Nəsimi Rayon Məhkəməsinin hakimi Lamiyə Türkmənli xüsusilə külli miqdarda dələduzluq işi üzrə məhkum edilmiş Elnur İbrahimovun işi üzrə qərar verib.
Məsələnin mahiyyəti budur ki, Elnur İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən zərərçəkmiş Fərman Məmmədova 513 min manat zərər ödəməlidir, amma ödəmir. Bu barədə məlumatı jurnalist Anar Məmmədov paylaşıb. O bildirib ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Məmmədov Elnur İbrahimovun ödəmədən yayınması, ayda 100-200 manat ödəməklə işini bitmiş hesab etməsini nəzərə almaqla barəsində protokol tərtib edib:
“Hakim Lamiyə Türkmənli xüsusilə külli miqdarda dələduzluq etmiş Elnur İbrahimovun barəsində qanuni tədbir görmək əvəzinə onu məhkəmə zalından sərbəst buraxıb. Hakimin tutduğu mövqe, Elnur İbrahimovun əməlinə görə tədbir görməməsi Azərbaycanda dələduzluq cinayətlərini stimullaşdırmaqdan başqa bir şey deyil”.
Elnur İbrahimov illər əvvəl yalan vəd verməklə, iş qurmaq adı ilə 8 vətəndaşdan 1 milyon manata yaxın vəsait toplayıb, yəni xüsusilə külli miqdarda dələduzluq edib və məsələnin üstü açılanda ölkədən qaçırılıb. 5 il sonra onu Moskvada tutublar. Orada Azərbaycana qaytarılmaması üçün daha bır fırıldağa əl atıb. Bu dəfə qaçaq düşməzdən əvvəl Azərbaycanda olarkən hüquq mühafizə orqanında döyülməsi, burnunun sındırılması kimi iftiralar səsləndirib və dediklərini əsas gətirməklə ölkəyə qaytarılacağı – ekstradisya olunacağı təqdirdə işgəncəyə məruz qalacağını bildirib. Rusiya Ali Məhkəməsində onun dedikləri araşdırılıb və Elnur İbrahimovun yalan danışdığı üzə çıxıb. Bundan sonra Azərbaycana ekstradisiya olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən məhkum olunub, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun ona qarşı mülki iddiası təmin olunub. Ümumilikdə Elnur İbrahimovun adı keçən dələduzluq işində 8 milyon manata yaxın vəsait ələ keçirilib.
Jurnalist iddia edir ki, Nəsimi məhkəməsinin hakimi Lamiyə Türkmənlinin gözardı etdiyi 513 min manat sadəcə tərəflər arasında yaranmış adi kommersiya borcu deyil: “Söhbət cinayət işi ilə əlaqəli məhkəmə qərarından və həmin qərardan irəli gələn mülki öhdəlikdən gedir. Məsələ artıq məhkəmə aktının faktiki icrası müstəvisinə keçir. Azərbaycan qanunvericiliyində dələduzluqla bağlı ziyanın məbləği də ayrıca hüquqi əhəmiyyət daşıyır. Ali Məhkəmənin Plenumunun izahına görə, 500 min manatdan yuxarı ziyan xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir, müvafiq olaraq hüquqi yanaşma da dəyişir. Başqa sözlə bu halda dələduzluq etmiş şəxsə qanunun ən sərt üzü göstərilir. Görünür, 3 ayın hakimi Lamiyə Türkmənli bu məsələdən hali deyil.
Deməli, 513 min manat rəqəmi hüquqi baxımdan da təsadüfi rəqəm deyil.
Əgər məhkəmə qərarı qanuni qüvvəyə minib və icra sənədi mövcuddursa, növbəti mərhələ icra prosesidir. Burada artıq belə sual yaranır: Elnur İbrahimovun həqiqətən ödəmək imkanı yoxdur, yoxsa ödəmək istəmir?
Məhz burada Elnur İbrahimovun iş üzrə mülki iddiaçı olmayan birinə 55 min manat ödəməsi məsələsi xüsusi əhəmiyyət qazanır. Məsələ burasındadır ki, Elnur İbrahimov həbsdə olduğu dövrdə mülki iddiaçı Fərman Məmmədovun tələbinə görə heç bir ödəniş etmədiyi halda, mülki iddiaçı olmayan birinə (Söhbət keçmiş millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovdan gedir - red.) 55 min manat ödəyib. Ödəniş sənədləri Ali Məhkəməyə təqdim olunub, Ali Məhkəmə bu məqamı nəzərə almaqla onun cəzasını 3 ay azaldıb. Deməli, Elnur İbrahimovun ödəmə qabiliyyəti var.
Bundan başqa, onun 1 milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməsi məhkəmə hökmü ilə təsdiq olunub!
Belə olan halda hakim Lamiyə Türkmənlinin verdiyi qərarın əsaslı olmasını böyük şübhə yaranır. Bu gün Elnur İbrahimovun üzərində məhkəmə qərarı ilə müəyyən edilmiş 513 min manatlıq öhdəlik, digər tərəfdə isə əhəmiyyətli məbləğdə başqa ödəniş barədə məlumat varsa, hakimin “humanist” davranışının qaynağı nədir?
Daha bir diqqətçəkən məqam isə sonrakı ödənişlərlə bağlıdır. Maralıdır ki, icra prosesi çərçivəsində Elnur İbrahimovdan borcun ödənilməsi tələb olunduqda müxtəlif vaxtlarda 100, 200, 300, 400 manat kimi kiçik məbləğlər ödəyir. Əlbəttə, 100 manat da ödənişdir. Amma 513 min manatlıq öhdəlik qarşısında məsələyə yalnız “ödəniş edib-etməmək” prizmasından yanaşmaq kifayət deyil. Aydındır ki, bu ödənişlər icra tədbirlərindən yayınmaq üçün formal addımlardır.
513 min manatın 200 və ya 300 manatlıq hissələrlə ödənilməsi borcun 100 ildən artıq müddətə ödənilməsi deməkdir.
Hətta 1000 manat, 10 min manat və ya 50 min manat ödənilsə belə, qalan məbləğ yenə də icra edilməlidir.
Burada söhbət sadəcə zərərçəkənin şikayətindən getmir. Çünki icra məmuru məhkəmə qərarının icrası prosesində qanunla müəyyən edilmiş səlahiyyətlərini həyata keçirən dövlət nümayəndəsidir. Onun tərtib etdiyi protokolun məhkəməyə təqdim olunması isə mahiyyət etibarı ilə ödəmədə ciddi problemlərin olduğunu təsdiq edir. Belə olduğu halda məhkəmə icra prosesində qanunun tələblərinin pozulması barədə təqdimata niyə belə münasibət göstərib?
Məhkəmə xüsusilə külli miqdarda dələduzluq etmiş birinə qarşı hər hansı tədbir görməyibsə, qərarın hüquqi əsaslandırılması nədir?
Fakt budur ki, Elnur İbrahimov barəsində qüvvədə olan məhkəmə hökmü var, həmin hökmün müəyyən etdiyi hüquqi nəticələrə hörmət edilməlidir. Elnur İbrahimovun borcu varsa, həmin borcun taleyi də qanun çərçivəsində həll edilməlidir. Məhkəmə qərarı hamı üçün eyni dərəcədə icra olunmalıdır!
Əks halda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı kağız üzərində qala bilər.
Nəsimi Məhkəməsinin hakimi Lamiyə Türkmənlinin qərarsızlığı dələduzluq cinayətlərinə “yaşıl işıq” yandırmaqdır.
Hakim nəzərə almalı idi ki, Elnur İbrahimovun həbsi, cəzaya çatdırılması üçün onun aldatdığı, dələduzluq etdiyi vətəndaşlar illərlə hüquqi müstəvidə mübarizə aparıblar. Nəhayətdə onu məhkəmə qarşısına çıxarıb cəza təyin edib, üzərinə dələduzluqla əldə etdiyi vəsaitlərin az bir hissəsini ödəmək öhdəliyi qoyulub. Bunun üçün vətəndaşlar illərlə məhkəmə proseslərində iştirak ediblər. Qərar qanuni qüvvəyə minəndən sonra isə zərərçəkən yenidən illərlə icra prosesində mübarizə aparmalı olur.
Bir tərəfdə 513 min manatlıq məhkəmə öhdəliyi, digər tərəfdə illərlə davam edən ödəniş problemi, üçüncü tərəfdə 55 min manatlıq ödəniş barədə məlumat, dördüncü tərəfdə icra məmurunun müdaxiləsi və protokol, beşinci tərəfdə isə məhkəmənin həmin protokola münasibəti ilə bağlı suallar var. Bütün bunların birlikdə yaratdığı mənzərə araşdırılmalıdır. Çünki burada yalnız “borclu niyə pul ödəmir?” sualı yoxdur. Ən pis variant qərarın nə tam icra olunması, nə də icra edilməməsinin hüquqi nəticəsinin aydın olmasıdır”.
Qeyd edək ki, bu qalmaqallı işin kökləri 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu iş adamı kimi təqdim edib, Dubaydan dəftərxana ləvazimatları gətiriləcəyi adı ilə böyük gəlir vəd olunub. Bu yolla ailəyə yaxın şəxslərdən ümumilikdə 8 milyon manat toplanıb. Lakin “biznes” kağız üzərində qurulmuş sxemdən ibarət olub. Dələduzluq ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib, Elmira Axundova isə prosesi “pullar qaytarılacaq” vədləri ilə nəzarətdə saxlamağa çalışıb. Sonrakı mərhələdə “günah keçisi” kimi Elnur İbrahimov önə verilib. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov həyat yoldaşı ilə birlikdə qanunsuz şəkildə ölkəni tərk edib, Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıb. O, yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. Nəticədə vasitəçi kimi təqdim olunan Elnur İbrahimov 9 il azadlıqdan məhrum edilib, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun mülki iddiası qismən təmin olunub. Lakin o, cəza müddətində belə Fərman Məmmədova bir manat ödəməyib. Mülki iddiaçı Fərman Məmmədov vurulmuş ziyanın tam və qeyd-şərtsiz ödənilməsini tələb edir.
Elnur,
BakuPost