Bakıda müharibə və bombardman təhlükəsi yaranacağı təqdirdə əhalinin sığınması üçün nəzərdə tutulan yeraltı bunkerlərin vəziyyəti qənaətbəxş deyil, onların bir hissəsi isə baxımsız vəziyyətdədir.
Bunu
Bakupost.az-a açıqlamasında hərbi jurnalist İbrahim Rüstəmli paytaxtda müharibə zamanı istifadə olunmalı sığınacaqların mövcud vəziyyətini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, hazırda mövcud olan bunkerlər mümkün döyüş əməliyyatları və bombardman zamanı paytaxt əhalisini tam təmin etmək gücündə deyil:
“Fikrimcə, bu məsələdə daha ciddi addımlar atılmalı, real və produktiv işlər görülməlidir. Mövcud sığınacaqlar praktik istifadə üçün tam hazır vəziyyətə gətirilməlidir”.
İ.Rüstəmli bildirib ki, sığınacaq məsələsində paytaxtda əsas rolu metrostansiyalar oynayır:
“Əslində sığınacaq baxımından ən böyük potensiala məhz metro malikdir. Amma bu da Bakının bütün əhalisini təmin etməyə kifayət etmir. Əlavə bunkerlərin tikilməsi, onların su, elektrik, havalandırma və digər həyati vacib sistemlərlə təmin edilməsi artıq qlobal təhlükəsizlik məsələsinə çevrilib”.
Ekspert bu sahədə mövcud vəziyyətlə bağlı xəbərdarlıq da edib:
“Belə bir vəziyyətin yaranmasını arzulamıram. Amma ehtiyac yaranarsa, ciddi problemlərlə üz-üzə qala bilərik”.
Qeyd edək ki, cənub sərhədlərimizdə hərbi gərginliyin artması Bakıda müharibə zamanı istifadə edilə biləcək sığınacaqların vəziyyətini yenidən gündəmə gətirib. Paytaxtdakı bunkerlərin böyük hissəsi SSRİ dövründən qalma sığınacaqlardır. Bununla yanaşı, şəhərin bir çox yaşayış massivlərinin altında da sığınacaq tipli yeraltı tikililər mövcuddur.
Rüfət Sultan, BakuPost