“Netflix” üçün böyük gözləntilərlə başlayan bir müqavilə gözlənilmədən qalmaqalla nəticələnib. Yaradıcılıq azadlığına açıq yanaşması ilə tanınan yayım platformasının bu dəfə göstərdiyi etimad ağır maliyyə itkilərinə səbəb olub. Məlum olub ki, tanınmış bir kinorejissor bu etimaddan sui-istifadə edib.
Bakupost.az “Deadline”a istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən məhkəmə prosesində rejissor Karl Rinş münsiflər heyəti tərəfindən təqsirli bilinib. Təxminən bir həftə davam edən məhkəmədən sonra hökm elan edilib.
Hadisələrin mərkəzində qeyri-adi maliyyə sxemi dayanır. Daha əvvəl Kianu Rivzin baş rolda çəkildiyi “47 Ronin” filmi ilə tanınan Rinş illər əvvəl “Netflix”ə “Ağ at” (“White Horse”) adlı elmi-fantastik serial layihəsi təqdim edib. Layihə platforma tərəfindən təsdiqləndikdən sonra rejissora çəkilişlər üçün 40 milyon dollardan çox vəsait ayrılıb.
Çəkilişlər pandemiyadan əvvəl başlasa da, Rinş sonradan əlavə maliyyə tələb edib. “Netflix” bu müraciət əsasında ona 11 milyon dollar da köçürüb. Lakin prokurorluğun məlumatına görə, bu vəsait serialın çəkilişinə sərf olunmayıb. Araşdırma zamanı pulların lüks mebelə, avtomobillərə, səhm alışına və “Dogecoin” kriptovalyuta investisiyalarına xərcləndiyi müəyyən edilib.
Məhkəmə prosesində Rinş aldığı vəsaitin guya “White Horse” serialının ikinci mövsümü üçün nəzərdə tutulduğunu iddia edib. O, birinci mövsümün böyük hissəsinin tamamlandığını və baş verənlərin sadəcə anlaşılmazlıq olduğunu deyib. “Netflix” isə ikinci mövsüm üçün heç vaxt sifariş verilmədiyini, hətta birinci mövsümə dair belə təhvil verilmiş hazır məhsul olmadığını bildirib. Bu açıqlamadan sonra münsiflər heyəti Rinsin arqumentlərini inandırıcı saymayıb.
Mart ayında dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə saxlanılan Rinş 100 min dollar girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Lakin hökmün elan olunması ilə həbs cəzası qaçılmaz görünür. Yekun cəza hələ açıqlanmasa da, qanunvericiliyə əsasən rejissoru 90 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məhkəmənin hakim Ced Rakoff nəzəri maksimumdan xeyli aşağı cəza təyin edə bilər. Rinsin aprel ayında həbsxanaya göndərilməsi gözlənilir.
Cavid, BakuPost