Ru
16:06 / 09 İyul 2026

Müəllim və həkimlərə niyə dövlət qulluqçusu adı verilmir?

Müəllim və həkimlərə niyə dövlət qulluqçusu adı verilmir?
Eye

Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı hazırlıq işlərinə 2010-cu ildə başlanılsa da, bu günə qədər həmin məsələdə irəliləyiş yoxdur. Rəsmilər irəliləyişin olmamasını məsələnin mürəkkəbliyi ilə əlaqələndirirlər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Bakupost.az-a bildirib ki, Azərbayanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsinin gecikməsi həm böyük maliyyə yükü, həm də hüquqi struktur mürəkkəblikliyi və idarəetmə sistemində aparılan köklü islahatlarla bağlıdır.

O hesab edir ki, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi yaxın perspektivdə reallaşmayacaq:
“15 il əvvəl bu sahədə müvafiq layihə və rəylər hazırlandı. Lakin sistemin tam formalaşması prosesi ləngiyib. Ölkədə yüzminlərlə müəllim və həkim fəaliyyət göstərir. Bu qədər böyük kütləyə eyni anda dövlət qulluqçusu statusunun verilməsi dövlət aparatındakı qulluqçuların sayını bir neçə dəfə artıracaq. Yəni məsələ həm də maliyyə yükü baxımından dəyərləndirilməlidir. Çünki bu dövlət üçün maddi təminat öhədliyi yaradır”.

Ekspertin fikrincə, prosesin gerçəkləşməsi yolunda hüquqi və struktur maneələr də var:

“Mövcud qanunvericilik dövlət qulluğunun yalnız icra, qanunvericilik və məhkəmə hakimiyyəti aparatında çalışanlara şamil edilir. Müəllim və həkimlər isə xidmət funksiyasını yerinə yetirir. Bu isə dövlət qulluğu haqqında qanuna uyğun deyil. Ona görə də dəyişiklik olacaqsa, ilk növbədə qanuna müvafiq dəyişikliklər edilməlidir.

Müəllim və həkim sahələrinin spesifik fəaliyyət prinsipləri fərqli olduğundan həmin sahədə vahid hüquqi baza yaratmaq da hələlik mümkün olmayıb”.

Müsahibimiz deyir ki, belədə hökumət alternativ islahat modellərinə üstünlük verib:

“Müəllimlərə münasibətdə sertifikasiya nəticələrindən irəli gələrək, diferensial əmək haqqı tətbiq olunub. Artıq tam ştatlı müəllim modeli də ortaya gəlib. Səhiyyədə isə icbari tibbi sığortaya keçidlə həkimlərin maaşı rəsmi dövlət maaşı ilə deyil, göstərdikləri xidmət və xəstənin sayına görə müəyyənləşir. Dövlət qulluqçusunun fəaliyyəti inzibati icraat və tapşırıqların yerinə yetirilməsinə görə qiymətləndirildiyi halda, müəllim və həkimlərin fəaliyyət keyfiyyəti isə fərdi və yaradıcı yanaşma tələb edir.

İ. Orucov bildirir ki, Qərbdə dövlət sözügedən kateqoriyadan olan insanlara rəsmi dövlət qulluqçusu statusu vermək əvəzinə, dövlət qulluqçularının malik olduğu maddi-sosial, hüquqi imtiyazlara bərabər təminatlar verir:

“Azərbaycanın da məhz bu modelə meyl etdiyi müşahidə olunur. Hökumət bu məsələdə sertifikasiya və sığorta alətləri vasitəsilə sözügedən peşə sahiblərinin gəlirlərini artırmağa daha çox üstünlük verir. Hazırkı reallıqda məhz bu metod daha realdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar