Ru
11:24 / 18 Sentyabr 2026

Körfəz ölkələrində ABŞ şoku: Vaşinqtonun təhlükəsizlik çətiri niyə sarsılır?

Körfəz ölkələrində ABŞ şoku: Vaşinqtonun təhlükəsizlik çətiri niyə sarsılır?
Eye

Fars körfəzi ölkələri Yaxın Şərqdəki münaqişə fonunda Amerika təhlükəsizlik zəmanətlərinin etibarlılığına artıq şübhə ilə yanaşmağa başlayıblar.

Bu barədə "Time" jurnalı material hazırlayıb.

Qeyd edilir ki, regional dövlətlər ABŞ-nin İsrail tərəfində münaqişəyə girməsinə, lakin nəticələrinin öhdəsindən gələ bilməməsinə təəccübləniblər.

Siyasi şərhçi Aytən Qurbanova “Bakupost”a bildirib ki, Fars körfəzi ölkələrinin ABŞ-nin təhlükəsizlik zəmanətlərinin etibarlılığına dair artan şübhələri Orta Şərqdə formalaşan yeni geosiyasi reallıqların mühüm göstəricisidir. Müsahibimiz qeyd edir ki, burada söhbət Vaşinqtonun regional siyasətindən yalnız narazı qalmaqdan deyil, həm də Körfəz ölkələrinin uzun illər əsaslandığı təhlükəsizlik modelinə yenidən baxmaq niyyətlərindən gedir:
“Körfəz dövlətləri ABŞ-nin hərbi imkanlarının zəifliyini deyil, böhran zamanı bu imkanların onların təhlükəsizliyini nə dərəcədə təmin edə biləcəyini müzakirə edirlər. İsrail-İran qarşıdurmasının regional təhlükəsizlik mühitinə təsiri, enerji obyektlərinin və strateji infrastrukturların risk altında qalması Vaşinqtonun təhlükəsizlik təminatlarına inamı müəyyən qədər sarsıdıb. Bu isə Körfəz dövlətlərini öz müdafiə imkanlarını gücləndirməyə və alternativ tərəfdaşlar axtarmağa sövq edir”.

Lakin ekspertə görə, bu ABŞ-dən kəskin siyasi uzaqlaşma kimi qiymətləndirilməməlidir: “Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər üçün ABŞ hələ də hərbi texnologiya, silah sistemləri, kəşfiyyat və müdafiə sahəsində əsas tərəfdaşlardan biridir. Buna görə daha real proses ABŞ ilə münasibətlərin zəiflədilməsindən çox, ABŞ-dən strateji asılılığın azaldılmasıdır. Körfəz ölkələri təhlükəsizlik məsələsində bütün imkanlarını yalnız Vaşinqtonun siyasi iradəsinə bağlamaq istəmirlər”.

Bu yanaşmanın digər mühüm istiqaməti müsahibimizin fikrincə, Çin, Rusiya və regional aktorlarla münasibətlərin şaxələndirilməsidir: “Xüsusilə Çinlə iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsi, İranla diplomatik kanalların qorunması və Türkiyə ilə müxtəlif sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi Körfəz dövlətlərinin daha çevik xarici siyasət kursu formalaşdırdığını göstərir. Məqsəd bir güc mərkəzini digəri ilə əvəz etmək deyil, müxtəlif aktorlarla əməkdaşlıq etməklə strateji manevr imkanlarını artırmaqdır”.

A.Qurbanova hesab edir ki, bu dəyişiklik ABŞ üçün də ciddi xəbərdarlıqdır:

“Vaşinqton Körfəz ölkələrinin təhlükəsizlik narahatlıqlarına adekvat cavab vermədiyi halda, regionda onun əvvəlki dominant mövqeyi zəifləyə bilər. Bunun nəticəsində Orta Şərqdə ABŞ-nin tək təhlükəsizlik təminatçısı olduğu model tədricən daha çoxmərkəzli təhlükəsizlik arxitekturası ilə əvəzlənə bilər. Deməli, hazırkı mərhələdə əsas tendensiya Körfəz ölkələrinin ABŞ-dən üz döndərməsi deyil. Onlar ABŞ ilə strateji tərəfdaşlığı qorumaqla yanaşı, “yalnız ABŞ-a güvənmək” siyasətindən imtina etməyə çalışırlar. Bu isə Orta Şərqdə geosiyasi balansın dəyişməsi baxımından kifayət qədər ciddi prosesdir. Qarşıdakı dövrdə Körfəz ölkələrinin əsas məqsədi bir tərəfə bağlanmaq deyil, müxtəlif güc mərkəzləri arasında manevr edərək öz milli təhlükəsizliklərini və strateji maraqlarını daha etibarlı şəkildə qorumaq olacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar