Ru
19:58 / 04 Fevral 2026

Ölkə sürətlə Qabilləşir: Hardan hara gəldik...

Ölkə sürətlə Qabilləşir: Hardan hara gəldik...
Eye

Son bir neçə gündə sosial şəbəkə üzərindən növbəti savaşın bütün etik sərhədləri bir daha aşmasını müşahidə etdik və savaş tərəflərinin ictimai-siyasi şəxslər, tanınmışlar, media nümayəndələri – həm də sıradan yox, titullu – olması ciddi narahatlığa tam əsas verir: bu nə “özünüifadə” formasıdır? Bu şəxslərin mahiyyəti budur, sadəcə, uzun müddətdir maskalanıb, fikir-söz-düşüncə elitasının içində gizləniblər, yoxsa, son illərin çirkabı üstlərinə sıçrayıb?

Cəmiyyətdə tabular, qadağalar var, toplum min illərlə ictimai davranış qaydalarını formalaşdırıb və bu, təsadüfi deyil. Daha aydın izah edək: elmi-psixoloji nəzəriyyələrə görə, hər bir insanın içində həm fizioloji (kişinin içində “xanımlıq” və yaxud tərsinə), həm də əxlaqi (mərdlik-namərdlik, kişilik-nakişilik və s.) əksliklər təxminən eyni faiz nisbətindədir. Məsələ bu əxlaqi və fiziki keyfiyyətlərin hansının “yuxuya” verilməsi, hansının qabarması, inkişaf etməsi və xarakterdə möhkəmlənməsindən gedir ki, bunun da yarısı genetikadan, yarısı isə mühitdən asılıdır. Hətta Həzrət Əlinin “uşaqlar ata-anasından daha çox zəmanəsinə oxşayır” deyimi şəxsin yetişdiyi mühitin hələ yüzillər öncədən necə mühüm əhəmiyyət daşıdığına inanıldığını üzə çıxarır.

Ona görə cəmiyyətin yazılan-yazılmayan qanunları var: övladlarımız üçün, onların normal yetişməsi, inkişafı, xalqın gələcəyi üçün... Xalqın dəyərləri, ənənələri həm də genefond naminə qorunmalıdır.

Söyüş, təhqir – əxlaqi dəyərlərin dağılmasıdır və bu, cəmiyyətin sütununu məhv edir: bu, qeyrəti-namusu ortadan qaldırır – hər söyüşə görə adam öldürmək olmaz ki! Və söyüş çoxaldıqca, söyüşün toplumun şüuruna yeritdiyi “əxlaqsızlığa dözüm” getdikcə kütləviləşir və adiləşir. Bu, əxlaqsızlığın şəhadətnamə alması deməkdir; bu, cəmiyyətdəki kişiliyin (burdakı “kişilik” cins anlamında deyil) deqradasiyası, xədimləşməsi, sıradan çıxmasıdır və bu proses fiziki olaraq kişilərin qaş almasını, kosmetikadan istifadəsini legitimləşdirir, sanki elə belə də olmalıdır.

Bunu dərk etməyən və “ziyalı”, “cəmiyyətin qaymağı” statusunda olduğu düşünülən bəzilərinin özünü lotu kimi aparması, qoçuluq etməsi, “söyüşlə hamını susduraram” düşüncəsi, “bir deyənə onqat artığını söyərəm” məntiqi, hazırda dəbə minən sözlə desək, “trendə” çevrilib.

Məntiq budur və söyənin onqat, şantaj edənin əlliqat “payını” verdikləri üçün özlərini qəhrəman gözündə görürlər, bu cür də təbliğat aparırlar. Nəticədə sanki “kim daha aşağı səviyyədən danışa bilər” yarışı gedir, bəhsə girib, səviyyəsizliyin dibinə düşməkdə davam edirlər və bu səviyyəsizliyin dibi təəssüf ki, yoxdur – düşdükcə düşürlər; batdıqlarının, məhv olduqlarının fərqində belə deyillər və yalnız özləri batmır, cəmiyyəti, dəyərləri, əxlaqı, ənənəni də özləri ilə birgə bataqlığa dartırlar...

İlk dəfə “xaricdəki blogerlər” bu istiqamətdə “uğurlar” əldə edəndə necə bir təhlükə ilə üz-üzə olduğumuz haqda həyəcan təbili çalmışdıq. Təbii olaraq bu “hücumu” adət-ənənəmizə, cəmiyyətimizə, xalqımıza, dəyərlərimizə, şərəfimizə, gələcəyimizə qarşı düşünülmüş və biriləri tərəfindən qəsd şəklində maliyyələşdirilən diversiya hücumu hesab edirdik.

Xaricdən “göndərilən” bu eybəcərliyin “idxalı” və pasportlaşması üçün xeyli işlər görüldü: Əli Həsənovun aylıq maaşına oturan “üzdəolanlar” gizli niklərlə “söyüş cavablandırıcıları” funksiyasını yerinə yetirdilər və illərlə bu cür də püxtələşdilər. Yəni çox istedadlı adamlar söyüşə “oturduldu”. Əli Həsənovun gedişindən sonra isə bu şəxslər “söyüş səngərindən” çıxdı, “silahı” təhvil verməyə yer yox idi deyə, o “silah”la da cəmiyyətə döndülər və o silahı - söyüşlə yoğrulmuş, söyüşə öyrəşmiş, əxlaqsızlaşdırılmış ritorikalarını - cəmiyyətə istiqamətləndirdilər, bu dəfə öz həqiqi “nik”ləri ilə.

Bir vaxtlar qələmi, sözü, ədaləti ilə hörmət qazanmış şəxslər harda, necə aşındısa, lotulaşdılar, qoçulaşdılar – təbii ki, söyüş sahəsində: sevmədiklərini ağır sözlərlə söymək adi işə, peşəyə çevrildi. İş o yerə gəlib çatdı ki, məsələn, Akif Nağı bir aparıcını fikirlərinə görə tənqid etmək əvəzinə, söyüş söyməyi adi sayır və efirdəki davranışından isə bu sözlərin ona ünvanlanmasından narahatlıq belə keçirmədiyi görünür. Adam üçün söyüş görün, necə adiləşib, adiləşdirilib!

“Qabilə öz dilində”, “Orduxana öz düşüncəsində”, “Mehmana öz ağzı ilə” cavab vermək sadəcə və sadəcə, səviyyəsizliyin uçurumuna yuvarlanan zavallının uğursuz “alibi” çırpıntısıdır: bu, qabilləşmədir, orduxanlaşmadır, mehmanlaşmadır və ən dəhşətlisi, əxlaqa, dəyərlərə xaricdən hücumun uğurudur; bu, əxlaqi dəyərlərimizin özünüqoruma sisteminin içinə yeridilən virusdur və bu virus qoruyucu təbəqəni məhv edir, hücumların nüvəyə çatmasına şərait yaradır.

“Elə bilirlər ki, biz abrımıza qısılıb, bu söyüşlərə cavab verməyəcəyik, xeyr, elə şey yoxdur” deyib, daha ağır ifadələr işlədən şəxs unudur ki, bu sözlərlə sığına biləcəyi abrı, həyasının olmadığını nümayiş etdirir: unudur ki, bu ifadələrlə mahiyyətcə qarşı tərəfdən qətiyyən fərqlənməyən canlıdır və hətta daha aşağıdır; çünki “qarşı tərəf” heç olmasa maskalanmır!

Abrı, həyası olmayan və ictimai qalmaqal zamanı abrına-həyasına sığınmayandan hər şey gözləmək olar!

Bu dəhşətli deqradasiyadan necə qorunaq?

Mənim edəcəyim budur: Biz xalqın dəyərlərini bölüşdüyümüz üçün birgəyik, əgər “Qabilin dəyərini” bölüşürsənsə, artıq düşərgən və səngərin bəllidir – biz bir yerdə ola bilmərik!

Cəmiyyətin edəcəyi budur: tam inanıram ki, bu çalxalanma ilə “yağı yağ, ayranı da ayranlıq” edəcək, bu şəxsləri göməcək!

O ki qaldı qabilləşənlərin himayə olunmasına, ona da “aidi şəxslər” qərar verməlidir: Sizə kim lazımdır, potensial mehmanlarmı?

P.S. Bu, narahatlıqdır, dəyərlərimizin məhv edilməsinə qarşı növbəti üsyandır və xəbərdarlıqdır - ümid edirəm ki, ünvanlı şəkildə “davam” yazmağa ehtiyac olmayacaq!

Anar Niftəliyev

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar