Ru
18:44 / 04 İyul 2026

Onlayn nifrət nitqi etnik harmoniyanı təhdid edir!

Onlayn nifrət nitqi etnik harmoniyanı təhdid edir!
Eye

Müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət vasitəsi deyil, həm də ictimai rəyin formalaşdığı, sosial münasibətlərin istiqamətləndirildiyi mühüm platformalara çevrilib. Bu platformalarda səsləndirilən fikirlər, yazılan statuslar və yayılan videolar bəzən təkcə fərdi mövqe kimi qalmır, bütöv cəmiyyətə təsir göstərən ictimai hadisəyə çevrilir. Xüsusilə etnik, dini və mədəni müxtəliflik mövzularında məsuliyyətsiz çıxışlar sabit etnomühitə ciddi zərbə vurur. Son günlər sosial şəbəkələrdə bəzi icmalarla bağlı səsləndirilən fikirlər və bunun ətrafında yaranan müzakirələr də bu baxımdan diqqət çəkir.

Özünü psixoloq kimi təqdim edən bir şəxsin (Şəfəq Qədirli, talış icmasına yönəlmiş “talışların başı 12-yə qədər bir, 12-dən sonra başqa cür işləyir” ifadəsi) Azərbaycanda yaşayan konkret bir icma haqqında alçaldıcı və ümumiləşdirici ifadələr işlətməsi cəmiyyətdə ciddi rezonans doğurdu. Sosial şəbəkədə səsləndirilən həmin ifadələr yalnız etik çərçivəni aşmırdı, eyni zamanda etnik mənsubiyyət üzərindən ayrı-seçkiliyin və nifrət nitqinin nümunəsi kimi qiymətləndirildi. Daha təhlükəlisi isə həmin çıxışın bəzi istifadəçilər tərəfindən dəstəklənməsi və nifrət ritorikasının daha da dərinləşdirilməsi idi. Əlbəttə söhbət hansısa ciddi siyasi dəstəkdən getmir, zarafat, mövzunun gülüş hədəfinə çevrilməsi tendensiyası müşahidə olundu.

Başqa bir ölkədə oxşar hadisə ilə fikrimizi davam etdirək: Bu günlərdə (iyun, 2026) qardaş Türkiyədə kürdlərlə bağlı baş verən bir hadisə bu toplumun yaşadığı digər ölkələrdə də ciddi tənqid olundu. Belə ki, Türkiyənin tanınmış iş adamı, Rahmi Koç İzmirdə xəstəxana açılışı zamanı kürd qadınlarla bağlı danışdığı lətifəyə görə sərt tənqid olundu. Hadisə iyunun 5-də İzmir Amerika Xəstəxanasının açılış mərasimində baş verdi. Rahmi Koç çıxışı zamanı belə bir lətifə səsləndirdi: “Həkim kürd qadına pərdənin arxasına keçib soyunmasını deyir. Qadın isə cavab verir ki, “doktor bəy, əvvəl siz soyunun”. Lətifənin danışıldığı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra geniş ictimai rezonans doğurdu. Müxtəlif siyasi partiyalar, qadın təşkilatları və ictimai fəallar bu ifadələri kürdlərə və qadınlara qarşı ayrı-seçkilik və təhqir kimi qiymətləndirdilər. Bunun ardınca İzmir prokurorluğu Rahmi Koç barəsində araşdırmaya başladı. Məsələ ilə bağlı açıqlama verən Rahmi Koç sözlərinin hər hansı etnik kimliyi hədəf almaq məqsədi daşımadığını bildirərək üzr istədi.

Heç kimə sirr deyil ki, Azərbaycan uzun illərdir multikulturalizm modelini təşviq edən ölkə kimi tanınır. Tarix boyu müxtəlif xalqların, etnik və dini qrupların birgə yaşadığı bu coğrafiyada tolerantlıq yalnız siyasi şüar deyil, sosial həyatın bir hissəsi olub. Talışlar, ləzgilər, avarlar, saxurlar, udinlər, ruslar, yəhudilər və digər icmalar Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Bu müxtəliflik ölkənin zəif tərəfi deyil, əksinə onun sosial və mədəni gücünü formalaşdıran əsas elementlərdən biridir. Bu barədə Azərbaycana rəhbərlik edən liderlər də dəfələrlə açıqlamalar veriblər, qanunlar kifayət qədər bu subyektlərə yeni imkanlar açır. Belə bir mühitdə hər hansı etnik qrupa qarşı aşağılayıcı fikirlər səsləndirmək yalnız həmin icmaya deyil, bütövlükdə ölkənin multikultural dəyərlərinə yönəlmiş təhdid kimi qəbul olunmalıdır.

Sosial şəbəkələrdə nifrət nitqinin təhlükəsi həm də ondadır ki, bu tip çıxışlar çox sürətlə yayılır və emosional reaksiyalar doğurur. Bir neçə dəqiqə ərzində minlərlə insanın izlədiyi bir paylaşım cəmiyyətdə qarşıdurma atmosferi yarada bilir. Xüsusilə etnik məsələlərdə məsuliyyətsiz ritorika insanlar arasında qarşılıqlı etimadı zəiflədir, sosial məsafəni artırır və fərqliliklərin zənginlik deyil, problem kimi qəbul edilməsinə yol açır.

Bu baxımdan etnik kimliklə separatizmi eyniləşdirmək də ciddi səhvdir. Hər hansı şəxsin siyasi baxışına və ya qanunsuz fəaliyyətinə görə məsuliyyət daşıması bütün bir xalqın hədəfə alınması anlamına gəlmir. Bu sərhədin pozulması cəmiyyətdə nifrət və qarşıdurma yaradır.

Digər mühüm məsələ hüquqi yanaşmadır. Azərbaycan qanunvericiliyi milli, irqi və dini zəmində ayrı-seçkiliyi və nifrət çağırışlarını qadağan edir. İctimai platformalarda səsləndirilən ifadələr də bu baxımdan hüquqi məsuliyyət yarada bilər. Lakin hüquqi mexanizmlərlə yanaşı, ictimai maarifləndirmə də vacibdir. Çünki nifrət nitqinin qarşısını yalnız cəza ilə almaq mümkün deyil. İnsanlar başa düşməlidirlər ki, sosial şəbəkədə yazılan bir cümlə belə yüzlərlə, minlərlə insana təsir edə bilər və bəzən real həyatda qarşıdurmalara yol açar.

İctimai reaksiya məsələsi də burada xüsusi əhəmiyyət daşıyır. Ayrı-seçkilik və nifrət nitqinə qarşı tənqid və qınaq multikultural dəyərlərin qorunması üçün vacib mexanizmdir. Lakin bu reaksiyalar emosional linç kampaniyasına çevriləndə problemin həllinə deyil, yeni qarşıdurmaların yaranmasına xidmət edir. Daha düzgün yanaşma dialoq, maarifləndirmə və etik standartların təşviqi üzərində qurulmalıdır. İnsanları bir-birinə qarşı qoymaq deyil, fərqliliklərə hörmət mədəniyyətini gücləndirmək əsas məqsəd olmalıdır.

Bu kontekstdə xarici ölkələrin təcrübəsi də maraqlıdır. Məsələn, İsveçrə müxtəlif dillərin və xalqların birgə yaşadığı dövlət modelidir. Alman, fransız, italyan və roman xalqlarının yaşadığı bu ölkədə sosial harmoniya qarşılıqlı hörmət və hüquqi bərabərlik üzərində qurulub. Azərbaycanda da tarixən mövcud olan tolerantlıq ənənəsi müasir dövrdə daha da gücləndirilə bilər. Bunun üçün həm dövlət institutları, həm media, həm də sosial şəbəkə istifadəçiləri məsuliyyətli davranmalıdırlar.

Əslində nifrət nitqinin əsas təhlükəsi cəmiyyətdə “biz və onlar” bölgüsü yaratmasıdır. Bu isə sosial birliyi zəiflədir və manipulyasiya üçün münbit zəmin yaradır. Halbuki Azərbaycan cəmiyyətinin gücü məhz müxtəlifliyin birliyindədir. Talış da, türk də, ləzgi də, avar da bu dövlətin bərabərhüquqlu vətəndaşıdır. Azərbaycan hər bir vətəndaşın dövlətidir və bu anlayış cəmiyyətin əsas birləşdirici dəyərinə çevrilməlidir.

Son hadisələr bir daha göstərdi ki, sosial şəbəkələrdə istifadə olunan dil artıq şəxsi sərhədləri aşaraq ictimai təhlükəsizlik məsələsinə çevrilib. Multikultural cəmiyyətlərdə isə bu məsuliyyət daha böyükdür. Etnik və dini fərqliliklər qarşıdurma vasitəsi deyil, ortaq milli kimliyin zənginliyidir. Bu səbəbdən həm fərdi, həm peşəkar, həm də institusional səviyyədə daha həssas və məsuliyyətli yanaşmaya ehtiyac var. Azərbaycan cəmiyyətinin gələcəyi də məhz qarşılıqlı hörmət, tolerantlıq və birlik dəyərlərinin qorunmasından keçir.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Zəhra Rahibqızı

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar