Azərbaycan kinosu bu gün təkcə böyük bir aktyorunu yox, bütöv bir məktəbi itirdi. Rasim Balayevin vəfatı ilə kinomuzda doldurulması mümkün olmayan boşluq yarandı. Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən korifey sənətkarın cənazəsi bu gün səhər Bakıya gətirilib və Akademik Milli Dram Teatrında onunla vida mərasimi keçirilib. Rasim Balayevin sənət yolu ilə bağlı isə illər sonra belə müzakirə olunan maraqlı bir fakt var-vaxtilə onun istedadına şübhə ilə yanaşılıb.
Tanınmış kinoşünas Aydın Kazımzadə
Bakupost.az-a açıqlamasında bildirir ki, gənc Rasim Balayev ilk baxışda hər kəsə böyük aktyor təsiri bağışlamayıb:
“Rasim Balayev mənim yaddaşımda korifey sənətkar kimi qalıb. Amma bu zirvəyə gəlmək asan olmayıb”.
Onun sözlərinə görə, həmin dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov çox dəqiq və sərraf adam kimi tanınsa da, bu dəfə yanılıb:
“Adil İsgəndərov sərraf, dəqiq adam idi. Amma Rasimə baxıb səhv eləmişdi”.
Kinoşünasın sözlərinə görə, İsgəndərov gənc aktyora şans versə də, onun gələcəyinə inanmırdı və bunu açıq şəkildə deyirdi:
“Demişdi ki, Rasim, inanmıram sən aktyor kimi nəsə edə biləsən. Amma səni işə götürürəm. Bir il ərzində özünü doğrultmasan, gedib Ağsuda klub müdiri olarsan”.
Bu sözlər əslində Rasim Balayev üçün bir sınaq idi. Onun taleyini isə təkcə istedadı yox, həm də doğru zamanda qarşısına çıxan imkan dəyişdi.
Aydın Kazımzadə həmin dövrü xatırlayaraq deyir ki, aktyorla yaxın münasibətləri olub və ona daim bir cümlə deyib:
“Rasimlə dost idik. Ona deyirdim ki, filmə çəkiləndə öz gücünü göstər”.
Həmin güc isə “Nəsimi” filmi ilə üzə çıxdı. Kinoşünasın sözlərinə görə, bu rol Rasim Balayevin həyatını birdəfəlik dəyişdi:
“Onun bəxti gətirdi, ‘Nəsimi’yə çəkildi. Elə həmin obrazla bütün söz-söhbət qıraqda qaldı”.
Bu uğurun qazanılmasında rejissor Həsən Seyidbəyli, yazıçı İsa Muğanna və digər sənət adamlarının dəstəyi də mühüm rol oynadı:
“Həsən Seyidbəyli bir tərəfdən, İsa Muğanna o biri tərəfdən kömək edirdi. Əli Fəhmi ona şeiri demək üslubunu öyrətmişdi”.
“Nəsimi”dən sonra isə artıq heç kim Rasim Balayevin istedadını müzakirə etmirdi — o, qəbul olunmuşdu.
“Rasim artıq qəhrəman obrazlarının mahir ifadəçisi kimi yadda qaldı. “Babəkdə, “Dədə Qorqud”da özünü tam doğrultdu”, – deyə kinoşünas vurğulayır.
Onun sözlərinə görə, Rasim Balayev Azərbaycan kinosunda özünəməxsus dəst-xətt yaradan nadir aktyorlardan biri idi:
“Rasim Balayev heç kimə bənzəmirdi. Rasim elə Rasim Balayevə bənzəyirdi”.
Kinoşünas hesab edir ki, onu hansısa xarici aktyorla müqayisə etmək doğru deyil:
“Rasim Balayev heç bir xarici aktyordan geri qalmırdı. Başqa ölkədə olsaydı, eyni səviyyədə uğur qazanardı”.
Aydın Kazımzadə aktyorun beynəlxalq təcrübəsini də xatırladaraq onun SSRİ məkanında və Avropada layihələrdə iştirak etdiyini və uğur qazandığını bildirib.
O, həmçinin şəxsi xatirələrinə əsaslanaraq Rasim Balayevin aktyor kimi çoxşaxəli olduğunu qeyd edib:
“Rasim istər “Hüseyn Cavid”, istər “Babək”, istərsə də “Nəsimi” obrazlarında eyni gücü, amma fərqli çalarları göstərə bilirdi”.
Kinoşünas əlavə edir ki, aktyor paralel olaraq müxtəlif filmlərdə çəkilir və hər dəfə yeni bir obraz yarada bilirdi.
Rasim Balayev təkcə böyük aktyor deyil, həm də həyatsevər insan kimi yadda qalıb:
“Yeyib-içən idi, kefindən qalmırdı. Deyib-gülən, cəmiyyət içində olan insan idi”.
Cavid, BakuPost