Yeni tikilmiş çoxmənzilli binalarda yeraltı avtodayanacaqlarla bağlı vəziyyət getdikcə daha da kritik hal alır. Əmlak sektorunda geniş yayılmış özbaşınalıq səbəbindən həm MTK, həm də MMC modeli ilə tikilən binalarda qaraj yerlərinin idarə olunmasında ciddi pozuntular qeydə alınır. Bu, həm sakinlərin hüquqlarının tapdanmasına, həm də qiymətlərin süni şəkildə artırılmasına səbəb olur.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri əmlak eksperti Elnur Azadov yeni tikililərdə parkinq problemlərindən danışarkən deyib.
Ekspert bildirib ki, ölkədə minlərlə yeni tikili olmasına baxmayaraq, qanunvericiliyin tələbləri üzrə nəzərdə tutulan idarəetmə sistemi bu binaların heç birində demək olar ki, tətbiq edilmir:
“Yeni tikilmiş çoxmənzilli binalarda parklanma məsələsi artıq ciddi və geniş yayılan problemə çevrilib. Qaraj yerləri və onların istismarı ilə bağlı kütləvi qanun pozuntuları var. Demək olar ki, bütün yaşayış komplekslərində eyni vəziyyət yaşanır və heç birində məsələ qanunvericiliyə uyğun tənzimlənmir”.
Ekspert vurğulayıb ki, bu sahədə qiymətlər tamamilə özbaşına müəyyən olunur:
“Bir çox hallarda komendant və ya tikinti şirkətinin nümayəndələri özləri xidmət haqlarını və qaraj qiymətlərini təyin edirlər. Halbuki qanun buna qəti şəkildə yol vermir. Tikinti şirkəti fəaliyyətini bitirdikdən sonra bütün ümumi sahələrin idarə olunması sakinlərin yaratdığı müştərək cəmiyyətin səlahiyyətində olmalıdır.
Əksər hallarda tikinti şirkətləri sistemi yaratmış kimi göstərir, lakin faktiki olaraq idarəetməni öz əllərində saxlayırlar. Saxta imzalarla idarə heyəti formalaşdırılır, kağız üzərində sədr seçilir və nəticədə qarajlar uzun müddət qeyri-rəsmi gəlir mənbəyinə çevrilir.
Bu praktika həm iqtisadiyyata, həm də cəmiyyətə zərər vurur. Toplanan vəsaitlərin böyük qismi qeyri-leqal dövriyyəyə yönəlir, vergi ödənilmir və bina nəzarətsiz idarə olunur. Sakinlər isə faktiki olaraq heç bir təsir imkanına malik olmur”.
Qeyd edək ki, hazırda paytaxtdakı bir çox yeni tikili binada yeraltı parkinqlərin aylıq tarifləri də fərqli şəkildə tətbiq olunur. Bir sıra komplekslərdə 1-ci mərtəbədə yerləşən dayanacaq yerləri üçün 90 manat, 2-ci mərtəbədə isə 60 manat ödəniş tələb edilir.