Ru
20:50 / 07 İyul 2026

Nağd pulun taleyi necə olacaq?

Nağd pulun taleyi necə olacaq?
Eye

Son illərdə kartla və telefon vasitəsilə ödənişlərin sürətlə yayılması insanların pul xərcləmə vərdişlərini ciddi şəkildə dəyişib. Artıq marketdə, restoranda, taksidə, hətta kiçik mağazalarda belə nağd puldan çox kart və QR ödənişlərinə üstünlük verilir. Gənc nəsildə cibdə nağd pul gəzdirməyənlərin sayı sürətlə artır. Bir çox gənc günlərlə nağd vəsaitdən ümumiyyətlə istifadə etmir. Banklar və rəqəmsal platformalar bunu həm rahatlıq, həm təhlükəsizlik, həm də şəffaflıq kimi təqdim edir. Ancaq bu dəyişiklik başqa sualları da gündəmə gətirir.

"Bakupost" xəbər verir ki, tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında nağd pul dövriyyəsinin hələ uzun müddət aktuallığını qoruyacağını və onun tamamilə aradan qalxmasının real görünmədiyini bildirib:

“Əgər internet və ya bank sistemləri işləməzsə, bankomatlara çıxış mümkün olmazsa, insanlar gündəlik ödənişləri həyata keçirmək üçün mütləq şəkildə nağd vəsaitə ehtiyac duyurlar. Buna görə də bir çox insanlar ehtiyat məqsədilə öz üzərlərində müəyyən məbləğdə nağd pul saxlayırlar. Texnologiya inkişaf etsə də, süni intellekt və rəqəmsal ödəniş sistemləri genişlənsə də, nağdsız dövriyyəyə tam keçid hələ uzunmüddətli proses olaraq qalır. Bunun əsas səbəblərindən biri odur ki, iqtisadiyyatın bütün sahələri eyni səviyyədə rəqəmsallaşmayıb. Xüsusilə ucqar bölgələrdə yaşayan insanlar və ya internet, elektrik enerjisi kimi infrastruktur çətinlikləri olan ərazilərdə nağd ödənişlər hələ də əsas vasitə kimi istifadə olunur.

Məsələn, dağlıq və kənd ərazilərində fəaliyyət göstərən kiçik marketlərdə POS-terminal sistemlərinin tətbiqi hər zaman mümkün olmur və bu səbəbdən nağd ödənişlər daha əlverişli qalır. Eyni zamanda beynəlxalq təcrübədə də nağd pul tamamilə dövriyyədən çıxmayıb. Avropa ölkələrində belə bəzi hallarda nağd ödənişlərdən istifadə olunur. Turistlərin valyuta dəyişməsi və gündəlik xərcləri də nağd pulun hələ də aktuallığını saxladığını göstərir”.

O deyib ki, tarixi baxımdan da köçürmə və ödəniş sistemləri sovet dövründən, hətta ondan əvvəlki dövrlərdən mövcud olub:

“Lakin müasir dövrdə elektron bankçılıq, kart sistemləri və rəqəmsal ödəniş vasitələrinin inkişafı nağd pulun payını xeyli azaldıb. Buna baxmayaraq, tam şəkildə sıradan çıxması mümkün deyil. Çünki kreditlərin verilməsi, bəzi əməliyyatların icrası və müəyyən xidmət sahələrində hələ də nağd ödənişlərdən istifadə olunur.

Ümumilikdə, texnologiya nə qədər inkişaf etsə də, bəzi əməliyyatlar və müəyyən əhali qrupları üçün nağd pul zəruri olaraq qalacaq. Elektrik kəsintisi, internetin olmaması və ya bank sistemlərində yaranan nasazlıqlar kimi hallarda insanlar alternativ olaraq yenə də nağd vəsaitə üstünlük verirlər. Buna görə də yaxın gələcəkdə nağd pulun tamamilə dövriyyədən çıxması gözlənilmir və onun istifadəsi paralel şəkildə davam edəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar