Etibar Əliyev, fəlsəfə doktoru
Tez-tez soruşurlar, tez-tez müzakirələr açırıq: bizim alimlərdən kimsə Nobel mükafatı ala biləcəkmi? Nobel mükafatları ilə bağlı kitab yazdığımdan və ara-sıra bu barədə məqalə və çıxışlarla mətbuatda göründüyümdən, məndən daha çox soruşurlar bunu.
Özüm də bəzən sual verirəm: bizdən kim ala bilər Nobeli? Bəzən də özümü qınayıram: bu sualı artıq bir-birimizə verməməliyik. Çünki Nobel mükafatını əhatə edən elm sahələrindən edilən kəşflər haqqında məlumatlara baxıb mükafatın adını çəkməyi tərgitməliyik. Düzdür, son vaxtlar türk aliminin parlaq uğuru bizi də ümidləndirə bilər. Axı türk əsilli alim Əziz Sancar “DNT-nin bərpası metodlarının öyrənilməsi sahəsində tədqiqatlara görə” britaniyalı Tomas Lindal və amerikalı Pol Modriçlə 2016-cı ildə kimya sahəsində Nobelə layiq görüldülər. Amma molekulyar biologiya sahəsində böyük alim, iki dəfə Nobelə namizədliyi verilmiş türk əsilli Oqtay Sinanoğlu bu mükafata layiq görülmədi. ABŞ-ın tanınmış universitetlərində professor kimi çalışan bu nəhəng alim daha nə qədər çalışmalı idi ki, mükafata layiq görülsün?! Görürsünüzmü, çox çətindir. İşin başqa bir tərəfi də var ki, Sancar da Türkiyədə qalıb çalışsa idi, buna nail ola bilməzdi.
Amma nə qədər bədbin olsaq da, yenə də inamımız sönmür, yenə də Rafiq Əliyevə və Lütfü Zadəyə ümid bəsləyirik. Lütfü Zadə ABŞ da çalışır. Rafiq müəllim isə burada. Adətən böyük alimlər ilk uğurlarını ölkələrində qazanırlar. Fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salam 14 yaşında Pəncab Universitetinə daxil olmuş, sonra isə Kembricdə təhsilini davam etdirmişdir. Digər Nobelçi Əhməd Zevayl isə İsgəndəriyyə Universitetini bitirdikdən sonra ABŞ-a oxumağa getmişdi. Yəni böyük elm mərkəzlərinə bağlanmadan böyük uğurlara imza atmaq çox çətindir.
Bizim Rafiq müəllim də dünyanın müxtəlif universitetlərində mühazirələr oxuyur. Böyük alim Lütfü Zadə də onun barəsində çox yüksək rəylər yazır. Ancaq Rafiq müəllim vətəndən kənarda yaşaya bilmir. Mənə görə, bu, Rafiq müəllim kimi istedadlı alimi davamlı tədqiqatlardan kənarda saxlayır, amma ən dəhşətlisi odur ki, onu bütün varlığı ilə bağlı olduğu Neft Akademiyasından da kənarlaşdırdılar.
Cəmiyyətin buna təpkisi olmadı. Görünür ki, böyük alimin kim olduğunu hələ də dərk etmirik. Cəmiyyətin böyük kəsimi alim xarizmasından bixəbərdir. Ölkəmizə gələn böyük alimlərə diqqətlə qulaq asır və biliyinin arsenalına təəccüblənirik. Minlərlə alimin arasından seçilən, xaricilərin həvəslə dinlədiyi Rafiq müəllimi isə yaxşı tanımırıq. Dəhşətə baxın, Berklidə mühazirə oxuyan bir alimi AZİ-dən işdən çıxarırlar. Və biz bu acı reallıq içində Nobel mükafatı da gözləyirik.
Hansısa böyük alimin fikridir; “Elm ağlın parlaq naxışıdır”. Elm insanın həyat tərzini və düşüncəsini dəyişə bilmək qüdrətinə malikdir. Elm əxlaq və metafizik dəyərlərdən təşkil olunmuş özüldən ibarətdir. Metafizik dəyərlərə isə gözəllik, həqiqət, düzgünlük, xeyirxahlıq daxildir. Elmin gözəlliyi onun qanunları və formullarının naxışlarında özünü göstərir. Rafiq Əliyevin qeyr-səlis məntiq sahəsində işləri onun ağlının naxışlarıdır.
Əsrimizin nəhəng alimlərindən biri sayılan Karl Mayntser inandırıcı surətdə sübut edir ki, indiyə qədər elmin bəzi sahələrində dominantlıq edən xətti təfəkkür müasir şəraitdə təhlükəlidir. “Bizim yanaşma nəzərdə tutur ki, fiziki, sosial, mental reallıq qeyri-xətti və mürəkkəbdir. Xətti təfəkkür isə düzgün diaqnozun qoyulmasında uğursuzluğa düçar ola bilər”.
Artıq biz də xətti təfəkkürdən yaxa qurtarmalıyıq. Xətti təfəkkürün gətirdiyi bəlalar bunlardır:
- Elm siyasiləşib;