Ru
22:10 / 14 Avqust 2026

Naxçıvan: Zəif nöqtəmiz idi, bölgənin güc mərkəzinə çevrilir

Naxçıvan: Zəif nöqtəmiz idi, bölgənin  güc mərkəzinə çevrilir
Eye

Azərbaycanda son illər regionların sosial-iqtisadi inkişafı istiqamətində də ciddi işlər görülüb.

Ötən müddət ərzində regionların inkişafına yönəlik bir sıra proqramlar qəbul edilib ki, onların icrası bölgələrdə də iqtisadi canlanmaya təkan verib.

Onu da qeyd edək ki, Azərbaycanın hər bir bölgəsinin spesifik xüsusiyyətləri var. Həmin bölgələrin inkişafına yönəlik addımlar da məhz spesifik xüsusiyyətlərə uyğun olaraq atılır.

Naxçıvan Muxtar Respublikası Ermənistanın Azərbaycana təcavüzü fonunda uzun illər blokada şəraitində qalıb. Lakin 44 günlük müharibədə əldə edilən möhtəşəm qələbə və keçən ilin avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh müqaviləsi paraflandıqdan sonra işğaldan azad edilmiş bölgələr kimi, Naxçıvanın da inkişafında demək olar ki, yeni dövr başladı.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Naxçıvana olan səfərini bölgənin inkişafında yeni mərhələ kimi dəyərləndirmək olar. İlham Əliyevin səfəri çərçivəsində Naxçıvan şəhərində “Şəms 1” və “Qərb Üfiq” Günəş Elektrik Stansiyalarının tikintisi istiqamətində işlər daha da sürətlənib. Habelə Prezident tərəfindən Naxçıvan Sənaye Parkının, “Naxçıvan” Mehmanxana Kompleksi və sosial evlər kompleksinin təməli qoyulub. O, həmçinin dəmiryolu infrastrukturunda aparılan yenidənqurma işlərilə tanış olub. Bundan başqa, Naxçıvanda DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışı baş tutub.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Naxçıvan bölgəsi də sosial-iqtisadi müstəvidə daim inkişaf edir.
Bununla yanaşı, aydın məsələdir ki, regionun inkişafı üçün başqa addımlar da atılmalıdır.

Həmin addımlar nələr olmalıdır?

Milli Məclisin deputatı Vüqar Bayramov “Bakupost”a bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri bütövlükdə bölgənin həm nəqliyyat-loqistika, həm də beynəlxalq yükdaşımaların həcminin artırılması, habelə regionun geosiyasi mövqeyinin gücləndirilməsi aspektindən qiymətləndirilməlidir. Müsahibimiz qeyd etdi ki, uzun müddət blokadada qalan Naxçıvan artıq regional layihələrin qovşağına çevrilməkdədir:

“Çünki Zəngəzur dəhlizi, eləcə də TRİPP-in istifadəyə verilməsi, onların Orta Dəhlizlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyası Naxçıvan Muxtar Respublikası üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərəcək. Bu da öz növbəsində regionun əhəmiyyətini artıracaq. Digər tərəfdən, İranla ikinci dəmiryolunun inşası ilə bağlı verilən qərar da regional-loqistik, eləcə də nəqliyyat imkanlarından daha çox ölkənin istifadəsinə imkan yaradacaq. Avropadan Asiyaya daşınan yüklərin həcminin 200 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Bu da ondan xəbər verir ki, həmin yüklərin təxminən 20 faizi Zəngəzur dəhlizi üzərindən, o cümlədən Orta Dəhliz vasitəsilə daşınacaq. Bunun özü də region ölkələri, o cümlədən Naxçıvanın özü üçün də valyuta gəlirləri baxımından mühüm addımdır”.

Bu səbəbdən deputat hesab edir ki, Prezidentin Naxçıvana səfəri strateji əhəmiyyət daşıyır:

“Kommunikasiyaların bərpası, o cümlədən Türkiyə və İranla nəqliyyat coğrafiyasının genişlənməsi bölgə üçün stabillik və sülh vəd edir. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında vacib istiqamətlərdən biri kommunikasiyaların yenidən bərpasıdır. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir. Bu da nəticə etibarı ilə sülh gündəliyinə uyğun olaraq, regiondakı əməkdaşlıq və inkişaf üçün yeni bir zəmin yaradır. Zəngəzur dəhlizi bütövlükdə region üçün yeni bir inreqrasiya layihəsidir ki, bundan Naxçıvan da qazanır. Region, o cümlədən Naxçıvan üzərindən daşınan yüklərin həcmində artımlar müşahidə olunacaq. Bir tərəfdən Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin artması, digər tərəfdən də Rusiya və İrana yönəlik sanksiyalar bütövlükdə Cənubi Qafqaz daxil olmaqla, regiondan daşınan yüklərin həcminə təsir göstərir. 15 milyon ton yükdaşıma gücü olacaq marşurut alternativ olaraq Naxçıvanın da daxil olduğu bölgədən daha çox yükün daşınmasına gətirib çıxaracaq. Bu həm də 200 milyondan çox istehlakçısı olan bazarlara çıxış imkanı deməkdir. Azərbaycanın əsas hissəsilə Naxçıvan Muxtar Respulikası arasında quru nəqliyyatın bərpası həm də türk dünyasının quru nəqliyyatı vasitəsinin birləşməsi anlamına gəlir. TRİPP vasitəsilə yalnız ənənəvi yüklər deyil, o cümlədən innovativ məhsullar, o cümlədən yaşıl enerjinin daşınması da nəzərdə tutulub. Bu da təbii ki, regionun enerji təhlükəsizliyinə töhfədir”.

V. Bayramovun sözlərinə görə, Naxçıvanda son illər aparılan islahatlar muxtar respublikanın gəlirlərinin artmasına səbəb olub:

“Bu il muxtar respublikanın büdcə gəlirlərinin keçən illə müqayisədə 31 faizə qədər artacağı gözlənilir. Burada vacib məqam 2026-cı ilin büdcə gəlirlərinin ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələməsi məsələsidir. Belə ki, cari ildə yerli mənbələrdən ayrılan vəsait ayrılan dotasiya məbləğindən 60 milyon manat çox olacaq”.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirdi ki, son illər Naxçıvanda yol və nəqliyyat infrastrukturunun yenilənməsi, enerji və kommunal təminatın yaxşılaşdırılması, yeni məktəb, xəstəxana və sosial obyektlərin tikilməsi, sənaye və kənd təsərrüfatı müəssisələrinin yaradılması istiqamətində mühüm işlər görülüb:
“Həmçinin Naxçıvanın əsas iqtisadi rayonlar və qonşu ölkələrlə nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün layihələr həyata keçirilib. Bu işlər bölgədə yaşayış şəraitinin və iqtisadi imkanların yaxşılaşmasına müəyyən töhfə verib”.

Bununla belə, müsahibimiz hesab edir ki, Naxçıvanın sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün əsas diqqət iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməlidir:

“Burada özəl investisiyaların cəlb edilməsi, sahibkarlara daha əlverişli şəraitin yaradılması, yerli istehsalın və ixrac imkanlarının artırılması xüsusilə vacibdir. Kənd təsərrüfatında emal sənayesinin inkişaf etdirilməsi, Naxçıvan məhsullarının Türkiyə və digər xarici bazarlara çıxarılması üçün logistika imkanlarının genişləndirilməsi də mühüm nəticələr verə bilər”.

Ekspertin sözlərinə görə, nəqliyyat bağlantılarının gücləndirilməsi isə bütün bu proseslərin əsas dayaqlarından biri olacaq: “Naxçıvanın Azərbaycanla, Türkiyə ilə, habelə digər regional bazarlarla daha sürətli və ucuz əlaqələndirilməsi investisiya üçün marağı artıracaq. Bununla yanaşı, turizm, xüsusilə sağlamlıq, tarixi-mədəni və ekoturizm istiqamətləri inkişaf etdirilməlidir”.

Ən vacib məsələlərdən biri isə iqtisadçıya görə, yeni iş yerlərinin yaradılması və gənclərin bölgədə qalmasını təmin edən iqtisadi mühitin formalaşdırılmasıdır:
“Bunun üçün peşə təhsili əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, texnologiya və rəqəmsal iqtisadiyyat sahəsində imkanlar yaradılmalıdır. Yəni Naxçıvan üçün əsas hədəf sadəcə infrastruktur qurmaq deyil, həm də həmin infrastruktur üzərində işləyən, investisiya cəlb edən və ixrac yaradan rəqabət qabiliyyətli iqtisadi sistem formalaşdırmaq olmalıdır”.

Rüfət Sultan,
BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqamətində hazırlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar