Ru
13:18 / 01 Fevral 2020

Namizəd Aynur Abdullayevadan maraqlı açıqlama - MÜSAHİBƏ

7501
“El içində olan insanam. Bu baxımdan onların hər birinin səsi olacağımdan, etimadlarını doğruldacağımdan əminəm”

Milli Məclisə növbədənkənar seçkilərə sayılı günlər qalıb və artıq namizədlər təbliğat-təşviqat kampaniyasının yekun mərhələsində seçiciləri ilə görüşlər keçirir. Ciddi və gərgin rəqabətin gedəcəyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində də eyni vəziyyətdir. Şanslı namizədlər arasında deputatlığa namizəd Aynur Abdullayevanın da adı çəkilir.

Onunla müsahibəni təqdim edirik:


- Aynur xanım, qarşıdan gələn seçkilərdə sizə uğurlar arzulayırıq. Seçicilərinizin və vətəndaşların sizi daha yaxşı tanıması üçün özünüz barədə ətraflı məlumat verərdiniz...

- Mən, Abbdullayeva Aynur Əli qızı 1981-ci il sentyabrın 6-da Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuşam.1993-cü ildə Zəngilan rayonunun işğalından sonra ailəmlə birgə Bakı şəhərində məskunlaşmışam.1998-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib, yüksək balla Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuşam. 2005-ci ildə internaturanı bitirmişəm. Universiteti bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Terapevtik ve Pediatrik propedevtika kafedrasında fəaliyyətimi davam etdirmişəm. Elmi işçi kimi bu kafedranın dissertantıyam.Azərbaycan Tibb Universitetinin müalicə - profilaktika fakültəsinin azərbaycan və ingilis dili bölmələrinin tələbələrinə Uşaq xəstəliklərinin propedevtikası fənnini tədris edirəm. Həmçinin Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həkim-pediatr kimi fəaliyyət göstərirəm. Ailəliyəm, 3 övladım var.

- Bir çox namizəd özünün məram və görəcəyi işlər barədə açıqlamalar veriblər. Sizin seçki platformanız nədən ibarətdir?

- Öncə qeyd edim ki, namizədliyimi irəli sürməyimin ən birinci amili bir həkim-pediatr kimi məcburi köçkün vəziyyətində yaşayan uşaq və yeniyetmələrin, gənc nəslin sağlam böyüməsi, onların hərtərəfli inkişafı, pis vərdişlərdən uzaqlaşmaları, təhsilin inkişaf etdirilməsini, bu sahədə güzəştlərin tətbiqini, hətta sağlam gələcəyimiz naminə uşaqlara mütəmadi tibbi müayinə və müalicələrin keçirilməsi məsələsini Milli Məclisin müzakirəsinə çıxarmaqdır. Əlbəttə ki, bütün bunları tibbi və səhiyyə qanunvericiliyinə uyğun inkişaf etdirmək lazımdır. Məqsədim parlament müzakirələrində fəal iştirak etmək, çıxışlarımla gələcəyimiz olan gənclərimizin etimadını doğrultmaq, dövlət və hökumətimizin gənclər siyasətini dəstəkləməkdir.

Vətəndaşların, yaşlı nəslin sağlamlıq durumlarının yaxşılaşdırılmasını təmin etmək, müəyyən xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün vaxtında, mütəmadi şəkildə profilaktik müayinələrin aparılması istiqamətində fəaliyyətimlə Milli Məclisdə hər bir seçicinin rəğbətini qazanacağımdan, bunun üçün var qüvvəmi, bilik və bacarığımı sərf edəcəyimdən əminəm. Sivil bir cəmiyyətin formalaşmasının təməli onun təhsilinin və səhiyyəsinin inkişafından asılıdır.

Məqsədim məcburi köçkünlərin yaşadığı ərazilərdə təhsil və səhiyyə xidmətlərinin daha da gücləndirilməsi üçün məktəblərdə əlavə dərnəklərin, kitabxanaların, idman - sağlamlıq mərkəzlərinin, ehtiyac olan ərazilərdə apteklərin açılmasının vacibliyini və digər məsələləri müzakirələrdə səsləndirməkdir. Sağlam gələcəyimiz naminə bu tip islahatların aparılmasında var gücümlə çalışıb, dövlət və hökumətimizə dəstək olmaq istəyirəm. Sizin mediadan yararlanaraq seçicilərimə müraciət etmək istərdim: Əəziz seçicilərim,əgər mənə etimad göstərsəniz, gələcəkdə gənc deputatlar içərisində layiqli, xeyirxah bir deputatı görəcəksiniz.

- Maraqlı yanaşmanız oldu. Bəs, seçkiyə hansı devizlə qatılmısınız?

- Mən bir Zəngilan köçkünü, el-oba övladı kimi, onların hər bir dərdlərindən, problemlərindən xəbərdaram. Onlara can yandıracağımdan, qayğılarına qalacağımdan, bilik və potensialımdan var gücümlə istifadə edib camaatımızın etimadını qazanacağımdan əminəm. Bir cəmiyyətin sağlam olması onun savadlı və güclü olmasına dəlalət edir. Torpaqlarının 20 % - i işğal altında olan ölkənin vətəndaşı olaraq, həmçinin gələcəkdə 3 əsgər anası kimi düşünürəm ki, biz daha da sağlam, güclü ,cüssəli övladlar, əsgərlər yetişdirməliyik. Bu baxımdan səhiyyə sahəsində qanunvericiliyə uyğun və dövlətimizin əhalimizə göstərilən diqqət və qayğısına güvənərək, bu işlərin öhdəsindən əminliklə gələcəyimə inanıram.

- Namizədliyinizi irəli sürdüyünüz seçki dairəsində seçicilərlə görüşləriniz necə keçir?

- Təbliğat-təşviqat kampaniyası çərçivəsində məcburi köçkünlərin yaşadığı 30 -dan çox ərazidə olmuşam.Seçicilər aktiv şəkildə, həvəslə mənimlə görüşdə iştirak edir, seçki platformamla tanış olurlar. Görüşlər zamanı, təbii ki, seçicilər onları maraqlandıran, narahat edən məsələləri səsləndirirlər.Hər bir seçicinin dərdini dinləyirəm, problemləri ilə yaxından tanış oluram. Bldiyiniz kimi, dövlət və hökumətimiz bu problemlərin həlli üçün davamlı addımlar atır. Problemlərin yaxın gələcəkdə həlli üçün hər birimiz bu yolda dövlətimizi və prezidentimizi tək qoymamalıyıq, hamımız ümumi problemlərimizin həlli istiqamətində fədakarlıq göstərməliyik. Məcburi köçkünlərin bir nömrəli problemi işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. Bu yolda hər birimiz var-gücümüzlə çalışmalı, dövlətimizin yanında olmalıyıq!

- Təbliğat-təşviqat kampaniyasında hansı müasir, kreativ üsullardan istifadə edirsiniz?

- Hər keçən il özü ilə yeni üstünlüklər gətirir. Məsələn, əgər fikir verirsinizsə, bu parlament seçkisində namizədlərin əksəriyyəti sosial şəbəkələrin, xəbər saytlarının verdiyi imkanlardan yararlanırlar.Təbii ki, mən və mənim seçki qərargahımın üzvləri də bu metodan istifadəni vacib sayır. Bundan başqa, görüşlərdə daha çox seçicilərimin fikirlərini, onların problemlərini dinləməyə üstünlük verirəm.Hesab edirəm ki, bu, daha səmimi yanaşmadır. Əlbəttə, plakatlar, bannerlər, flayer və digər ləvazimatların paylanması və asılması da kampaniyamın üstünlükləri sırasındadır.

- Seçicilər hansı amilə görə sizə etmad göstərməli və səsini sizə verməlidir?

- Mən Zəngilan-Qubadlı torpağının övladıyam.12 yaşımdan məcburi köçkünlük həyatı yaşayıram.Araz çayından keçıb didərgin düşməyimiz, şəhid vermiş ailənin övladı olmağım mənim həyatımda silinməz izlər buraxıb.Təkrar edirəm, camaatımızın, el- obamızın hər bir dərdindən, problemlərindən xəbardar biriyəm. El içində olan insanam. Bu baxımdan onların hər birinin səsi olacağımdan, etimadlarını doğruldacağımdan əminəm.

- Seçkilərdə qalib gəlmək şansınızı necə qiymətləndirirsiniz?

- Biz demokratik bir ölkədə yaşayırıq. Əlbəttə ki, bizi xalq seçəcək.Mən Zəngilan -Qubadlı camaatının hörmətinə, sevgisinə, səsinə güvənərək bu yola çıxmışam. Seçicilərimin mənə qarşı olan rəğbətinindən, hətta tanımayanların belə tanışlıqdan sonra mənə qarşı yaranan xoş və inam dolu münasibətindən qalib olmaq şansımı yüksək olduğuna əminəm.Seçicilərimlə hər növbəti görüşümdə insanların daha fəal olmaları, xoş , səmimi münasibətləri məndə özünəgüvən hissini daha da gücləndirir, qalib olmaq şansıma inamımı artırır. Əlbəttə ki, hər seçki dairəsindən bir namizəd seçilir. Bu baxımdan sağlam rəqabət şəraitində bütün layiqli namizədlərə uğurlar arzulayıram!

- Biz də sizə uğurlar arzulayırıq!

- Təşəkkür edirəm!



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər