Ru
16:12 / 05 Fevral 2026

Muzdlularla muzdur münasibəti – Əcnəbilərin taleyi Rusiya üçün maraqlı deyil

Muzdlularla muzdur münasibəti – Əcnəbilərin taleyi Rusiya üçün maraqlı deyil
Eye

Ukraynada əsirlikdə 43 ölkənin vətəndaşları saxlanılır. Rusiya onların azad edilməsinə yardım göstərmir və xarici muzdlu döyüşçülər qarşısında digər öhdəliklərini yerinə yetirmir.

Bakupost.az “Exo” nəşri apardığı araşdırmaya istinadən xəbər verir ki, xarici muzdlu döyüşçülər müqavilə müddəti bitdikdən sonra hərbi xidmətdən tərxis olunmaq, onlara vəd edilən Rusiya vətəndaşlığını rəsmiləşdirmək, normativ aktlarla nəzərdə tutulmuş ödənişləri almaq və hətta məzuniyyət əldə etmək imkanından məhrum edilirlər. Onlar əsir düşdükdə dəyişdirilmə siyahılarına salınmır, həlak olduqda və ya itkin düşdükdə isə hakimiyyət orqanları onların yaxınlarına yardım göstərmir. Bu barədə Ermənistan, Vyetnam, Qana, Nepal, Özbəkistan və Şri-Lanka vətəndaşları ilə bağlı şikayətlərdə bildirilir.

“Vicdanlı etirafçılar hərəkatı”nın rəsmisi Artyom Kluqa bildirib ki, xarici muzdlu döyüşçülərin cəzalanması Rusiya vətəndaşı olan müqaviləli hərbçilərə tətbiq ediləndən fərqlənmir.

“Müqavilə əcnəbi və Rusiya vətəndaşı üçün eyni şərtləri, hüquq və vəzifələri nəzərdə tutur. Əcnəbilər hərbi hissəni özbaşına tərk etmə, fərarilik, əmrin icra edilməməsi və hərbi xidmətə qarşı digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilə bilər”, – Kluqa qeyd edib.

Bununla belə, xarici vətəndaşlıq bir çox hallarda hərbçiləri rusiyalı həmkarlarından daha ağır vəziyyətə salır. Dil və qanunları bilmədiklərinə görə, onlar öz hüquqlarını qorumaq üçün tez-tez nümayəndələrin köməyinə möhtac qalırlar.

Üstəlik, hərbi komandanlıq başqa ölkə pasportunu risk faktoru kimi qiymətləndirə bilər. Bu, Qana vətəndaşı Erik A. ilə bağlı baş verib. Onun maraqlarını təmsil edən vəkilin müraciətində bildirilir ki, Erikə “Qanaya gedib hissəyə qayıtmayacağı” ehtimalı əsas gətirilərək məzuniyyət verilməyib. Bundan əlavə, o, bir illik hərbi xidmət müqaviləsi bağlasa da, müddət bitdikdən sonra ordudan tərxis edilməyib. Xidmət dövründə onda astma xəstəliyi kəskinləşib, göz travması alıb, lakin hospitalın olmamasını bəhanə edərək müayinədən keçirilməyib və görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Bu şikayət iyun ayında təqdim edilib. Erik A.-nın vəkili “Exo”ya bildirib ki, nəticə etibarilə onun ordudan tərxisinə nail olunub, lakin təfərrüatları açıqlamaqdan imtina edib.

Nepal vətəndaşı R. Xadqenin isə bəxti gətirib. O, ağır yaralanıb və hospitalda müalicədən sonra sağlamlıq vəziyyətinə görə silahlı qüvvələrdən xaric edilib. Lakin yaralanmaya görə ödəniş almaq üçün zəruri olan arayışı, həmin ödənişi və hərbi-həkim komissiyasının onu hərbi xidmətə yararsız hesab edən rəyini ala bilməyib. Onun nümayəndəsi “Exo”nun sonrakı taleyi ilə bağlı suallarını cavabsız qoyub.

Şri-Lanka vətəndaşı P. G. Caliya isə bildirir ki, müqavilə müddəti bitməsinə baxmayaraq onu tərxis etmirlər. Bu azmış kimi müharibədə iştirakını təsdiqləyən arayış da vermirlər. Həmin sənəd Rusiya vətəndaşlığına vəsatət qaldırmaq üçün tələb olunur. Bundan başqa, ona ödənişlər qeyri-müntəzəm və natamam şəkildə verilir.

Oxşar vəziyyət Ermənistan vətəndaşı Xaçatur M. ilə də bağlıdır. May ayının sonunda onun bacısı müraciət edərək yazıb ki, qardaşının hərbi xidmət müqaviləsi hələ 2023-cü ildə başa çatsa da, onu ordudan buraxmırlar. Komandanlıq ona Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün qısamüddətli məzuniyyət verib və eyni zamanda onu hərbi hissəni özbaşına tərk etmiş şəxs kimi qeydiyyata alıb.

Özbəkistan vətəndaşı Xursand Maşaripovun anası hələ 2024-cü ilin yayında naməlum bir şəxsdən fotoşəkil alıb. Şəkildə kameraya baxan, ehtimal ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi və arxa planda yerdə uzanan, oğluna bənzəyən bir şəxs görünür. Göndərən şəxs qadının suallarını cavabsız qoyub. Daha sonra o, hərbi əsirlərlə bağlı videolardan birində də oğluna bənzəyən birini gördüyünü bildirib. Volqoqrad vilayətindən olan ictimai fəal müraciət edərək Maşaripovun dəyişdirilmə siyahılarına salınmasını xahiş edib.

Şikayət 31 may tarixində göndərilib. Oktyabr ayında isə Ukraynanın Rusiya hərbçilərinə əsir düşməkdə kömək edən “Xoçu jit” (“Yaşamaq istəyirəm”) layihəsi Rusiya tərəfində döyüşmüş və həlak olmuş və ya itkin düşmüş Özbəkistan vətəndaşlarının siyahısını dərc edib. Siyahıda 481 ad olub. Maşaripovun ölüm tarixi 6 iyun 2025-ci il kimi göstərilib.

“Xoçu jit” layihəsində “Exo”ya bildiriblər ki, Maşaripov heç vaxt əsirlikdə olmayıb.

“Böyük ehtimalla ana səhv edib və oğlunu kiməsə oxşadıb. İnsanlar yaxınlarının sağ qalması ilə bağlı istənilən ümidə sarılırlar, biz hər ay yüzlərlə belə müraciət alırıq”, – deyə Ukrayna tərəfinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynada 43 ölkənin vətəndaşları əsirlikdədir. Ukrayna onların mübadilə yolu ilə azad olunmasına mane olmur, lakin nümayəndənin fikrincə, “Rusiya tərəfi bu cür mübadilələrin həyata keçirilməsində maraqlı deyil”.

“Rusiya hakimiyyəti faktiki olaraq Rusiya bölmələrinin tərkibində xidmət edərkən əsir düşmüş xarici vətəndaşların mövcudluğunu görməzlikdən gəlir və ilk növbədə rusiyalıların dəyişdirilməsini tələb edir”, – layihə nümayəndəsi vurğulayıb.

Maşaripovun anası bir ildən artıq müddətdə oğlunun taleyi barədə heç bir məlumat ala bilmədiyi halda, Vyetnam vətəndaşı Kan Van Binin dul arvadı onun ölümündən bir il sonra belə cəsədi tanımaq üçün icazə əldə edə bilməyib. Kanın müqavilə bağlayaraq müharibəyə getməsi barədə 2024-cü ilin iyununda Dağıstanın Xasavyurt şəhərinin meri öz “Telegram” kanalında məlumat vermişdi. Dul arvadının adından göndərilən şikayətdə qeyd olunur ki, Kan ehtimal ki, bir ay sonra həlak olub. Daha bir ildən sonra Müdafiə Nazirliyi qadına cəsədin Moskva vilayətindəki morqda olduğunu bildirib, lakin müraciətdə vurğulanır ki, “Rusiya Xarici İşlər Nazirliyi və Vyetnamın Rusiyadakı səfirliyinin əmri olmadığı üçün tanınmaya icazə verilməyib”. Qadın ərinin cəsədini kremasiya üçün almaqda kömək göstərilməsini xahiş edir və Rusiyada qalma müddətinin məhdud olduğunu bildirir.

Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak üçün çox vaxt aldadılaraq kütləvi şəkildə cəlb etdiyi xarici vətəndaşlar barədə dünya və müstəqil Rusiya mediası dəfələrlə yazıb. Bu həftə “The Washington Post” nəşri müəyyən edib ki, minlərlə keniyalı yüksək maaşlı mülki iş vədləri ilə aldadılıb. Muzdlu döyüşçüləri cəlb edən saxta kadr agentlikləri digər Afrika ölkələrində – o cümlədən Cənubi Afrika Respublikası, Botsvana, Tanzaniya, Nigeriya, Qana, Zimbabve və Kamerunda da fəaliyyət göstərir. “The Telegraph” nəşrinin məlumatına görə, təkcə 2025-ci ildə Rusiya müharibəyə 126 ölkədən 18 mindən çox vətəndaş cəlb edib, onlardan 3 mindən çoxu həlak olub. Banqladeş və Nepal sakinləri öz vətəndaşlarının geri qaytarılmasına çalışsalar da, etirazlar nəticə verməyib.

Noyabr ayında “Exo” Kubanın Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün minlərlə əsgər göndərməsi barədə yazmışdı. Hüquq müdafiəçilərinin fikrincə, bu miqyasda aksiya dövlət dəstəyi olmadan mümkün deyil. Bununla yanaşı, Hindistan, Nepal və Şri-Lanka hakimiyyətləri Rusiyadan bu praktikanın dayandırılmasını tələb etsələr də, Moskva bu çağırışlara cavab verməyib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar