Ermənistanın Baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla birlikdə Tavuş rayonunun Kirants kəndində Azərbaycanla sərhədin demarkasiya olunmuş hissəsinə baş çəkib.
Bakupost.az xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində video paylaşaraq yazıb.
Baş nazir qeyd edib ki, səfərin məqsədi Ermənistan hökumətinin rəhbər tutduğu ölkənin təhlükəsizliyinin təmin edilməsi konsepsiyasını nümayiş etdirməkdir.
"Təhlükəsizliyin bir nömrəli ideyası ordudursa, ikincisi ordudursa, üçüncüsü ordudur, dördüncüsü ordudursa, o zaman təhlükəsizlik mövcud deyil və biz əmin olmalıyıq ki, təhlükəsizliyi təmin etmək üçün alətlər müxtəlif olsun. Bu divar bizim təhlükəsizliyi təmin etmək üçün alətimizdir", - Paşinyan demarkasiyadan sonra Kirants qəsəbəsində tikilən divara toxunaraq qeyd edib.
Baş nazir təhlükəsizliyin təmin edilməsində legitimliyin də mühüm şərt olduğunu vurğulayıb.
"2022-ci ildə biz Ermənistanın ərazi bütövlüyünü ilk dəfə özümüz tanıdıq. Demarkasiya prosesi gedəndə çoxları Kirants kəndinin boşalacağını, Kirants məktəbinin sərhəddən cəmi 50 metr aralıda olduğunu deyirdilər, uşaqların təhlükəsizliyini təmin etmək mümkün olmayacağını deyirdilər. Onlar artıq bir ildir ki, məktəbdə dərs keçirlər. Kirantsda heç bir insident qeydə alınmayıb”, - baş nazir bildirib.
Nikol Paşinyan həmçinin elan edib ki, bu ərazidə xidmət edən Ermənistan və Azərbaycan sərhədçiləri silahlarında güllə olmadan xidməti həyata keçirməyə razılaşıblar.