“İndiki nəsil daha çox məlumatı sadəcə oxumağa öyrəşib. Ancaq mətni anlayaraq oxumaq tamam fərqli bacarıqdır. Biz ilk dəfə mətnlərlə işləməyə başlayanda da müəyyən suallar yaranmışdı”.
Bakupost.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Trend”ə və “Baku TV”yə birgə müsahibəsində deyib.
“Yadınızdadırsa, 2019-cu ildə yeni tip tapşırıqlardan, yəni təlim nəticələrini və müxtəlif bacarıqları ölçən alətlərdən istifadə etməyə, mətn əsaslı tapşırıqları tətbiq etməyə başlayanda da eyni problemlər ortaya çıxmışdı. Məsələn, ilkin mərhələdə şagirdlərə mətn və suallar təqdim olunurdu. Tapşırıq mətni oxuyaraq ona uyğun bir cümlə əlavə etmək, yaxud mətnin adını müəyyənləşdirməkdən ibarət idi. Burada bir çox müəllimlər və ola bilsin ki, şagirdlərin özləri də mətni oxumazdan əvvəl əvvəlcə suallara baxırdılar. Sonra gözləyirdilər ki, mətndə hansısa sözü harada əlavə etməli və ya mexaniki şəkildə suala necə cavab verməlidirlər. Bəli, bunlar daha asan tapşırıqlardır və belə suallar 2019-cu ildən etibarən imtahanlarda yer alırdı”, - deyə o əlavə edib.
DİM sədri vurğulayıb ki, artıq neçə illərdir ki, mətnlə işləmə bacarıqlarını ölçən tapşırıqlarda əsas məqsəd mətni oxuyub-anlamaq və öz fikrini ifadə etməkdir.
“Məhz bu mərhələdə gənclər çətinlik çəkirlər. Onlar gözləyirlər ki, mətndə hansı sözü necə dəyişəcəklər və suala necə cavab verəcəklər. Mətni oxumurlar. Sonra sualı görəndə anlayırlar ki, burada mətni oxuyub başa düşmək lazımdır. Hər bir insanın özünəməxsus oxu sürəti var və bu bacarıq birinci sinifdən formalaşır. Sual yaranır: on bir il məktəbdə oxuyan bir şagird dərsliklərdən başqa neçə kitab oxuyub? Onun oxuma və oxuyub-anlama sürəti hansı səviyyədədir? Əvvəllər kitab oxumaq bizim üçün həm də bir əyləncə idi, bundan zövq alırdıq. Amma indi əyləncə vasitələri xeyli dəyişib və müxtəlifləşib”, - deyə M.Abbaszadə qeyd edib.