Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti təkcə Azərbaycan dilində ilk qəzet olmaqla xalqın milli oyanışının, maarifçiliyinin və azad düşüncəsinin təməl daşına çevrildi. Cəmi 56 nömrəsi işıq üzü görsə də, "Əkinçi" milli mətbuat tariximizin elə bir məktəbini yaratdı ki, onun ideyaları bu gün də Azərbaycan jurnalistikasının yolunu işıqlandırır.
"Əkinçi"dən başlanan yol sonralar "Ziya", "Kəşkül", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" kimi nəşrlərlə davam etdi. Bu mətbuat orqanları xalqın milli kimliyinin formalaşmasına, ana dilinin inkişafına, maarifçilik ideyalarının yayılmasına, istiqlal düşüncəsinin möhkəmlənməsinə böyük töhfələr verdi. Azərbaycan mətbuatı hər zaman dövrünün aynası, xalqın vicdanı və cəmiyyətin söz tribunası olmağı bacardı.
Ulu Öndər Heydər Əliyev milli mətbuatın tarixi missiyasını yüksək qiymətləndirərək deyirdi:
"Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Bu fikirlər milli mətbuatın dövlətçilik və milli düşüncə məktəbi olduğunu aydın şəkildə ifadə edir.
Müstəqillik illərində Azərbaycan mediası tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və hüquqi islahatlar medianın azad inkişafı üçün möhkəm zəmin yaratdı. 1998-ci ildə dövlət senzurasının ləğvi ölkənin demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsi oldu. Söz və mətbuat azadlığının təmin edilməsi, müasir qanunvericilik bazasının formalaşdırılması, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan jurnalistikasının yeni nəfəs qazanmasına şərait yaratdı.
Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətmizin başçısı medianın cəmiyyət həyatındakı rolunu belə ifadə edir:
"Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir."
Bu gün Azərbaycan mediası təkcə xəbəri çatdıran deyil, milli maraqları müdafiə edən, ictimai həmrəyliyi gücləndirən, maarifləndirən və dövlətçilik ideyalarını təşviq edən mühüm ictimai institutdur. İnformasiya müharibələrinin getdikcə sərtləşdiyi müasir dünyada peşəkar jurnalistikanın məsuliyyəti daha da artmışdır. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində böyük fədakarlıq nümayiş etdirərək ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdı, düşmən təbliğatına qarşı prinsipial mövqe sərgilədi. Bu gün də Qarabağın bərpası, Azərbaycanın əldə etdiyi uğurlar və regional sülh təşəbbüsləri barədə həqiqətlərin dünyaya çatdırılmasında milli media öz missiyasını uğurla davam etdirir.
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan mediası da yeni çağırışlara uyğun yenilənir. "Media haqqında" Qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin fəaliyyəti, media subyektlərinə verilən vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığı proqramlarının genişləndirilməsi dövlətin bu sahəyə sistemli yanaşmasının bariz nümunəsidir. Məqsəd aydındır: iqtisadi cəhətdən dayanıqlı, peşəkar, müasir və milli maraqlara söykənən media sistemi formalaşdırmaq.
Son illərdə Şuşanın beynəlxalq media dialoqunun mərkəzinə çevrilməsi isə xüsusi rəmzi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtında keçirilən Şuşa Qlobal Media Forumu artıq dünyanın aparıcı media platformalarından biri kimi qəbul olunur. Burada dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə jurnalistikanın gələcəyi, informasiya təhlükəsizliyi, media etikası, beynəlxalq əməkdaşlıq və sülh quruculuğunda medianın rolu kimi qlobal əhəmiyyət daşıyan məsələlər müzakirə edilir.
2026-cı ildə keçirilən IV Şuşa Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmaqla bir daha göstərdi ki, müasir dünyada media təkcə xəbərin daşıyıcısı deyil, həm də etimadın, dialoqun və beynəlxalq əməkdaşlığın mühüm platformasıdır. Şuşadan dünyaya verilən mesaj aydındır: həqiqətə söykənən jurnalistika sülhün və sabitliyin ən etibarlı təminatçılarından biridir.
Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə jurnalistlərə ünvanladığı təbrik məktubunda qeyd etdiyi kimi, Azərbaycan mediası milli-mənəvi dəyərlərin qorunması, ictimai həmrəyliyin möhkəmləndirilməsi, demokratik özünüdərkin inkişafı və cəmiyyətin maarifləndirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Bu, həm də gələcəyin mediası üçün əsas yol xəritəsidir.
Bu il Azərbaycanda Milli Mətbuatın yaranmasının 151 illiyini qeyd edirik. Bir əsr yarımdır ki, "Əkinçi"nin yandırdığı maarif çırağı sönmür. Dövr dəyişir, texnologiyalar yenilənir, informasiya platformaları transformasiya olunur, lakin dəyişməyən bir həqiqət var: güclü dövlətin güclü mediası olmalıdır. Milli maraqlara sadiq, peşəkar, obyektiv və məsuliyyətli Azərbaycan jurnalistikası bundan sonra da həqiqətin keşiyində dayanacaq, cəmiyyətin etibarını doğruldacaq və dövlətimizin inkişaf salnaməsini yazmağa davam edəcək.