Ru
20:44 / 23 Sentyabr 2026

Tehranın “belini qıran” qərar: İran aviasiyası faktiki olaraq BLOKLANDI

Tehranın “belini qıran” qərar: İran aviasiyası faktiki olaraq BLOKLANDI
Eye

Bu gündən etibarən İranın bütün aviaşirkətlərinin dünya ölkələrində fəaliyyəti faktiki olaraq bloklanacaq.

Bu barədə məlumat verən ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İran təyyarələri eniş edərsə, onlara yanacaq, yerüstü xidmət göstərilməsi və bilet satılmasına icazə verilməyəcək.

Bessent deyib ki, bunun əksinə gedən ölkələr dollar sistemindən çıxarılacaqlar.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoruna yeni sanksiyalar elan edib. Həmin vaxt nazirlik 27 İran aviaşirkətini sanksiya siyahısına daxil edərək, bu ölkənin aviasiya sektoruna dəstək verən xarici qurumlara qarşı tədbirlər görüləcəyini də bəyan edib.

Bu addım İrana hansı zərbələr vura bilər və İranı çökdürə bilərmi? Yəni onun İran üçün nəticəsi nə olacaq?

Siyasi şərhçi Rəşad Bayramov “Bakupost”a bildirib ki, ABŞ-nin İran aviaşirkətlərinə qarşı yeni məhdudiyyətləri Tehrana qarşı iqtisadi təzyiq siyasətinin daha sərt mərhələyə keçdiyini göstərir:


“Bessentin açıqlamalarına baxsaq, görərik ki, bu, İran təyyarələrinin dünya üzrə uçuşunun faktiki olaraq qadağan edilməsi ilə yanaşı, həm də xarici xidmət təminatçılarına qarşı ikinci dərəcəli sanksiya təhdididir”.

Ekspertin sözlərinə görə, bu mexanizmin İran üçün ilk və əsas görünən nəticəsi beynəlxalq hava əlaqələrinin daralması olacaq:
“Artıq bir sıra istiqamətlərdə uçuşların dayandırılması müşahidə olunur. İraq və Oman İran reyslərini qəbul etməyəcəyini açıqlayıb, Türkiyə, Azərbaycan və bir sıra ölkələr də İran aviaşirkətlərinin uçuşlarına məhdudiyyət tətbiq edib. Amma hələ ki, Çin kimi ölkələr ABŞ sanksiyalarına qarşı mövqe nümayiş etdirir və ona görə də bəzi istiqamətlərdə İran aviaşirkətlərinin fəaliyyətinin davam etməsi mümkündür”.

Müsahibimiz qeyd edir ki, bu addımın təsiri yalnız sərnişin daşımaları ilə məhdudlaşmır:

“İran uzun müddətdir aviasiya sektorunda təyyarə, ehtiyat hissələri, texniki xidmət və sığorta baxımından ciddi məhdudiyyətlərlə üzləşir. Beynəlxalq aeroportlarda yanacaq və yerüstü xidmətlərin əlçatanlığının azalması bu problemləri daha da dərinləşdirə bilər. Nəticədə İran aviaşirkətlərinin xarici reyslərinin əhəmiyyətli hissəsi daxili və məhdud sayda ölkələr istiqamətində cəmləşəcək”.

Bununla belə, R. Bayramov atılan addımın İranı dərhal çökdürəcəyini düşünmür:

“İran uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərir və iqtisadiyyatını alternativ ticarət kanallarına, qeyri-dollar hesablaşmalarına və məhdud da olsa Çin və Rusiya ilə əlaqələrə uyğunlaşdırıb. Üstəlik, aviasiyanın sıradan çıxması avtomatik olaraq İranın neft gəlirlərini, enerji sistemini və daxili iqtisadi fəaliyyətini dayandırmır”.

Ekspertin fikrincə, aviasiya sanksiyaları ayrıca həlledici zərbə deyil, əksinə daha geniş iqtisadi təcrid strategiyasının bir hissəsidir:
“Əsas məsələ təzyiqin başqa sanksiyalarla birlikdə necə işləyəcəyidir. Hazırkı tədbir İranın dəniz nəqliyyatı, maliyyə sistemi və enerji ixracına yönələn təzyiqlərlə paralel tətbiq olunur.

Ümumilikdə isə yeni məhdudiyyətlərin İran üçün real iqtisadi və sosial problemləri artıracağı şübhəsizdir. Beynəlxalq təcrid dərinləşəcək, səyahət və logistika bahalaşacaq, aviaşirkətlərin maliyyə yükü artacaq. Əsas məsələ odur ki, bundan sonra Çin və digər ölkələr İran aviasiyasına hansı səviyyədə xidmət göstərməyə davam edəcək və Vaşinqtonun təzyiqi genişləndirməsinin enerji, maliyyə və dəniz sektorlarına təsiri necə olacaq? Düşünürəm ki, bu amillərin birgə təsiri İranın iqtisadi dayanıqlılığı üçün aviasiya sanksiyasının özündən daha böyük əhəmiyyət daşıyır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar