Azərbaycanda azad sahibkarlığın inkişafına əngəl yaradan amillərdən biri də həmin sahəyə yersiz məmur müdaxilələridir.
Ölkəmiz müstəqillik əldə etdikdən üzü bəri ölkədə azad sahibkarlıq mühiti və liberal iqtisadiyyatın yaradılması və bu zaman məmur və vəzifəli şəxslərin sözügedən sahəyə əsassız müdaxilələri və maneə törətməsinin qarşısını almaq üçün bir sıra ardıcıl qanunvericilik və institusional addımlar atılıb. Qanunvericiliyə görə, dövlət nəzarəti sahibkarın işinə mane olmamalıdır. Eyni zamanda, sahibkarlığa qanunsuz mane olan şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması mexanizmləri də mövcuddur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 190-cı maddəsinə görə, fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından, lisenziya verilməsindən qanunsuz imtina etməyə, onların hüquqlarını məhdudlaşdırmağa və ya fəaliyyətinə qanunsuz müdaxilə etməyə görə vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Digər tərəfdən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan planlı yoxlamalara 2027-ci ilin yanvarın 1-dək moratorium qoyulub. Hansı ki, atılan bu və digər addımlar sahibkarlığın inkişafına, iqtisadiyyatın liberallaşmasına mühüm töhfələr verir.
Buna qədər isə məmurların sahibkarlıq subyektlərinə yersiz müdaxilələri daha geniş xarakter almışdı. Müxtəlif səpkili məmurlar sahibkarların başı üzərini “domokl qılıncı”kimi alaraq, onların sərbəst fəaliyyətinə demək olar ki, imkan vermirdilər. Bəzi ekspertlərin rəyinə görə, bu yöndə əsas maneələr bürokratik əngəllər, lisenziya, icazə, sənədləşmə proseslərində süni gecikmələr, süründürməçilik və məmur himayəsində olan bəzi şirkətlərə üstünlüklər verilməsilə bağlı idi.
Hazırda görülən müəyyən tədbirlər sayəsində bu tendensiya müəyyən qədər azalıb. Amma yenə də belə neqativ hallara tam olaraq son qoyulmayıb. Bəzi məmurlar fürsət düşən kimi iş adamlarının sahibkarlıq fəaliyyətinə yenə də əngəl olmağa cəhd edirlər. Görəsən, daha nə kimi addımlar atılmalıdır ki, məmurların bu sahəyə yersiz müdaxilələri “sıfıra” ensin?
İqtisadçı ekspert
Fuad İbrahimov “Bakupost”a bildirib ki, sahibkarlar özləri də nədənsə məmur müdaxilələrinə dözümlü yanaşırlar:
“Bu ağrılı məsələdir. Bu istiqamətdə qəbul olunan qanunvericilik və qərarlar elə bir vəziyyət yaradır ki, belə hallar baş verməməlidir. Hətta belə neqativ hallara yol verən məmurlarla bağlı kifayət qədər həbslər də olub. Regionlarda bu istiqamətə rəhbərlik edən insanlar anında nəinki vəzifələrindən kənarlaşdırıldılar, hətta məsuliyyətə də cəlb olunublar. Belə hallar kifayət qədər olub. Ancaq reallıqda hələ də bunun əksini görürük, məmurlar yenə də sahibkarlıq subyektlərinə maneələr yaratmaqda davam edirlər. Onların prosesə müdaxilələri dayanmayıb. Maraqlısı odur ki, sahibkarlar da belə vəziyyətə nədənsə dözümlülük nümayiş etdirir. İqtisadiyyatın boğulması və buna sahibkarlar tərəfindən ümumən reaksiya göstərilməməsi gələcəyə xəyanətdir”.
Ekspertin fikrincə, ölkəmizdə vəzifəli şəxslərin biznes mühitinə müdaxilələri həddən artıq çoxdur:
“Müasir dünya sürətli inkişaf tələb edir. İstər şimal, istərsə də cənubdakı vəziyyət ölkəmizdən mütləq şəkildə sürətli hərəkətdə olmağı tələb edir. Bunun üçün də bütün imkanlarımız var. Bütün Şərq, Qərb, hamı yaşadığımız bölgənin biznes mühiti baxımından ən cazibədar məkanlarından biri olmasında maraqlıdır. Amma təəssüf ki, daxildə iqtisadi müstəvidə biznes mühitinə vəzifə sahiblərinin müdaxilələri həddən artıq çoxdur. Bu müdaxilələr isə öz növbəsində biznesin rəqabət yönümlülüyünü məhv edir. Nəticə etibarı ilə yaranan biznes sahələri normal fəaliyyət göstərə bilmir, həmin sahədə müəyyən axsamalar baş verir, ölkənin investisiya siyasətinə xələl gətirir, kapital qoyuluşlarının səmərəli istifadəsinə problemlər yaradır”.
Müsahibimiz problemdən çıxış yolunu istənilən regionda qeydiyyata alınan bu və ya digər biznes sahəsinin fəaliyyəti dayanarsa, mütləq şəkildə rayon aktivinin izahatının alınmasında görür:
“Bu məsələyə aidiyyəti olan rəhbərindən tutmuş kiçik məmuruna qədər hər kəs, icra hakimiyyəti, Fövqəladə Hallar, vergilər, Daxili İşlər Nazirliyinin bölmələri və digər cavabdeh qurumlar müəssisənin bağlanmasının səbəbləri barədə izahat verməlidir. Ay və ya rüb ərzində 3 belə müəssisə bağlanırsa, artıq bütün rayon aktivi istefaya getməlidir. Belə bir modeli tətbiq etsək, məmur müdaxilələrinin qarşısını da əhəmiyyətli dərəcədə ala bilərik. Çünki cəzalandırma addımları müsbət nəticə vermir. Sahibkar da mövcud vəziyyətdə düşdüyü durumla bağlı məlumat verməkdən çəkinir. Amma qeyd etdiyim model tətbiq olunsa, rayon aktivi buna görə məsuliyyət daşıdığını anlasa, məsələdə müsbət nəticələr əldə oluna bilər”.
İqtisadçı sözügedən modeldən Belçika, İsveç və İsveçrədə geniş istifadə edildiyini dedi:
“Azərbaycanda da bu model tətbiq olunsa, bir ildən sonra ölkədə iş yerlərilə bağlı hansısa bir problemlər də olmayacaq. Xalqımız bacarıqlı, yaxşı mənada zəngin düşüncə qabiliyyətinə malik bir xalqdır. Sadəcə olaraq, onlara maneə olmaq deyil, şərait yaratmaqa lazımdır. Başqa bir tərəfdən, hansısa bir müəssisə açılanda hökumət xərcləri də biznesin boynunda olmamalıdır. Məsələn, bir sahibkar fabrik açmaq istəyir. Bu zaman onun üzərinə texniki şərt qoyulur. Belədə sahibkar biznesə başlamadan min kilovat saata təxminən 300 min manatadək dövlət rüsumu ödəməli olur. Burada hansı biznesin inkişafından söhbət gedə bilər?
Çində bu yoxdur, ona görə də həmin ölkə modeli sürətlə irəli getməkdə davam edir. İcra strukturlarının işi biznesə maneə olmaq deyil, ona şərait yaratmaqdan ibarət olmalıdır”.
Digər tərəfdən, F.İbrahimov hesab edir ki, sahibkarlıq subyektlərinə məmur müdaxiləsinin qarşısını almaq üçün məhkəmə hakimiyyətinin də daha güclü və effektiv fəaliyyət göstərməsinə nail olmalıyıq.
İqtisadçı ekspert Xalid Kərimli isə hesab edir ki, məmurların sahibkarlara problem yaratmaması üçün dövlət sektoru kiçildilməlidir:
“Dövlət sahibkarlığı məhdudlaşmalıdır. Tədricən dövlət müəssisələri özəlləşdirilməlidir. Habelə, dövlət tənzimlənməsinin həd və səviyyəsi də aşağı salınmalıdır. Dövlət hər şeyi tənzimləmək məcburiyyətində olmamalıdır. Bu yöndə strateji nöqtələrin tənzimlənməsi kifayətdir. Başqa bir tərəfdən, məhkəmə sistemi də ədalətli olmalıdır ki, biznes strukturları öz qanuni haqlarını bərpa edə və onun icrasına nail ola bilsinlər”.
Rüfət Sultan,
BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.