NATO-nun Ankarada baş tutan sammiti bir sıra mühüm addımlarla yadda qaldı.
Əsas məqamlardan biri odur ki, təşkilata üzv dövlətlər hərbi büdcələrini ümumdaxili məhsula nisbətdə artırmağa razılıq verdilər.
Proqnozlara görə, alyansa üzv ölkələrin müdafiə büdcələrində əhəmiyyətli artım gözlənilir.
Açıqlanan məlumatlara görə, 2026-cı ildə alyansın ümumi müdafiə xərcləri 11 faiz artaraq 1 trilyon 809 milyard 915 milyon dollara çatacaq.
Türkiyənin müdafiə xərcləri 48 milyard dollar olacaq. Bu göstəricinin ölkənin ÜDM-ə nisbətinin 2,85 faiz civarında olacağı gözlənilir.
Müdafiə xərclərinin ümumi daxili məhsula nisbətinə görə Litva 5,33 faiz göstərici ilə qurum ölkələri arasında birinci yerdə qərarlaşacaq.
Politoloq Tofiq Abbasov
Bakupost.az-a bildirib ki, NATO-nun Ankara sammiti də mövcud, köhnə problemləri həll etmədi:
“Sammitdə köklü dəyişikliklər baş vermədi. Gündəmdə olan məsələlərin hamısı əvvəlki tək aktuallığını saxlayır. Onların reallaşması real görünmür. Ankara sammiti də köhnə problemləri həll etmədi. Yalnız hərbi sənayenin daha intensiv şəkildə işləməsilə bağlı qərar qəbul edildi ki, bu da Rusiya ilə müharibə təhlükəsizlikdən qaynaqlanır.
Ümumiyyətlə, NATO-nun Haaqada keçirilən 35-ci sammitindən bəri qurum çərçivəsində elə bir köklü dəyişikliklər baş verməyib. Ziddiyyətlər qalır, gündəlikdə olan məsələlər də asılı vəziyyətdə qalmaqdadır. ABŞ Prezidenti Donald Tramp özündən çox razı görünür. Onun etdikləri nə siyasi etikaya sığır, nə də NATO-nun prinsiplərilə uzlaşır”.
Ekspert hesab edir ki, Ankara sammitində üzvlərin hərbi xərclərə büdcənin 5 faizinin ayırması qərarı ABŞ ilə təşkilatın digər üzvləri arasında ziddiyyətləri daha da artıracaq:
“Bunun da səbəbkarı Trampın özüdür. Onun aqressiv münasibəti fonunda hansısa məsələnin öz həllini tapacağı elə də ağlabatan görünmür. Tramp sammitdə ortaq məxrəcə gəlməyə mane olan bir fiqurdur”.
Müsahibimiz qeyd edir ki, Türkiyənin NATO daxilində nüfuzu artsa da, qardaş ölkə ehtiyatlı davranmalıdır:
“Gündəmdə olan məsələ müharibələrdir. Avropada da müharibəni istəyənlər var-Almaniya, Böyük Britaniya və Fransa. Onlar Rusiyaya düşmən gözü ilə baxırlar.
NATO-nun Ankara sammitində əsəbilik fonu yarandı. Türkiyə ev yiyəsi kimi çalışdı ki, proseslər sabit axarla getsin. Türkiyənin Alyans daxilində nüfuzu artır. Onun güclü hərbi-sənaye potensialı var. Amma Türkiyənin də irəli keçməsinə ehtiyac yoxdur. Çünki digərləri dəfələrlə Türkiyəni aldadıb. Türkiyəyə qarşı ilk sanksiyanı da elə Tramp birinci prezidentlik dönəmində tətbiq etmişdi”.
Bu mənada politoloqa görə, Ankara sammiti də göstərdi ki, Qərbə inanmaq, etibar etmək olmaz:
“Türkiyə mövcud potensialından yalnız özü üçün istifadə etməlidir”.
Rüfət Sultan,
BakuPost