Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda etdiyi dəyişikliklə sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib. Dəyişikliyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında sabiq baş nazir Pənah Hüseyn bildirib ki, prinsip etibarilə dünyanın bir çox yerlərində, hətta ən inkişaf etmiş demokratik ölkələrdə belə ictimai əxlaqı açıq-aşkar və nümayişkaranə şəkildə pozan hərəkətlərə bu və ya digər qadağalar, məhdudiyyətlər qoyulur:
“Söz və ifadə azadlığını məhdudlaşdırmadan, əgər bu proses standartlara uyğun şəkildə həyata keçirilərsə, prinsip etibarilə bunun əleyhinə deyiləm. Standart və kriteriyaların müəyyənləşdirilməsi zamanı isə beynəlxalq praktikadakı normaların tətbiq edilməsini məqbul hesab edirəm. Qeyd edim ki, hətta belə bir qadağa, qanun və ya qərar tipli mexanizmlər olmadan da bəzi hallarda Azərbaycanda bu cür şəxslərə qarşı inzibati cəzalar tətbiq edilib. Bunların hər birini diqqətdə saxlamaq və ictimai rəy vasitəsilə tənzimləmək lazımdır.Bu baxımdan, prinsip etibarilə ictimai əxlaqı pozan, milli adət-ənənələrə açıq-aşkar və nümayişkaranə şəkildə zidd olan, niyyəti ümumi qəbul olunmuş ictimai dəyərləri zədələməkdən ibarət hərəkətlərə qarşı məqbul formada məhdudlaşdırıcı tədbirlərin görülməsinin tərəfdarıyam”.
Lalə,
BakuPost