Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana İndoneziya və Malayziyadan 41 min 26,5 ton xam palma yağı idxal edilib.
Onlardan 35 min 768,8 tonu İndoneziyadan, 5 min 257,7 tonu isə Malayziyadan gətirilib.
Maraqlıdır, ölkəmizdə ən çox hansı məhsullarda bu yağdan istifadə olunur? Palma yağının orqanizmə hansı zərərləri var?
Qida eksperti İlkin Şirinov
Bakupost.az -a bildirdi ki, palma yağından əsasən şirniyyatlar, konfetlər və “fast-food” məhsullarında istifadə olunur:
“Palma yağının həddindən artıq istifadəsi ürək-damar problemləri, tromblaşma və xolesterinin yüksəlməsinə səbəb ola bilər. Bu yağ palma meyvəsindən əldə olunur və dünyada ən çox istifadə olunan bitki yağlarından biridir. Bu yağlardan geniş istifadənin səbəbi ucuz olmasıdır. Hətta kərə yağı ilə müqayisəni bir kənara qoysaq, bitki yağları ilə müqayisədə belə daha ucuz başa gəlir. Bu da şirniyyat məhsullarının – konfet, şokolad istehsalında daha geniş istifadəsinə səbəb olur”.
Ekspert vurğulayıb ki, bu yağ xüsusilə uşaqlar üçün risklidir:
“Uşaqlar onu müxtəlif şirniyyat məhsullarının tərkibində qəbul edirlər. Bu isə böyrək və qaraciyər üçün zərərlidir. Ən ciddi təhlükə isə qanda xolesterinin artmasıdır ki, bu da ölüm riskini yüksəldir.
Bundan əlavə, bəzi ucuz kolbasa və sosiska məhsullarında da palma yağı işlədilir. İstehlakçılar məhsul alarkən etiketdə “bitki yağı”, “bitki mənşəli yağ” və ya “palma yağı” yazılarını diqqətlə oxumalıdırlar”.
Lalə, BakuPost