər nələrdir?

Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı Fərhad Pərvizi bildirir ki, daxili miqrasiya uzun illərdir davam edir və əsasən kəndlərdən Bakı və Abşerona yönəlir. Onun sözlərinə görə, bu urbanizasiya paytaxtda həddən artıq kütləvi məskunlaşmaya və hər kəs üçün iş imkanlarının azalmasına gətirib çıxarır:

“Lakin yalnız iş yeri çatışmazlığı bunu izah etmir. Regionlarda, xüsusən kənd yerlərində zəif sosial-mədəni infrastruktur uşaqlar və gənclər üçün keyfiyyətli təhsilə çıxışı məhdudlaşdırır. Bu da ölkənin əmək bazarında peşəkar kadr itkisi deməkdir. Dövlət hər il kənd təsərrüfatına subsidiyalar ayırmasına baxmayaraq, insanların bu sektora marağı artsa da, zəif formadadır”.

Fərhad Pərvizi müxtəlif xarici elmi mənbələrə istinad edərək əsas 5 struktur problemi qeyd edib:


“1. Koordinasiya uğursuzluğu

Regional inkişaf proqramları çox vaxt məhvərindən çıxır. İş yeri yaradılması bir nazirlikdən, maliyyə başqasından, təhsil isə üçüncüsündən gəlir, yerli rəhbərlik isə real qərar vermə sələhiyyətinə malik olmur. Bu problemi araşdıran tədqiqatçılar müəyyən ediblər ki, regional bərabərsizliyin kökü iqtisadiyyatdan daha dərinə gedir: nazirliklər arasında zəif koordinasiya, etibarsız statistik məlumatlar, sərt planlaşdırma təcrübəsi və yerli səviyyədə səlahiyyətsizlik əsas sistemik maneələrdir. Nəticə: proqramlar kağız üzərində mövcuddur, reallıqda isə insan hər il eyni nəticəsiz addımları görür. (mənbə Harvard )

2. İqtisadi mürəkkəbliyin regionlara yayılmaması

Sənaye parkları Azərbaycanın qeyri-neft ixracının əhəmiyyətli hissəsini təmin edir, lakin son bir neçə il qədər bu parkların əksəriyyəti Bakı ətrafındadır. Qarabağın azad edilməsindən sonra torpaq, elektrik enerjisi və yol infsratrukturu təmin edilərək yeni sənaye zonaları yaradılıb və yaxşı inkişaf templərini göstərir. Lakin bunun səmərələyini tam görmək üçün zaman gərəkir.
3. İnsan kapitalının zəif regional bazası

Regionlardan şəhərlərə axın uzunmüddətli perspektivdə kənd təsərrüfatı sektorunda ixtisaslı kadr çatışmazlığı problemi yaradır. Uzunmüddətli iş vərdişləri kənd təsərrüfatında formalaşmış gənclər şəhərlərə axışdıqca bu problem dərinləşir. Bu özünü gücləndirən bir spiraldır: keyfiyyətli mütəxəssislər regionda qalmır → biznes investisiya qoymur → daha çox adam gedir. (Mənbə Stm)

4. Makro-fiskal volatillik regionları daha çox vurur

2015-ci ildəki manat devalvasiyası Bakıdakı böyük müəssisələrə nisbətən regional kiçik və orta sahibkarlığı daha ağır zərbə vurdu. Bazar gücü zəif, xərcləri dollarla bağlı olan, maliyyəyə çıxışı məhdud regionlardakı sahibkarlar belə şoklara daha həssasdır. Bu isə hər makroiqtisadi gərginlik dövründə yeni bir köç dalğası yaradır.

5. Mərkəzsizləşmənin yarımçıqlığı

İkinci dərəcəli şəhərlərdə qeyri-adekvat şəhərsalma planlaması məkan bərabərsizliyinə yol açıb. Bakı böyük miqyaslı investisiyalardan bəhrələnərkən digər şəhər mərkəzləri xidmət edilməmiş, iqtisadi cəhətdən marjinal olaraq qalır”. ( mənbə Asian Development Bank)

İqtisadçı problemin həll yollarından da bəhs edib. O bildirib ki, işsizliyi yalnız müavinət və ya dövlət proqramları ilə aradan qaldırmaq mümkün deyil:


“Bu yanaşma simptomları müalicə edir, xəstəliyi yox. Aşağıdakı struktur tədbirlər prioritet olmalıdır:

“Hər region üçün ayrıca iqtisadi imkan xəritəsi tətbiq olunmalıdır. Gəncə, Lənkəran, Şəki, Mingəçevir fərqli rəqabət üstünlükləri, fərqli sənaye potensialı var. Bir ölçü hər yerə uyğun gəlmir. Regional inkişaf siyasəti bu fərqləri nəzərə alan, yerli iqtisadi strukturu anlayan bir bazadan başlamalıdır.

Bundan əlavə, yerli səviyyədə “koordinasiya ofisi” mexanizmi yaradılmalıdır.
Uğurlu regional inkişaf proqramları həmişə bir yerli koordinasiya nöqtəsi üzərində qurulur. Bu nöqtə iş yeri yaradılmasını, maliyyə çıxışını, kadr hazırlığını və bazar əlaqəsini eyni çatıda birləşdirir. Hal-hazırda bu funksiyalar ayrı-ayrı qurumlar arasında parçalanıb.

İş yeri yaratmaqdan əvvəl kiçik biznesi rentabelli etmək

Regionlarda işsizliyin dərin səbəbi çox vaxt iş yerinin olmaması deyil, mövcud kiçik bizneslərin iqtisadi cəhətdən dayanıqsız olmasıdır. Bir ailə ferması, bir emalatxana, bir kiçik servis şirkəti doğru maliyyə, marketinq və idarəetmə bilikləri olmadan iflas edir, sahibkar isə şəhərə köçür. Buna görə regional məşğulluq strategiyası əmək haqqına deyil, sahibkarlığın gəlirliliyinə fokuslanmalıdır.

Qarabağın bərpası da nəinki tarixi missiya, həm də böyük iqtisadi imkandır. Lakin tutarlı sub-milli iqtisadi planlaşdırma olmadan bu bərpa yalnız infrastruktur investisiyasından ibarət qalar, dayanıqlı məşğulluq yaratmaz. Paytaxt investisiyasının regional iqtisadiyyata qoşulması özbaşına baş vermir. Onu siyasət vasitəsilə istiqamətləndirmək lazımdır”.

İqtisadçı sonda qeyd edib ki, bu problem yalnız Azərbaycana xas deyil:

“Lakin onu həll etmək istəyiriksə, tək bir böyük həll gözləmək əvəzinə daha kiçik giriş nöqtələri axtarmaq, pilot layihələrdən öyrənmək və yerli iştirakçıları real qərar vermə gücü ilə təchiz etmək lazımdır.
Bütün bunların özəyindəki həqiqət budur: Bakıya axın regionda çatışmazlığın deyil, regionda perspektivsizliyin nəticəsidir. İnsanlar yaxşı iş görmək, övladlarını yaxşı oxutmaq, sağlamlığa çıxış əldə etmək istəyirlər. Bunları region təklif edə bilərsə, axın dayanar. Yalnız iş yeri yaratmaq kifayət deyil. O iş yerinin yanında keyfiyyətli məktəb, həkim, rəqəmsal infrastruktur da olmalıdır. Bu isə yalnız bir nazirliyin yox, bütün dövlət sisteminin əlaqəli hərəkətini tələb edir”.

Digər iqtisadçı Akif Nəsirli isə bildirib ki, regionlarda işsizliyin azaldılması üçün ilk növbədə dayanıqlı və yüksək gəlir gətirən iş yerlərinin yaradılması vacibdir:

“Bunun üçün yalnız dövlət layihələri deyil, özəl investisiyaların da regionlara cəlb olunması böyük əhəmiyyət daşıyır. Kənd təsərrüfatı, emal sənayesi, turizm, logistika və kiçik sahibkarlıq sahələrinin inkişafı regionlarda məşğulluğun artırılmasına kömək edə bilər”.

A.Nəsirlinin sözlərinə görə, hazırda regionların sosial-iqtisadi inkişafının qarşısını alan əsas maneələrdən biri iri investisiyaların və biznes imkanlarının əsasən Bakıda cəmləşməsidir:

“Bir çox rayonlarda əmək bazarının tələblərinə uyğun peşəkar kadr çatışmazlığı, məhdud istehsal imkanları və satış bazarlarına çıxış problemləri də mövcuddur. Bundan əlavə, bəzi ərazilərdə infrastrukturun, xüsusilə nəqliyyat və rəqəmsal xidmətlərin yetərli səviyyədə olmaması sahibkarların fəaliyyətini çətinləşdirir.
Regionlarda sənaye zonalarının genişləndirilməsi, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, güzəştli kreditlərin əlçatanlığının artırılması və yerli məhsulların ixrac imkanlarının genişləndirilməsi məşğulluğun artmasına müsbət təsir göstərə bilər. Əks halda, insanlar daha yüksək əməkhaqqı və geniş karyera imkanları üçün paytaxta üz tutmağa davam edəcəklər”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar