13:03 / 09 Oktyabr 2021

Navalnının həbsdən göndərdiyi çıxışı

436

Bu həftə ABŞ-ın Mayami şəhərində Oslo Azadlıq Forumunun illik toplantısı keçirilib. Rusiyanın hazırda həbsdə olan müxalif lideri, başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun fəaliyyəti ölkədə ekstremist təşkilat kimi rəsmən qadağan edilmiş Aleksey Navalnı tədbirə öz çıxışının mətnini göndərib. Onun çıxışını tədbir iştirakçılarına əqidədaşı Mariya Pevçix oxuyub. Navalnının çıxışı ABŞ-ın “USA Today” qəzetində çap olunub.


Bakupost.az xəbər verir ki, Novator.az saytı çıxışın mətnini ingilis dilindən çevirərək oxucuların diqqətinə çatdırır.


Mənim insan haqları forumuna çıxışımı yazılı göndərməyimdə təəccüblü heç nə yoxdur. Virtual forma – indi hər yerdə belədir. Ancaq bu gün mənim Mayamidə keçirilən Oslo Azadlıq Forumuna şəxsən və ya onlayn qatıla bilməməyimin səbəbi COVİD-lə bağlı məhdudiyyətlər deyil. Çox adam, olduqca çox adam indi mənim vəziyyətimdədir.

Bu mətni həbsxanada görüş otağında yazıram. Hər dəfə bu otağa girib- çıxanda məni soyundurub yoxlayırlar. Mənim yarım saata qədər vaxtım var və nəzarətçi hər yazdığıma baxır. Sanki insan haqları forumu üçün çıxış mətni yox, qaçmaq planı və ya bomba resepti yazıram.

Dünya liderləri bəzi qlobal problemlərin həllində yaxşı iştirak edə bilərlər, ancaq insan haqlarının müdafiəsi sahəsində onların iştirakı zəifdir. Qorxuram bir azdan Rusiya, Belarus, Kuba və Honkonqdan olan tanınmış fəalların həbsxana kamerasından kağız göndərməsi yox, foruma oralardan kiminsə təşrif buyurması möcüzəyə çevrilsin.

Mən bu çıxışım hüquq müdafiəsi hərəkatının liderlərinə ünvanlanıb. Halbuki hamıdan çox məhz onların haqqı çatır bir ağızdan desinlər: “Axı biz sizə demişdik”. Düzdür. Siz bunu bizə demişdiniz. Siz bizə xəbərdarlıq etmişdiniz. Siz tam haqlıydınız. Sizi dinləməyənlər isə hədsiz dərəcədə yanılıblar. Hesab edirəm ki, bunu hər bir dövlət lideri etiraf etməlidir.

Amma əvəzində biz onlardan başqa sözlər eşidirik. Son 30 ildə avtoritar modernləşmənin möcüzələr yaratdığı barədə bizə nə əfsanələr danışılıb. Neçə-neçə “təcrübəli diplomat” “real siyasət” şüarını gözümüzə soxa-soxa qulağımıza pıçıldayıb: “İnsan haqlarına görə bu diktatorun üstünə getməyin, onu sadəcə qorxudun. O, iqtisadi islahatlara hazırdır və başa düşün ki, bu, daha vacibdir”. Neçə dəfə sərmayəçi bankirlər işgüzar qəzetlərin səhifələrindən bizə eyham vuraraq deyiblər: “Nə olsun ki, burada və ya orada hansısa işgəncə faktları var, əsas odur ölkədə il ərzində iqtisadiyyat 7% artır”.

“Sinqapur möcüzəsinin şahidləri” adlandırıla biləcək bütöv bir dini sistem ortaya qoyublar. Vaşinqtondan tutmuş Frankfurta, Londona qədər nə qədər adam bu dinə ürəkdən inanıb və inanmaqda davam edir.

Ruanda, Qazaxıstan, Rusiya, Belarus və Çili bu dinin peyğəmbərlərinə çevrilib. Onlar bunu bir dua kimi təkrar edirdilər: “Bizi insan hüquqları ilə bağlı narahat etməyin, sadəcə ölkəni sərmayələrlə doldurun və biz hökmən ikinci Sinqapura çevriləcəyik”.

Ancaq ikinci Sinqapur yaranmadı. Getdikcə susdurulan hüquq müdafiəçilərinin tamamilə haqlı olduqları üzə çıxdı. O ölkələrdə ki insan hüquqları dövlətin əsasını təşkil etmir, orada dayanıqlı və real inkişaf ola bilməz. Nə qədər ki, bu və ya digər ölkədə insan hüquqlarının müdafiəsi Mərkəzi Bankın faiz dərəcəsi kimi daxili siyasətin praktiki amilinə çevrilməyib, o ölkə ən yaxşı halda avtoritarizmin müvəqqəti güclənməsinə nümunə ola bilər. Bu isə çox keçməz problemlərə, itkilərə gətirib çıxarar.

Müharibədən yoxsulluğacan bir çox məsələnin, qlobal problemlərin kökündə korrupsiyanın dayandığını israr etməklə yanaşı mən insan hüquqlarına laqeyd yanaşılanda korrupsiyanın inkişaf etdiyini də vurğulayıram. Bir insanın nəyinisə oğurlamaq istəyəndə əvvəlcə onu ədalətli mühakimə, ifadə azadlığı və ədalətli seçki hüquqlarından məhrum etməlisən.

Yaratdığım fond korrupsiya il mübarizə üzrə ixtisaslaşıb. Və bu bəs edir ki, mənim ölkəmdə hakimiyyət həmin fonda ekstremist kimi baxsın.

Rüşvət alan məmurla stula bağlı məhbusun başına torba keçirən polis arasında fərq yoxdur, ikisi də eyni adamdır. Onun qanunu güclünün zəif üzərində üstünlüyünü diktə edir. Bu, şirkət mənafeyinin insan hüququndan üstün tutulması deməkdir. Bu, cinayəti sədaqət aktı kimi törətməyə hazır olmaq deməkdir.

İnsan hüquqları məsələsinin formal xarakter daşımasına, ölkə liderlərinin onu sammit məruzələrinə sonuncu, əhəmiyyətsiz bir müddəa kimi salmasına son qoyulmalıdır.

Siyasət qaz kəmərləri və mahiyyəti həmişə qeyri-müəyyən qalan “təhlükəsizlik əməkdaşlığı” uğrunda deyil, insan hüquqları uğrunda mübarizəyə həsr olunmalıdır. İnsan hüquqları sahəsində vəziyyəti gerçəkdən yaxşılaşdırmayan istənilən addım və ya hadisə ən yaxşı halda mənasızdır.

İnsan hüquqlarının müdafiəçiləri bizə bunu anlatmağa çalışırdılar. Onlar nə qədər haqlıymışlar, kaş onları eşitmiş olaydıq.

Mənbə: Usatoday.com


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər