Son vaxtlar Sumqayıt şəhərində küçə ticarətinə qarşı mübarizə aparılsa da, reydlərin şəhərin mərkəzində deyil, əsasən kənar hissələrində keçirildiyi bildirilir.
Bu barədə
Bakupost.az -a şəhər sakinləri məlumat verib.
Sakinlərinin iddiasına görə, reydlər ucqar ərazilərdə aparıldığı halda, şəhərin mərkəzində eyni qanun pozuntularına göz yumulur:
“Küçə ticarətinə qarşı Sumqayıtda bir müddətdir reydlər həyata keçirilir və məsul şəxs əsəbiləşir, insanların gediş-gəlişinə mane olan halların aradan qaldırılmasına çağırır. Lakin nədənsə bu məsul şəxs Sumqayıtda şəhərin mərkəzində küçə ticarətini nəzarətsiz qoyub, gedib şəhərin ucqar yerlərində küçə ticarəti ilə mübarizə aparır. Baxanlarda da belə təəssürat yaranır ki, şəhərin mərkəzində küçə ticarəti olar, amma Tağıyev qəsəbəsində, 17, 18-ci mikrorayonlarda, 48-ci məhəllədə isə olmaz. Bu qaydalar hansı kitabın hansı səhifəsində yazılıb? Yəqin ki, tez-tez əsəbiləşib maraqlı replikaları ilə gündəm olan məmur müəllim daha yaxşı bilər..”- deyə vətəndaşlardan biri bildirib.
Məsələ ilə bağlı Sumqayıt şəhər İH-nin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Bakupost.az -ın sorğusuna cavab olaraq aşağıdakı şəkilləri təqdim edib küçə ticarətinin olmadığını bildirdi.