700 ballıq şagirdlərlə kimi aldadırıq?
Açığı, ADA Universitetinə gedəndə müəllimlərin sertifikasiyadan keçməsinin nəticələri ilə bağlı növbəti statistik hesabat dinləyəcəyimi düşünürdüm. Neçə müəllim imtahan verib, neçə nəfər uğur qazanıb, maaşlar nə qədər artıb, nəticələr necə dəyişib…
Əslində, bunların hamısı səsləndi. Özü də elm və təhsil naziri Emin Əmrullayevin dilindən. Qrafiklər, rəqəmlər göstərdi, sertifikatlaşdırmanın nəticələrini izah etdi.
Amma rəqəmlərin, hesabatın içərisindən başqa bir həqiqət boylanırdı.
Emin Əmrullayev
çıxışı boyu Azərbaycan təhsilinin illərlə özünü aldatdığı iki böyük mifi ehmalca rədd etdi. Uğurun yanlış ölçülməsini açıqladı.
Birinci mif müəllim uğuruna baxışımızdır.
Bizdə müəllim uğuru hələ də fərdi uğur kimi təqdim olunur.
“Mənim şagirdim 700 bal topladı…”, “Mənim şagirdim olimpiada qalibi oldu…”
Nazir isə müəllimlərlə görüşlərində bundan narahat olduğunu açıq ifadə etdi. Hətta yüksək bal toplamış müəllimlərin də bunu anlamadıqlarından məyus olduğunu söylədi: “Təəssüf ki, yüksək nəticə göstərən müəllimlərimizin bir qismi belə, hələ də başa düşmür ki, şagirdin uğuru fərdi məsələ ola bilməz”.
Çünki məktəb kollektiv işidir.
Şagird də kollektiv əməyin nəticəsi olmalıdır. Bir uşağın uğurunda ibtidai sinif müəlliminin də payı var, fənn müəllimlərinin də, direktorun yaratdığı mühitin də. Biz isə illərlə uğuru şəxsi mülkiyyət saymışıq. Və çox vaxt da bundan qalxan kimi istifadə eləmişik.
İkinci mif daha dərinlərə kök atıb.
Nazir sakitcə, az qala hamıdan üzr istəyə-istəyə cəmi bir neçə cümlə ilə illərlə qurduğumuz saxta uğur modelini dağıtdı.
Hər ilin sonunda rayonlarda, şəhərlərdə yüksək bal toplamış şagirdlərin təltif mərasimləri keçirilir, icra başçıları çıxış edir.
Məktəblər fəxri fərman alır, onların müəllimlərinin şəninə alqışlar edilir, mükafatlandırılır. Bir sözlə, “təhsil uğuru” bayrama çevrilir.
Amma həmin gün heç kim soruşmur ki, o məktəbdə oxuyan digər uşaqlar neçə bal toplayıb? Neçə nəfər ümumiyyətlə, ali məktəbə sənəd verib? Neçə nəfər məktəbi elementar savad olmadan bitirib?
Bu suallar heç vaxt əsas məsələ olmayıb.
Beş uğurlu şagirdlə bütöv məktəbin uğurlu olduğunu sübut etməyə çalışmışıq. Bir neçə istedadlı uşağın arxasında gizlənərək sistemin problemlərini görünməz etmişik.
Çempionluğu bir futbolçu qazanmır. Sonuncu yeri tutmuş komandanın bombardiri olmaq komandanı güclü etmir.
Çünki futbol komanda işidir. Elə təhsil də.
Üstəlik, həmin uşaqların böyük hissəsinin uğuru da məktəbin hesabına yaranmayıb. Bunu hamımız bilirik. Şagird illərlə repetitor yanında hazırlaşır. Başqa şəhərdə müəllim yanına gedir. Hazırlıq kurslarında oxuyur. Amma qəbul olanda nəticə məktəbin statistikası kimi təqdim edilir. Hamı razı qalır. Çünki statistika gözəl görünür.
Amma qəribə bir sual illərlə cavabsız qalıb.
Əgər hər il rekord nəticələr qazanılırsa…
Əgər hər il yüksək bal toplayanların, olimpiadaçıların sayı artırsa, bəs niyə təhsilimizin ümumi keyfiyyəti eyni sürətlə yüksəlmir?
Niyə məktəblərdə problemlər azalmaq bilmir?
Bəs niyə cəmiyyət eyni sürətlə savadlanmır?
Bəlkə də bu sualları verməyə vitrində nümayiş etdirdiyimiz o bir neçə uğurlu şagird imkan verməyib.
Emin Əmrullayev məhz bu vitrini dağıtmağa çalışırdı.
Biz illərlə təhsilin zirvəsinə baxmışıq. Emin Əmrullayev isə diqqəti ilk dəfə dağın ətəyində mürgüləyənlərə yönəltdi.
Onun mesajı çox sadə idi: “Məni bir neçə istedadlı uşaqla sevindirə bilməzsiz. Mənə göstərin ki, neçə uşağı itirməmisiniz…”
Bu, sadəcə qiymətləndirmə meyarının yox, düşüncə tərzinin dəyişməsidir.
Nazir də bunu iki prioritet istiqamətlə izah etdi.
Birincisi, ibtidai təhsil. Əgər uşaq ilk dörd ildə möhkəm baza qazanmırsa, sonrakı müəllimlərin işi dəfələrlə çətinləşir.
İkincisi isə hər bir uşağın taleyini izləmək. Xüsusilə zəif nəticə göstərənlərin. Bu gün məktəbdə itirdiyimiz uşaq sabah cəmiyyəti formalaşdıracaq. Ona görə də zəif şagird təkcə müəllimin və ya nazirliyin problemi deyil. Bu, hamımızın problemidir.
Əslində, dövlət məktəbdən sabahın vətəndaşlarını qəbul edir, məktəbə qəbul olan gəncləri yox… Buna görə də dövlət üçün əsas məsələ yalnız 700 bal toplayanların sayı deyil.
Bəlkə də ilk dəfə idi ki, təhsil haqqında bir çıxışda məsələ bu qədər geniş ictimai və dövlətçilik kontekstində təqdim olunurdu.
Müəllimin missiyası təkcə bir neçə parlaq şagird yetişdirmək deyil. Onun missiyası savadsız, bacarıqsız, peşəsiz və cəmiyyət üçün yükə çevriləcək bir vətəndaşın formalaşmasına imkan verməməkdir ki, əslində, müəllimin nüfuzu da, cəmiyyətdəki müqəddəs yeri də məhz buradan başlayır.
Bu missiyanı isə yalnız bilikli, daim öz üzərində işləyən və peşəsinə məsuliyyətlə yanaşan müəllim yerinə yetirə bilər. Sertifikatlaşdırmanın əsl mənası da elə budur.
Nazir kifayət qədər açıq konteksdə dedi ki, məktəblərdə təhsilin vəziyyəti məhz savadsız buraxılmayan uşaqların sayı ilə ölçüləcək.
Ümumiləşdirsək, təhsil uğuru zirvədə neçə nəfərin dayanması ilə yox, dibdə neçə nəfərin qalmaması ilə ölçülməlidir. Əgər bunu bacarsaq, nə 700 ballıq şagirdlər azalacaq, nə də istedadlı uşaqlar. Sadəcə onların yanında bu gün səssizcə itirdiyimiz minlərlə uşaq da öz yerini tapacaq.
Əgər bu yanaşma həqiqətən idarəetmənin əsas meyarına çevrilərsə, bu, Azərbaycan təhsilində son illərin ən ciddi konseptual dəyişikliyi olacaq.
Elçin Zahiroğlu