Ru
08:55 / 30 Aprel 2019

Məktəbdə öyrətməsələr, zirzəmidə öyrənəcəklər

3104

Kənan Rövşənoğlu

Dini bilgilərin öyrənilməsi lazımdır, amma...

Həmvətənlərimizin bu qədər dünyəviliyi müdafiə etməsi yaxşı hadisədir, zaman-zaman gündəmə gələn dini radikalizm təhlükəsi ilə bağlı xəbərdarlıqları çürüdür. Bu ölkədə dünyəviliyin tərəfdarları hələ yüksəkdir. Amma kaş ki, bu həssaslıq demokratiya və insan haqları kimi mövzulara da göstəriləydi. Yeri gəlmişkən, dini radikalizmə qol-qanad verən amillərdən biri də məhz həmin ölkədə sosial, iqtisadi, siyasi, hüquqi ədalətsizliklər olur. Ən azı Yaxın Şərqin müasir tarixindən onlarla nümunəni bilirik.

Əlbəttə, bu ölkədə orta məktəbdə din dərsi keçilməyəcək, hətta keçilməsi belə məsləhət deyil, çünki ana dili, riyaziyyat kimi təməl elmlərin yüksək səviyyədə tədirs olunmadığı, ciddi problemlərin olduğu təhsil sistemində din kimi həssas mövzunun tədrisi təhlükəli olardı.

Artıq əlaqədar rəsmi qurumlar da düzəliş veriblər, dini təhsil dedikdə nəyin nəzərdə tutulduğunu izah ediblər. Bu haqda geniş yazmağa gərək yoxdur, amma...

Amma mən şəxsən orta məktəbin yuxarı sinifində, məsələn ya 9, ya da 11-də din dərsinin olmasını dəstəkləyərdim. Ən azı yetişkin şagird bilməlidir ki, din nədir? Çünki onu siz orta məktəbdə öyrətməsəniz belə onsuz da öyrənəcəklər. Ya evlərdə, ya hansısa zirzəmidə gizli şəkildə, ya da internetdən minlərlə təbliğat materiallarından öyrənəcək və o zaman öyrəndiyi şeylər sizin xoşunuza gəlməyən şeylər ola bilər. Həddən artıq riskli mövzular din adına gənclərin beyninə yerildildiyi müasir dövrün acı reallığıdır. Orta məktəbdə din dərsi keçilsə, şagirdin dinlərlə bağlı elementar bilgiləri olar, ən azı nəyin doğru, nəyin yanlış olması ilə bağlı "immuniteti" yaranar, internetdə və ya məhəllədə qulağına pıçıldanan söhbətlərin təsiri altına asanlıqla düşməz.

Aydın məsələdir ki, orta və ya ali məktəbdə keçiləcək bir saatlıq din dərsi ümumi bilgilər verə bilər. Çoxunun təsəvvür etdiyi kimi, şəriəti öyrətmək mümkün deyil, bunun üçün xüsusi ixtisas mətkəbləri olur. O da ayrı mövzudur ki. indi Azərbaycan məktəblərində bu mövzuları tədris edəcək kadr varmı?

Ali təhsil müəssisələrində, xüsusilə də humanitar ixtisaslarda din tədrisi fənn kimi tədris olunması isə artıq vacib msələyə çevrilib. Bəlkə də bir çoxları xatirlamaz, amma qabaqlar hüquq mühafizə orqanları dini sektalar haqqında məlumat almaq üçün mollaların yanına məsləhət getdiyi günlər vardı. Gələcəyin müəllimi, hüquqşünası, politoloqu dinlər, eləcə də xüsusən də İslam dini və onun təlimləri haqqında geniş bilgiyə sahib olmalıdır. Siz inkar etsəniz də din var və cəmiyyət üzərində təsirə malikdir, onu inkar etmək deyil, öyrənmək lazımdır. Çünki nə zamansa qarşılaşanda molla yanına qaçmayasınız deyə.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər