Ru
14:14 / 08 Dekabr 2025

"Niyə əxlaq polisi yoxdur?" - Şeyx Suadı məhkəməyə verənləri qınadı

"Niyə əxlaq polisi yoxdur?" - Şeyx Suadı məhkəməyə verənləri qınadı
Eye

"Bu məsələ ilə bağlı məhkəməyə müraciət olunması gülməli bir əhvalatdır. Çünki Suadı yaradan səbəblər kənarda qalıb. Səhərdən axşama kimi sənin toylarında, televiziyalarında ərindən boşananlar, ağsaqqal və ağbirçəkləri küçədən toplayıb əxlaqsız-əxlaqsız verilişlər edənlər nə olacaq ?? Suad da onların bir yetirməsidir də. Bu əxlaqsızlığa, kütləvi sürətdə baş alıb gedən özbaşınalığa, eybəcər və həqarətli televiziya verilişlərinə rəvac verənlər, millətin mənəvi dəyərlərini pis günə qoyanlar niyə indiyə kimi mühakimə olunmurlar?"

Bunu Bakupost.az -a kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli "Məshəti" filminə görə bir qrup ziyalı və mədəniyyət nümayəndələrinin Suad Qarayevanı məhkəməyə verməsinə münasibət bildirərkən deyib.

Xalq artisti qeyd edib ki, niyə əndamı hesabına efiri dolduranlar, səs və musiqi əvəzinə “üç badam, bir qoz” oxuyub toylara 10-15 min manata gedənlər kənarda qalmalıdır:

"Bunların hamısı mənəvi aşınmalara səbəb olanlardır.. Bu gün görünən tərəfsə Suaddır. Suad da bu cəmiyyətin, bu millətin yetirməsidir, övladıdır. Əgər sənin Dubaya gedən bir xanımın fəxr edirsə ki, 50 qadının içindən ərəb şeyxi məni seçdi və efirə çıxıb bunu açıq deyirsə, tək Suadı tutmaqla nə dəyişir? Hər bir xəstəliyin diaqnozu qoyulmalı, səbəbi bəlli olmalıdır ki, müalicə edilsin və bu məsələlər birdəfəlik yığışdırılsın. İctimai qınaq, xalq nəzarəti olmalıdır.

Əgər Ramiz Mehdiyev kimi dövlətə xəyanətdə ittiham olunan bir adam evində rahat şəkildə istirahət edirsə, qulluqçusu, sürücüsü, bazara gedəni öz yerində, özü də müsahibə verib deyirsə ki, "məni məcbur etməyin danışım, danışsam, Milli Məclis boş qalar", demək Milli Məclisi yönləndirib deputatlara bayağı qayda-qanunları qəbul etdirən həmin Ramiz Mehdiyevin təxribatçı ideologiyasıdır. Nəticədə balaca-balaca Suadlar yetişir.


İctimai qınaq olmalıdır. İndi Suad deyəcək ki, mən rejissorsam, azad yaradıcıyam, dünyanın hər yerində belədir, belə görmüşəm, xoşunuza gəlmirsə, baxmayın. Ona görə də Suadları yetişdirən səbəblər müalicə olunmalıdır. Milləti bu qədər aşağılamazlar, bu qədər inamsız yanaşmazlar. Millətin səsini eşitməmək böyük cinayətdir. O məhkəməyə müraciət edən dostlar kimlərdirsə, indiyə kimi hara baxırdılar? İllərdir deyirik, danışırıq... Suadları yetişdirən sosial problemlər niyə həll olunmur? Parlament hara baxır? Niyə əxlaq, mənəviyyat polisi yoxdur? Niyə Milli Məclisin qəbul etdiyi qərarlarda milli-mənəvi dəyərlərə qarşı amansız cəzalar yoxdur? Elə bilirlər, Suadı tutdular, məsələ bitdi. Əvvəla, Suadı nə adla tutacaqlar? Deyəcək, mən sənətkaram, belə görürəm. Qadağane dəcəklər, çıxıb gedəcək işinin dalınca. Bəs sonrakı Suadları necə yoluna qoyacağıq? Bəs eybəcər toylar, eybəcər TV verilişləri necə düzələcək?

O qız cavan rejissordur, təsir altına düşüb. Bu adam heç bilmir ki, Məshəti kimdir. Həmin qadına da Məshəti adı qoymağa ehtiyac yox idi. Məshəti xanım Azərbaycanın tarixi, milli-mənəvi dəyəridir. Nizami Gəncəvinin “Sultan Səncər” əsərinin qəhrəmanıdır. Təsəvvür edin, hökmdar heç bir dövlət toplantısını Məshəti xanımsız keçirmirdi, onun məsləhətlərinə qulaq asırdılar. Suadı çaşdıran isə Məshəti xanımın 3-4 şeiridir. Onlar başa düşmürlər ki, poeziyanın öz qanunları var. Rübai janrı eşq-məhəbbət mövzuları, gül, çiçək, bülbül, gözəlin siması üçündür. Bu janr dodaqları qızılgülə, yanağı almaya, hörükləri günəşə bənzədir. Suad xanım poeziyanı və ədəbiyyatı pis bildiyinə görə onu çaşdıran tərəflər olub. Dünya poeziyasının bir nömrəli janrı rübai janrıdır. Onu yaradan Ömər Xəyyam deyil, azərbaycanlı Qətran Təbrizidir".

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar