Ru
14:55 / 06 Fevral 2026

“Məktəblərdə çox qorxulu mühit yaranıb” – Ekspert

“Məktəblərdə çox qorxulu mühit yaranıb” – Ekspert
Eye

“Son dövrlərdə məktəblərdə və ya məktəb ətrafında şagirdlərin bir-birinə qarşı zorakılıq hadisələrinə tez-tez rast gəlirik. Baş verən insidentlər sanki sadədən-mürəkkəbə doğru irəliləyir”.

Bu sözləri Bakupost.az -a təhsil eksperti Cahid İmanov “İdrak” liseyində baş verən insidentə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əvvəllər müxtəlif xəbər portallarında şagird şagirdi döydü, bıçaqladı kimi manşetlərə rast gəlinirdisə, artıq bu siyahı “şagird müəllimi güllələdi” kimi dəhşətli başlıq da əlavə olunub:

“Təhsilalanların və təhsilverənlərin ən başlıca hüquqlarından biri bunu təhlükəsiz şəraitdə etmələridir. Baş verən insident isə artıq məktəblərdə nəinki təhlükəsiz, əksinə qorxulu mühit yarandığını göstərir. Səbəbindən, mötivindən və nəticəsindən asılı olmayaraq hadisə sübut edir ki, Azərbaycan orta təhsil sistemi uçurumun bir addımlığındadır. Hadisənin ödənişli liseydə baş verməsi isə ayrıca müzakirə olunmalıdır”.

C.İmanov hesab edir ki, baş verən hadisə yeni təsdiqlənmiş şagird davranış qaydalarının heç bir işə yaramadığını ortaya qoyur:

“Bunu bir neçə dəfə təklif etmişəm, yenə də birmənalı olaraq vurğulayıram: Məktəblərdə Daxili İşlər Nazirliyinin daimi polis məntəqəsi olmalıdır. Bu ilk növbədə şagird sayı 500-dən yuxarı olan məktəblərdə tətbiq edilməlidir. Davranış problemləri olan, çətin tərbiyə edilən uşaqlar polis nəzarətinə götürülməlidir. Qeyd edim ki, polislər cinayətə meyilli uşaqları daha tez aşkara çıxara bilirlər, onların məktəbdə olması həm valideynlərin, həm də şagirdlərin məsuliyyətini artıra bilər. Bu həm də digər bir ciddi məsələnin – məktəb ətrafında narkotik maddələrin satışının da qarşısını almağa kömək edər”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar