“BMT Baş Assambleyasının 80-ci sessiyasında və AŞPA-da çıxışı zamanı Paşinyanın ritorikasının dəyişdiyi göründü. O, Zəngəzur dəhlizi məsələsində sərt mövqe sərgilədiyini hər vəchlə sübut etməyə çalışır. Xüsusən Ermənistanın suverenliyi, ölkənin yurisdiksiyasından kənar heç nəyə razılıq verməyəcəyi ilə bağlı ortaya qəti mövqe qoyduğunu nümayiş etdirmək istəyir”.
Bu fikirləri
Bakupost.az -a siyasi şərhçi Zaur İbrahimli Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son davranışlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bütün bunların Paşinyanın Moskva səfərindən sonra baş verməsi ciddi təhlil mövzusudur.
Siyas şərhçi qeyd edib ki, Moskva Zəngəzur dəhlizinin amerikalıların iştirakı ilə açılmasına qəti şəkildə razı deyil:
“Bu sirr deyil və ola bilsin ki, Paşinyana bununla bağlı müəyyən sövdələşmələr təklif olunub. Ya da o, seçkiqabağı özünə qarşı yönələn güzəştə getmə ittihamlarını zəiflətmək istəyir. Mənim fikrimcə, burada hər iki komponent var. Paşinyan bununla Moskvanı rahatlatmağa çalışır və açıq mesaj verir ki, proseslər onun nəzarətindədir. Yəni, Ermənistan burada söz sahibi olaraq qalır, amerikalıların layihədə kommersiya iştirakı var, amma bu, həlledici deyil, Azərbaycan isə prosesin tərəflərindən yalnız biridir. Ölkə ictimaiyyətinə də bəyan etməyə çalışır ki, heç bir halda Ermənistanın suverenliyi məsələsində güzəştdən söhbət gedə bilməz. Paşinyan bu kimi mesajlarla daxili auditoriyanı sakitləşdirməyə və indidən müxalifətin arqumentlərinin qarşısını almağa cəhd göstərir”
Z. İbrahimli vurğulayıb ki, narahatlıq doğuran əsas məqam Paşinyan və digər erməni rəsmilərinin Zəngəzur dəhlizinin açılmasının müddətləri ilə bağlı eyhamlarıdır:
“Onlar Paşinyanın Moskva səfərindən sonra bu eyhamları daha yüksəkdən səsləndirməyə başlayıblar. Görünür, Paşinyan məhz seçkiqabağı şərait,ə eyni zamanda rəsmi Moskvanın sərt mövqeyini nəzərə alaraq əvvəlki mövqeyindən fərqli olaraq, Zəngəzur dəhlizinin açılması məsələsinə daha ehtiyatla yanaşır. Çünki bilir ki, bu məsələ həm Rusiya üçün çox həssasdır, həm də Ermənistan müxalifəti seçkiqabağı kampaniyada bundan var gücü ilə istifadə edəcək. İstisna deyil ki, ölkədaxili rəyi öyrənməklə də Paşinyan müəyyən qənaətlərə gəlib və daha ehtiyatlı mövqe tutmağı məqsədəuyğun variant kimi seçib”.
Z.ibrahimli qeyd edib ki, hələlik Paşinyanın nəqliyyat, kommunikasiya yollarının açılması ilə bağlı mövqeyindən tam geri çəkildiyini söyləmək düzgün olmazdı:
“Həmçinin nəzərə almaq lazımdır ki, Paşinyan yalnız Azərbaycan qarşısında öhdəlik götürməyib. Burada prezident Trampın da fəal iştirakı var. O, şəxsən Zəngəzur dəhlizi layihəsinin iştirakçısıdır. Ermənistan həmçinin ABŞ-ni də prosesə cəlb etməklə rəsmi Vaşinqton qarşısında öhdəliklər götürüb və indiki halda rəsmi İrəvanın tez-tələsik bu öhdəliklərdən imtina etməsi real görünmür. Həmçinin biz Türkiyə faktorunu nəzərə almalıyıq. Türkiyə də prosesə fəal cəlb olunub və faktiki olaraq onun motivasiyası, verdiyi dəstək ilə Zəngəzur dəhlizinin açılması məsələləri artıq yeni mərhələyə keçib. Amerika artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin başlanmasına 145 milyon dollar vəsait ayırıb. Dövlət Departamentinin nümayəndə heyəti bölgəyə səfər edib, hər iki ölkədə olub və mövcud imkanlarla tanış olub. Faktiki olaraq Amerika Zəngəzur dəhlizinin açılmasını xarici siyasət prioritetləri sırasında saxlayır. Belə olan halda Paşinyanın bu öhdəliklərdən yayınması asan olmayacaq.
Düşünürəm ki, bu məsələdə tələsik nəticə çıxarmaq doğru olmaz. Nəzərə almaq lazımdır ki, Ermənistan həssas dönəmə qədəm qoyur. Gələn il parlament seçkiləri keçiriləcək və Paşinyan çox gərgin seçki mübarizəsi aparacaq. Seçki dövründə də bir çox məsələlər fərqli cür yozula bilər. Hesab edirəm ki, ehtiyatla yanaşmaq, diqqətlə təhlil etmək lazımdır. Kənar qüvvələrin vasitəsilə təxribatların olacağı istisna deyil”.
Lalə Novruz, BakuPost